20 Yanvar faciəsinə siyasi və hüquqi qiyməti ümummilli liderimiz Heydər Əliyev verdi

20 Yanvar faciəsinə siyasi və hüquqi qiyməti ümummilli liderimiz Heydər Əliyev verdiAzərbaycan xalqının tarix salnaməsini vərəqlədikcə zaman-zaman qanlı-qadalı, ağrı-acılı günlərlə rastlaşırıq. Nədənsə, taleyimizə ayrılıq, Vətən həsrəti, ” Gülüstan” və “Türkmənçay” ləkəsi, Xocalı soyqırımı yazılmış, dərdlərimizin üstünə Qarabağ boyda dərd yüklənmişdir. Bu faciələrin içərisində 20 Yanvar qətliamı misli görünməmiş terror aktı, Azərbaycan xalqının milli qüruruna qarşı törədilmiş vəhşilik aktı kimi xalqımızın qan yaddaşına, daş yaddaşına çevrilmişdir.
1990-cı ilin o müdhiş qış gecəsində çürümüş, ölməkdə olan sovet imperiyası və onun təpədən-dırnağadək sılahlanmış cinayətkar terrorçunun ”qırmızı” ordusu xalqımıza divan tutdu. Qoca Şərqin qapısı olan Bakı şəhəri viran qoyuldu. İkinci Dünya müharibəsində Bakı neftinin hesabına qələbə qazanmış sovet əsgərinin övladı o gecə babalarımızın ruhuna da hörmətsizlik etdilər. Bakı şəhərinə “Qəhrəman şəhər “adı əvəzinə “Şəhid şəhər” adı verildi. Lakin azadlıq eşqi ilə yaşayan, meydanları lərzəyə salan azəri-türk övladlarının babalarımızdan qalan müstəqillik arzusunu boğa bilmədilər. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır.
Həmin vaxt Moskvada ali dövlət vəzifəsindən bilərəkdən uzaqlaşdırılmış ulu öndər Heydər Əliyev olmasaydı bəlkə də dünya bu faciədən xəbər tuta bilməyəcəkdi. Dərhal səfirliyə gələrək hər cür təhlükəni gözə alan Ulu öndər mətbuat konfransı keçirərək törədilən qətliamı pisləmiş, SSRİ rəhbərliyini kəskin şəkildə ittiham etmişdir. Bu, həmin təzadlı illərdə misli görünməmiş cəsarət nümunəsi idi.
7 mart 1991-ci il tarixində Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında çıxış edən xalq deputatı Heydər Əliyev 20 Yanvar hadisəsini növbəti dəfə çox sərt şəkildə şərh edərək, qatillərin aşkarlanması məsələsini yenidən qaldırıb, 20 Yanvar faciəsinə Ali Sovetin sessiyasının hüquqi–“siyasi qiymət verməli olduğunu vurğulayıb. H.Əliyev tərəfindən verilən kəskin bəyanat artıq Azərbaycan tarixində yeni siyasi dövrün başlanmasını bildirirdi. Heydər Əliyevin növbəti sərt addımı isə SSRİ Nazirlər Sovetinin partiya təşkilatına ünvanladığı 19 iyul 1991-ci il tarixli ərizəsidir. O, kommunist partiyası sıralarından çıxmasına dair bu ərizəsində kommunist rejiminin ölkəni uçuruma apardığını, SSRİ-nin dağılmasının labüdlüyünü açıq bəyan etmişdi.
Heydər Əliyev bu müraciətdə 20 Yanvar hadisəsi ilə bağlı qeydlərində bildirirdi: “Bu antihumanist, konstitusiyaya və hüquqa zidd hərəkəti ittiham edərkən Sovet İttifaqı KP və Azərbaycan KP MK-nın bu cinayətin üstünü açacağına və günahkarları üzə çıxaracağına ümid edirdim. Artıq yarım il keçib. Nəinki bu dəhşətli cinayətlərin hamıya çoxdan məlum olan günahkarları üzə çıxarılmayıb, əksinə bunları ört-basdır etmək üçün əllərindən gələni edirlər. Ümid edirlər ki, bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri on illər keçsə də, unutmaq və bağışlamaq mümkün deyil”. Beləliklə, 1991-ci ilin iyulunda Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi.
20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsi Heydər Əliyevi çox düşündürən məsələlərdən biri idi. Amma 1993-cü ilə qədər faktiki olaraq heç bir tədbir görülməmişdi. 1990-cı il yanvar ayının 22-də çağırılan Azərbaycan Ali Sovetinin fövqəladə sessiyası öz işini yarımçıq qoymuş və sonrakı sessiyalarda bu məsələnin müzakirəsini davam etdirməmişdi. Yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı il qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verdi. ”20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanında deyilirdi: “Xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır.
Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir”.
1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə ümummilli lider bu barədə deyirdi: “…Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər. Heydər Əliyev hər zaman 20 Yanvar faciəsinin mahiyyət etibarı ilə bəşəriyyətə, humanizmə, insanlığa qarşı yönəldilmiş ən qanlı terror aktlarından biri kimi qiymətləndirmişdir. O, bu dəhşətli cinayətin təşkilatçılarının və icraçılarının indiyədək cəzasız qalmasından təəssüfləndiyini ifadə etmişdir.
Artıq o şənbə gecəsindən, o qətl günündən 28 il keçir. Zaman bizi o günlərdən nə qədər uzaqlaşdırsa da yaralarımız sağalmır, ürəyimiz qan ağlayır. Lakin ağladığımız kifayət edər. Axı 20 Yanvar həm də xalqımızın qəhrəmanlıq tarixidir. Məhz 20 Yanvar gecəsindən müstəqil Azərbaycan doğuldu. Bu müstəqil dövlətin memarı və qurucusu isə təbii ki, ulu öndər Heydər Əliyev oldu.
Doğru deyirlər ki, qansız istiqlal, şəhidsiz isə azadlıq ola bilməz. Bugünkü Azərbaycan gəncliyi müstəqil Azərbaycanda yaşamaları ilə fəxr etməlidir. 20 Yanvarda doğulan bu gənclik 2016-cı ilin aprel döyüşlərində bütün dövrlərin “qara bəlasi” olan erməni quldurlarının məğlubedilməzlik mifini darmadağın etdi. Şəhidlərin qanı ilə boyanmış müqəddəs ay-ulduzlu bayrağımız bu gün Lələtəpədə, Cocuqmərcanlıda dalğalanırsa, sabah, Şuşada, Xankəndində, Xocalıda ucalacaq.
Mən buna bütün varlığımla inanıram və üzümü gənclərə tutub deyirəm: Gəlin Azərbaycanın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizi heç vaxt unutmayaq. Doğma Vətənimizi sevək və qoruyaq. Bunun üçün hamılıqla Azərbaycan Respublikasının Prezidenti, çox hörmətli cənab İlham Əliyevin ətrafında sıx birləşək. Böyük şair B.Vahabzadənin sözləri ilə desək:
Düşmən bizə neylər, əgər hər işdə bir olsaq,
Ayrılsaq əgər, qoy qənim olsun bizə torpaq!
20 Yanvar faciəsinə siyasi və hüquqi qiyməti ümummilli liderimiz Heydər Əliyev verdiVüsalə Əliyeva,
şəhər 7 nömrəli tam orta məktəbinin müəllimi

Şərh Yaz