Zorakılıq pisləndi

Zorakılıq pisləndi                    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) və İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin (İDHTK) birgə keçirdiyi növbəti maarifləndirici tədbirdə zorakılığa yox deyildi. İDHTK-nin tələbələri, İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin şagirdlərinin qatıldığı tədbirdə qeyd olunub ki, cəmiyyətin ictimai həyatında qadının mövqeyi uzun tarixi bir dövr keçərək formalaşmış və inkişaf etmişdir. Lakin bu inkişaf asan əldə olunmamış, qadınlar özlərini təsdiq etmək üçün bir sıra çətinlikləri aradan qaldırmaq uğrunda mübarizə aparmışlar.
Qadınlara qarşı zorakılığın qarşısının alınması müasir dövrün mühüm məsələlərindəndir. Bütün dünyada qadınlara qarşı zorakılığın miqyası ildən-ilə genişlənir.
Gender əsaslı zorakılığın qarşısının alınmasında bütün ölkələr dövlət səviyyəsində iş aparır, mühüm qərar qəbul edirlər. Azərbaycan da bu prosesdən kənarda qalmayıb. Hətta ölkəmizin ən ağır ictimai-siyasi və hərbi vəziyyətində belə qadın və uşaq hüquqlarının müdafiəsi hər zaman prioritet olub.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi öz fəaliyyətində bir neçə mühüm prioritet məsələni əsas götürür ki, bu da cəmiyyətin inkişafında xüsusi əhəmiyyətə malikdir. Komitənin fəaliyyət istiqamətlərindən biri məişət zorakılığı problemlərinin araşdırılması və onun qarşısının alınmasıdır. Zorakılıq qurbanlarına psixoloji, tibbi, hüquqi yardımın göstərilməsidir.
Müzakirələrdə kollecin tələbələrindən Bənovşə Bəşirova, Xumar Kamilzadə, Pərvin Nağıyeva, Elnarə Əkbərli, Nazilə Zeynalova, Rüfanə Qasımlı fəal iştirak etdilər.
Kollec tələbələri qadına azadlıq verilməsindən qorxmamaq, qadının təhsil almasının önəmi haqda maraqlı fikirlər səsləndirdilər. Bir qadının təhsili bir nəslin təhsilidir fikri bir daha öz təsdiqini tapdı.
Müzakirələrdə fəal iştirak edən tələbə və şagirdlər mükafatlandırıldı.
Əlirza Hüseynov
tələbə təşkilatının sədri

Şərh Yaz