Xeyriyyə aksiyası

Xeyriyyə aksiyasıYanvar ayının 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi və “Hüquq Dünyası Hüquqi Təbliğat” ictimai birliyinin birgə təşkilatçılığı ilə İsmayıllıda tibbi müayinə aksiyası keçirilib.
Aksiya çərçivəsində “Xəzər Qayğıkeşlik Layihəsi” Humanitar ictimai birliyi Göz klinikasının həkimləri sağlamlıq imkanları məhdud, habelə valideyn himayəsindən məhrum və imkansız ailələrin uşaqlarının müayinəsini aparıb. Müayinələr səyyar göz kabinetində – klinikaya məxsus müasir avadanlıqlarla təchiz olunan ambulansda keçirilib. Tibb elmləri namizədi Rəşad Əzizov uşaqların müayinəsini aparıb, xəstəliyə uyğun müvafiq müalicələr təyin edib.
Aksiya zamanı mərkəzin işçiləri növbə gözləyən uşaq və valideynlərə sağlam həyat tərzi, düzgün qidalanma barədə məsləhətlər veriblər. “Hüquq Dünyası Hüquqi Təbliğat” ictimai birliyinin əməkdaşı İlham Quliyev isə hüquqi mövzuda söhbətlər aparıb, valideynlərin sosial yardım, pensiya və müavinətlərin hesabalnması ilə əlaqədar suallara cavablar verib.
Aksiya çərçivəsində 50 nəfərədək uşaq müayinə edilib.
Lalə Kəbirova

Şərh Yaz