Alimi alim tanıyar

Alimi alim tanıyar               Qədim sənətkarlar yurdu, açıq səma altında muzey olan Lahıc qəsəbəsinin özü qədər adlı-sanlı bir məktəbi var. Yaşı 130 ilə yaxın olan və 2 dəfə “İlin ən yaxşı məktəbi” adını almış, görkəmli kimyaçı alim, akademik Soltan Mehdiyev, əruzşünas alim Əkrəm Cəfər, yazıçı Manaf Süleymanov, astronom Nadir İbrahimov kimi görkəmli şəxsiyyətlər yetirmiş və bu gün də ad-sanını, özünəməxsus ənənələrini qoruyan bu məktəbin bir yetirməsi və hazırda orada dil-ədəbiyyat müəllimi kimi çalışan, sadə, işgüzar, qayğıkeş, işini sevərək ondan zövq alan, özünə və şagirdlərinə qarşı tələbkar bir müəllim haqqında danışmaq istərdim bu yazıda.
Bu müəllimi çoxdan tanıyıram, elə tanıdığım gündən onun yüksək intellektual səviyyəsinə, təhsilimizə özünəməxsus münasibətinə, demokratik dünyagörüşlü olmasına, hər bir həmkarına ədalətli yanaşmasına, təvazökarlığına, tükənməz enerjiyə sahib olmasına, müəllim fəaliyyətində fədakarlığına, şagidlərinə qarşı diqqətliliyinə və qayğıkeşliyinə, sözünü və yerini bilməsinə, doğma yurduna bağlılığına, istənilən şəraitdə nikbinliyinə, dostluqda sədaqətinə və ən başlıcası, heç bir uğursuzluqdan sarsılmayan iradəsinə heyran olmuşam.
Əliyev Dadaş Ağaməşədi oğlu 4 sentyabr1962-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. Orta təhsilni Lahıc qəsəbə orta məktəbində alıb. 1979-1984-cü illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyat İnstitutunda rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə oxuyub, 1999-2000-ci ildə Azərbayacan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunda yenidən hazırlanma kursundan keçərək Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnib.
32 illik pedaqoji staja malik olan Dadaş Əliyev əmək fəaliyyətinə rayonun Gəndov kənd səkkizillik məktəbində rus dili müəllimi kimi çalışmaqla başlayıb və sonrakı fəaliyyətini Lahıc qəsəbə tam orta məktəbində davam etdirib. İnstitutu bitirərkən heç ağlına gəlməzdi ki, gənc ikən həyəcan içində kiçik Gəndov kənd səkkizillik məktəbinin sinif otağına girəcək, sonralar daha nüfuzlu məktəblərdə açıq dərslər deyəcək, müəllim fəaliyyətində öz peşəkarlığını, yüksək pedaqoji ustalıq və elmi-metodik hazırlığa malik olduğunu sübut edəcək.
İşlədiyi müddətdə Azərbaycan dili və ədəbiyyatı, rus dili fənlərini şagirdlərə sevdirən və diqqətəlayiq uğurlar əldə edən Dadaş müəllimin şagirdlərindən 2 nəfəri fənn olimpiadalarının respublika turunda II və III yerləri tutmuş, respublika miqyaslı inşa və hekayə müsabiqələrində10 nəfərdən artıq şagirdi qalib olub.
Alimi alim tanıyar               D.Əliyev dərslərini günün tələbləri səviyyəsində qurur, müasir təlim texnologiyalarından istifadə edir və innovasiyaların tətbiqinə çalışır. Onun dərs dediyi şagirdlər qəbul imtahanlarında da dil-ədəbiyyat fənlərindən yüksək nəticələr göstərirlər. Tələbə qəbulu üzrə statistik məlumatlara görə Lahıc qəsəbə tam orta məktəbi rayonun orta məktəbləri arasında Azərbaycan dili fənni üzrə ən yüksək reytinqə malikdir. Onun şagirdləri arasında qəbul imtahanılarında 600-dən artıq bal toplamış onlarla məzun vardır. O, son 14 ildə hər dəfə dərs ilinin yekunlarına görə məktəbdə keçirilən “İlin müəllimi” müsabiqəsinin qalibi olub, 2004-2005-ci dərs ilində isə İsmayıllı rayonu üzrə “İlin müəllimi” seçilib.
Dadaş Əliyev dəfələrlə xarici ölkələrdə yeni təlim texnologiyalarının tətbiqi ilə əlaqədar treyninqlərdə iştirak edib. O, daim öz elmi və metodiki hazırlığını yüksəldərək elmi mətbuatda təlim-tərbiyənin aktual məsələləri ilə əlaqədar məqalələrlə çıxış edir. Təlimdə demokratizmi və şəxsiyyətə hörməti əsas hesab edən Dadaş müəllim bu istiqamətdə maraqlı yazıların müəllifidir. O, 2002-ci ildə pedaqoji mühazirələrdə “Şagirdlərdə sərbəst düşünmə və müstəqil nəticə çıxarma qabiliyyətlərinin inkişaf etdiriməsi” mövzusunda çıxış edib və II yeri tutub.
İsmayıllı rayonu milli-etnik baxımdan Azərbaycanın rəngarəng rayonlarından biridir. Burada yaşayan azsaylı xalqlardan da biri lahıclardır ki, onların da dilləri eramızın IV-V əsrlərində Sasanilər tərəfindən bura köçürülmüş irandilli əhalinin vaxtilə danışdığı dilin zamanla deformasiyaya uğramış formasıdır. Lahıcların dilini və mədəni ənənələrini elmi şəkildə ilk öyrənənlərdən olan Dadaş müəllim çalışır ki, bu məsələlər haqqında mənsub olduğu xalqın –“ lahıcların zamanın hökmü ilə sıradan çıxa biləcək dil materialı və foklor nümunələrini toplayaraq ciddi bir araşdırma işi ərsəyə gətirsin. AMEA-nın Folklor İnstitutunun dissertantı kimi hazırda “İsmayıllı mühitində azsaylı xalqların fokloru” mövzusunda dissertasiya üzrə çalışan Dadaş müəllim həm də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə “Multikulturalizm ili” elan edilmiş 2016-cı ildə İsmayıllı rayonunda yaşayan fərqli etnosların dili, məişəti, adət-ənənələri və folklor nümunələri haqqında yazıları ilə İsmayıllı, Zaqatala Bakı, həmçinin Türkiyə, Litva və Rusiyanın nüfuzlu universitetelərində keçirilən beynəlxalq konfranslarda fəal şəkildə iştirak etmişdir. O, dissertantı olduğu Folklor İnstitutunun dəstəyi ilə İsmayıllı rayonunda yaşayan azsaylı xalqların folklor materialları əsasında 2017-ci ildə çap olunmuş “Azsaylı xalqların folkloru” kitabının müəlliflərindən biridir. Elmi tədqiqatlarında da uğurlu nəticələr əldə etmiş Dadaş müəllim eyni kökdən yaranmış “müəllim” və “alim” sözləri arasında belə bir əlaqə qurub: müəllim alimdən üstündür, çünki bütün müəllimlər alimdir, amma bütün alimlər müəllim ola bilmir”.
Dadaş müəllim həm də 2005-ci ildə yaratdığı “Lahıctur” ictimai birliyinin sədri kimi ictimai həyatda səmərəli iş aparmış, bölgədə turizmin inkişafı ilə əlaqədar bir sıra layihələrə qoşulmuş və nəticə artıq özünü göstərmişdir: Lahca, ümumiyyətlə, İsmayıllıya gələn turistlərin sayı ildən-ilə artır və bu, yerli əhalinin rifah halının yaxşılaşmasına öz təsirini göstərir. O, turizm üzrə bir sıra beynəlxalq seminar və sərgilərdə iştirak etmiş, ictimai əsaslarla Lahıc Turizm İnformasiya Mərkəzinin direktoru vəzifəsində çalışmaqla, rayon və respublika miqyasında turizm sahəsində nüfuzlu mütəxəssislərdən biri kimi tanınır. Təsadüfüi deyil ki, artıq 2 ildir Dadaş müəllim İsmayıllı Dövlət Texnologiya və Humanitar Kollecinində turizmin təşkili ixtisası üzrə dövlət imtahan komissiyasına sədr kimi dəvət olunur.
Dadaş Əliyevin əməyi dövlət tərəfindən həmişə yüksək qiymətləndirilib: 2 dəfə Təhsil Nazirliyinin Fəxri fərmanına, Rayon Təhsil Şöbəsinin qiymətli hədiyyələrinə, 2010-cu ildə isə “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülüb. 2013-2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub və 2015-ci ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilib.
Böyük turk şairi Nazim Hikmətin sözləri ilə desək, səhər işinə, axşam isə evinə tələsən Dadaş müəllim qayğıkeş və nümunəvi ailə başçısıdır. 1 oğlu, 1 qızı və 1 nəvəsi var. Qızı Mehparə atasının yolunu davam etdirir, filoloqdur. Oğlu Ağa Əlizadə isə Türkiyənin Ankara şəhərindəki Qazi Universitetində oxuyub bilgisayar mühəndisi ixtisasına yiyələnib.
Dadaş müəllim haqqında bu məlumatların əksəriyyətini özündən soruşaraq topladım.
Bu xoş sözlərin hər birini eşitmək insanı fərəhləndirir, amma, Dadaş müəllim bir gileyini də gizlətmir: təəssüf ki, müəllim adı hörmətli ad olsa da, müəllimlik sənətinə cəmiyyətdə hələ də lazımi hörmət yoxdur.
Dadaş müəllimin vaxtilə ən böyük arzusu diplomat olmaq olub, amma, atasının qəfil ölümü və ailə qayğıları ilə əlaqədar planlarına düzəliş etməyə məcbur qalıb. O, taleyndən heç vaxt şikayət etmir və məşhur yazıçı Qabriel Markesdən bir misal gətirir: “Mən cavanlıqda düşünürdüm ki, xoşbəxtlik hardasa çox uzaqda, əlçatmaz bir yerdə, uca bir dağ başındadır, sonralar isə gördüm ki, bu heç də həmişə belə olmur və mən xoşbəxtliyimi elə dağın ətəyindəcə tapdım”.
Bu sözlərə əsaslanan Dadaş müəllim deyir ki, həyatda bütün qazandıqlarına görə əvvəlcə Allaha, daha sonra isə Lahıc məktəbinə, Hikmət müəllimin rəhbərlik etdiyi pedaqoji kollektivə, ona dərs demiş, hazırda dünyasını dəyişmiş Nurməmməd və Ələkbər müəllimə və bir də həm ailə həyatında, həm də məktəbdəki işində həmişə onunla yanaşı addımlamış və ona ən yaxın dəstək olmuş həyat yoldaşı Ceyran xanıma borcludur.
Yazı ilə bağlı söhbətimiz zamanı o sözünü belə bitirdi: “Əgər bir daha dünyaya gəlsəydim, yenə də elə müəllim olardım”.
Hacıməmməd Məmmədov

Şərh Yaz