Qalxan yumruğa qarşı yumruq kimi birləşək

Qalxan yumruğa qarşı yumruq kimi birləşək              İnsan insana dost, yoldaş, qardaşdır –“ bir vaxtlar bu cümlə bir məsəl, bir atalar sözü kimi hər kəsin dilində dolaşardı. Və o zamanlar bu qədər çox qan qoxulu xəbərlər eşitməzdik. Təəsüf ki, günümüzdə belə xəbərləri nəinki hər gün, hətta saatbaşı verilən xəbərlərdə də eşidirik. Elə buna görədir ki, son vaxtlar istər dövlət, istərsə də qeyri-dövlət qurumları hər cür zorakılıq əleyhinə çox sayda maarifləndirici tədbirlər keçirirlər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin “Gəncə” Uşaq kitabxanasında keçirdiyi növbəti maarifləndirici tədbirdə də zorakılığa “yox” deyildi. Mərkəzdən bəhrələnən uşaqların valideynlərinin, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin, İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbi şagirdlərinin qatıldığı tədbirdə gender bərabərliyi iddiası ailəni sarsıdır, qızını döyməyən dizini döyər, zorakılıq ailə sirridir, biz belə görmüşük, belə də olmalıdır, qız nədir, oxumaq nədir, qadına azadlıq vermək qorxuludur, karyera quran qadının normal ailəsi ola biməz və s. bu kimi məişət zorakılığına səbəb yaradan hallar iştirakçılarla birgə geniş müzakirə olundu.
Bütün dünyada insanlar gender zorakılığına qarşı mübarizə aparmağa, mövcud olan stereotipləri dəyişməyə, qanunvericiliyi təkmilləşdirməyə və imkanları genişləndirməyə çalışırlar. Qadınlara və qızlara qarşı məişət zorakılığı hallarının çox və ya azlığından asılı olmayaraq, hər bir belə fakta qarşı cəmiyyətin bütün sağlam qüvvələri birləşməlidir. Biz yalnız zorakılığa qarşı hamılıqla ayağa qalxdıqda, dözülməz olana artıq dözmədikdə, qadınlara qalxan yumruqlara qarşı bir yumruq kimi birləşdikdə, bizim analarımız, bacılarımız, qızlarımız düzgün qiymətləndirildikdə və onlar cəmiyyətdə tam şəkildə iştirak edə bildikdə zorakılığa son qoyula bilər, zorakılıq bitə bilər- müzakirələrdə iştirak edənlərin yekdil fikri belə oldu.
“Tıq-tıq xanım” tamaşası əsasında zorakılıqla bağlı hazırlanmış səhnəcik “yüz eşitməkdənsə bir dəfə görmək yaxşıdır” fikrinin nə qədər real olduğunu bir daha göstərdi. Səhnəcik ətrafında müzakirələrdə valideynlər fəallıqları ilə seçildilər.
Müzakirələrdə fəal iştirak edənlərə və səhnəciyi hazırlayıb təqdim edənlərə Mərkəz tərəfindən hədiyyələr təqdim olundu.
Lalə Kəbirova,
Mərkəzin işçisi

Şərh Yaz