Başlıca məqsədimiz və şərəf işimiz

Başlıca məqsədimiz və şərəf işimiz                      2016-2017-ci tədris ili də İsmayıllı təhsili, müəllimləri üçün uğurlu il olub. Müəllimlərimiz eTwinnig layihəsinə qoşularaq böyük uğurlara imza atıblar.
Məktəbimizin müəllimləri də 2018-ci ilin ilk günlərindən özlərini, bilik və bacarıqlarını yeni layihələrdə sınamağa başlayıblar.
Necə deyərlər, dəstədən geridə qalmamaq üçün məktəbin 8-ci sinif şagirdləri ilə bu işə həvəslə qoşulmusam. Hər birinin ayr-ayrılıqda böyük əhəmiyyəti olan iki layihədə iştirak edirik.
Birinci layihəmiz “Unutulan sözlər hayat bulsun” adlanır. İkinci layihəmiz isə “Onların bizə ehtiyacı var” adını daşıyır. Layihələrin təkcə adı mövzulardan hər birinin həyatımızda gərəkliliyindən söz açır.
Birinci layihə Mahmud Kaşğarlının ”Divani-lüğət-it türk” kitabındakı atalar sözlərinə həsr olunub. Bu layihədə dünyanın müxtəlif yerlərindən 35 müəllim və 150 şagird iştirak edir. Hər həftə bir atalar sözü üzərində işləyirik. Şagirdlər şeir, rəsm, hekayə, səhnəcik və digər yaradıcılıq nümunələri hazırlayır, lövhələr yaradırlar.
İkinci layihəmizdə isə fiziki imkanları məhdud olan əlil insanlar, onların problemləri, cəmiyyətə inteqrasiya olunmaları yolları axtarılır. Bu layihəyə özüm rəhbərlik edirəm. Layihənin nəzərdə tutulan istiqamətdə müəyyən işlər görə biləcəyinə tam əminəm Bu layihə həm də onun həyata keçməsində iştirakçı olan şagirdlərimizdə mərhəmət və xeyirxahlıq hisslərinin tərbiyə olunmasında önəmli yer tutur.
Sevindirici haldır ki, şagirdlər hər iki layihəyə dərin maraq göstərirlər. Türkiyəyə getmək, orada yaşıdları olan məktəblilərlə görüşmək, layihə çərçivəsində hazırladıqları əl işlərini sərgidə görmək, seçilmiş nümunələrinin kitabda yer alacağı fikirləri onlarda xüsusi coşqu, ruh yüksəkliyi yaradır.
Başlıca məqsədimiz və şərəf işimiz                      Hazirladığımız materiallar gündəlik layihəyə yüklənir. Hazırlanan işlərdən sərgi yaradılır. Layihənin şərtlərinə görə sonda ən yaxşı işlər kitab halında çap olunacaq. Aprel və iyul aylarnda layihənin tərəfdaş iştirakçıları öncə Azərbaycanda, daha sonra Türkiyədə görüşəcəklər .
Oktyabr ayında Türkiyədə layihələrin final gecəsi keçiriləcək. Onda da bütün iştirakçılar yenidən bir arada toplanacaq və qaliblər mükafatlandırılacaqlar.
İşlərimizin maraqla qarşılandığını, təqdir edildiyinı nəzərə alsaq, mükafatçılar sırasında olacağımızı düşünə bilərik.
Hətta, mükafat almasaq belə, görülən işlərdə əldə etdiyimiz bilik və təcrübə bizim üçün dəyərli qazanc olacaqdır. Bundan əlavə, dünyanın bir çox ölkəsində respublikamızı, rayonumuzu, məktəbimizi, onun işgüzar müəllim və şagirdlərini tanıtmaq başlıca məqsədimiz və şərəf işimizdir.
Tünzalə İsmayılova,
Kürdmaşı kənd tam orta məktəbinin müəllimi

Şərh Yaz