Bioritm –“ onun orqanizmin inkişafında və sağlamlığının qorunmasında rolu

Bioritm –“ onun orqanizmin inkişafında və sağlamlığının qorunmasında rolu                     Yaradılışın ən ali varlığı olan insan və onun orqanizmi demək olar ki, kainat qədər mürəkkəbdir. Gözümüzün qabağında canlandırdığımız kainat getdikcə nə qədər sonsuzlaşırsa, orqanizmdə gedən proseslər də o cür zənginləşir və sonsuzluq qədər mürəkkəbləşir. İnsan orqanizmi milyardlarla toxuma hüceyrələrindən ibarət olduğundan demək olar ki, hər bir hüceyrənin tamlığı orqanizmin fəallığına xidmət edir. Dediklərimizin məntiqi nəticəsini tamamlamaq üçün böyük Hippokratın məşhur məntiqinə diqqət yetirək: İnsan makrokainatda mikrokainatdır.
Bu həqiqətdir ki, müasir dövrdə elm o qədər irəliləyib ki, bu, adi, sıravi insanın şüurundan 100-150 il qabağa gedib, amma, mənsub olduğumuz bəşəriyyətin inkişaf səviyyəsi necə deyərlər, özünün körpəlik mərhələsini yaşayır. Əgər bəşəriyyət bu inkişafla gedərsə, təxminən 100-150 il ərzində daha mürəkkəb proseslər aşkar olunacaq və təbii olaraq bu proseslərin öyrənilməsi insanların sağlamlığına xidmət edəcəkdir.
İnsan orqanizmini bütöv biosistem kimi götürsək, orqanizm özünə məxsus bioritmə malikdir. Nəinki insanlar, planetimizdə mövcud olan bütün varlıqlar bioloji ritmə malikdirlər.
Bioloji ritm insanın həyatında, inkişafında olduqca mühüm əhəmiyyət kəsb edən amildir və demək olar ki, orqanizmin ahəngdar inkişafında, sağlamlığında mühüm rol oynayır. Buna baxmayaraq, bəzən bioloji ritmin mahiyyəti tam qiymətləndirilmir.
Hər bir insanın bioloji ritmi sutkanın müxtəlif anlarından başlayaraq, riyaziyyatçıların dili ilə desək, periodik olaraq sinusoidal xətt üzrə inkişaf edir. Bioloji ritmin fəaliyyəti insanın ana bətnindən dünyaya gəlməsi ilə başlayıb insan ömrünün son saniyəsinə qədər davam edir. Körpə ana bətnindən dünyaya gəldikdə, göbək ciyəsi kəsildikdən dərhal sonra, ilk nəfəsini aldığı saniyədən sanki qurulmuş bir saat olaraq işə düşür. Bioloji ritmə uyğun insan orqanizmi inkişaf edir. Digər ritmlər kimi bioloji ritmin də başlanğıcı və sonu vardır. Hələlik bioloji ritmin nə vaxt başlayıb, nə vaxt qurtaracağı elmə məlum deyil. Təbabətin inkişafında mühüm rol oynayan gen mühəndisliyi elmi yaxın gələcəkdə insanın bioloji ritminin başlama və sona çatma vaxtını dəqiqliklə öyrənəcəkdir.
İnsan orqanizminin müalicəsində bioloji ritmin başlama və qurtarmasının məlum olmasının böyük əhəmiyyəti vardır. Xəstələrin müalicəsində bir qayda olaraq daxilə qəbul olunan dərmanlar səhər, günorta və axşamlar yeməkdən əvvəl və sonra, ineksiyalar isə dəri altına və ya venaya yeridilir: Bioloji ritmin başlamasını bilmədən bu cür müalicə taktikası seçmək nəticəsində bioloji ritmin aktiv olmadığı zamanda – səhər qəbul edilən dərman maddəsinin sorulması tam getmir, bədəndə toplanır. Günün ikinci dərman qəbulu da bioloji ritmin fəallıq dövrünə düşmür və az sovrulur. Üçüncü, yəni axşam dərman qəbulu bioritmin daha aktiv vaxtına düşür, tam şəkildə orqanizmə sovrulmayan dərman maddələri bioritmin artdığı vaxtda bədənə sovrulmağa başlayır və nəticədə xəstə orqanizmdə dərmanın çox toplanması başlayır. Belə olan halda dərman müalicəsi effektiv olmaqdan çox toksiki təsir göstərir. Təbabətdə hazırda dərmanlarla müalicə alan xəstələrdə bu vəziyyətlə əksər hallarda rastlaşılır. Məhz belə xoşagəlməz halların baş verməməsi üçün bioloji təbabətin və gen mühəndisliyinin qarşısında bioloji ritmin başlaması, eləcə də qurtarması anının ən yüksək ampilitudasının günün hansı saatı, dəqiqəsi və saniyəsinə düşməsini öyrənmək məsələsi durur.
Yuxarıda qeyd etdiyimiz kimi, bioloji ritm dünyaya göz açan körpənin ilk nəfəsi alması anından başlayır və davam edir. Bioloji ritmin başlaması, davam etməsi, onun aktivlik dərəcəsinin ən yüksək amplitudasının günün hansı anına təsadüf etməsi hələlik məlum deyil. Bu problemin gen mühəndisliyi və bioloji təbabətlə məşğul olanlar tərəfindən elmi şəkildə araşdırılıb öyrənilməsi və müasir təbabətə təqdim edilməsinin böyük əhəmiyyəti vardır. Bu baxımdan ilk vacib işi valideynlər və körpənin dünyaya gəldiyi tibb müəssisəsi görməlidirlər. Belə ki, körpənin hansı gündə doğulmasından əlavə, onun doğulduğu saat, dəqiqə və saniyə dəqiqliyi ilə qeydiyyata alınmalıdır. Elementar görünən bu zərurətin hər bir insanın həyatı üçün olduqca qiymətli olduğunu hər birimiz dərk etməliyik.
Belə olduğu halda, yəni hər bir insanın bioloji ritminin dəqiqliklə qeydiyyatı aparıldıqda onların düzgün müalicə olunması əsri başlayacaq, insanlar daha sağlam, nikbin və uzunömürlü olacaqlar.
Haqqında söz açdığımız bu mühüm məsələni gen mühəndisliyi və bioloji təbabət mütəxəssisləri dəqiqliklə öyrənərsə, xəstələrin müalicə olunmasında böyük nailiyyətlər əldə etmiş olarıq. O zaman xəstələrin müalicəsi üçün müəyyən edilən dərmanlar mənfi təsirli olmayacaq. Həm də xəstə orqanizmə dərmanlar gündə üç dəfə deyil, onun bioloji ritminin fəallıq fazasının yüksək anda ötürüləcəkdir. Bu da xəstənin müalicə kursunu daha tez və ağrısız başa burub sağalmasına səbəb olacaqdır.
Şahmurad Şirəliyev,
Respublikanın Əməkdar həkimi

Şərh Yaz