Şəhidlərimizi unutmayaq

Şəhidlərimizi unutmayaq                                   Qanlı Yanvar faciəsindən 28 il ötdü. Bu müddət ərzində şəhidlərin qəhrəmanlığı zamanın qan yaddaşına köçüb, məzarları xalqımızın and yerinə çevrilib, xatirələri ehtiramla yad edilir.
Respublikamızın hər yerində olduğu kimi, N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbində də 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirildi.
Mərasimi giriş sözü ilə açan məktəbin tərbiyə işləri üzrə direktor müavini S.Əliyev ölümləri ilə qorxu hissini öldürən 20 Yanvar şəhidlərinin xatirəsinin heç zaman unudulmayacağını, doğma Azərbaycanımızda, eləcə də dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən soydaşlarımızın qəlbində əbədi yaşayacaqlarını söylədi.
Sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən igid vətən övladlarının ruhu bir dəqiqəlik sükutla yad edildi.
Məktəbin tarix müəllimi Aybəniz Əsədova çıxışında qeyd etdi ki, imperiya bu qəddarlığı ilə Azərbaycanın haqq səsini boğa bilmədi və şəhidlərimizin azadlıq, müstəqillik arzusu reallaşdı.
Ulu öndər Heydər Əliyevin zəngin idarəçilik qabiliyyəti, siyasi uzaqgörənliyi sayəsində müstəqilliyimiz daimi oldu. Şəhidlərimizin qan bahasına və xalqımızın iradəsi, Ulu öndərimizin istər xarici, istərsə də daxili siyasəti nəticəsində ölkəmiz bu gün dünyanın inkişaf etmiş ölkələri arasında layiqli yerini tutur.
Mərasim şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam etdi. Sonda məktəbin direktoru Qalib Bəşirov çıxış edərək şagirdləri azadlıq və müstəqillik uğrunda şəhid olanları unutmamağı yeri gəlsə, onların keçdiyi şərəfli həyat yolunu təkrar etməyi, çiçəklənən Azərbaycanımızın xoşbəxt gələcəyi naminə güclü biliyə, elmə yiyələnməyi tövsiyə etdi.
Aysel Hacılı,
məktəbin Uşaq birliyi rəhbəri

Şərh Yaz