Vətənə məhəbbət, düşmənə nifrət

Vətənə məhəbbət, düşmənə nifrət Humanistliyi üzündən tarix boyu bəlalar görmüş Azərbaycan xalqı ən çətin anlarında mərd, cəsarətli övladlarına arxalandı. Ermənipərəst sovet rəhbərlərinin Azərbaycanı əymək, sındırmaq, susdurmaq cəhdləri boşa çıxdı. Fəlakətlər girdabına atılsa da, sinəsinə çalın-çarpaz dağlar çəkilsə də, ciyərparələri gülləbaran, şil-küt edilsə də sarsılmadı, başını dik tutdu, qürurunu saxlaya bildi Azərbaycan!
Təsis olunduğu ildən başlayaraq, bu il də şəhidlərin anım günündə İsmayıllı Rayon İcra Hakimiyyəti aparatının əməkdaşlarına, hüquq-mühafizə idarələrində çalışanlara, xidməti idarələrin işçilərinə, şəhər məktəblərinin müəllim və şagird kollektivinə, rayon ictimaiyyətinin nümayəndələrinə qoşulan İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin müəllim və tələbə heyəti 20 Yanvar şəhidlərini ehtiramla yad etmək üçün ulu öndər Heydər Əliyevin adını daşıyan prospektdə sıralanaraq, İsmayıllı şəhərindəki Şəhidlər xiyabanını ziyarət etdilər.
Əllərində qırmızı qərənfillər tutan insanların sırasında bu təhsil ocağının fəalları, yaşları bu unudulmaz faciənin yaşından xeyli az olan qızlar və oğlanlar xüsusilə seçilirdilər. Tələbələrimiz 20 Yanvar, eləcə də torpaqlarımızın qorunması və azadlığı üçün canlarını fəda etmiş, qəhrəmanlıq və cəsarət nümunəsi olan şəhidlərimizi yar etməklə Vətənə olan məhəbbətlərini, torpaqlarımıza göz dikən düşmənlərə nifrətlərini nümayiş etdirdilər.
Tələbələrimizin üzündən torpaqlarımızın azadlığı, müstəqilliyi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələn vətən övladlarının məzarlarını ziyarət etməkdən hüznlə bərabər ürəklərində işğalda olan torpaqlarımızın xilaskarı olmaq niyyətinin qüruru duyulurdu.
Mövlud Ağayev,
kollecin müəllimi

Şərh Yaz