Qabağında ölüm, çiynində gedim

Mənim ilk müəllimim, adın çıxmaz yadımdan,
Dərs deyərək çəkmisən zəhmətimi bahar, qış.
O gümüşü saçların bəlkə bundan ağarmış.
Xəyalımdan çıxmaz bir an nəzərin
Üstümdədir yenə sanki gözlərin.
Geniş həyat yollarında hər zaman
Mənə dayaq olmuş sənin sözlərin.

Qabağında ölüm, çiynində gedim                                         İxtisasca həkim olan müğənni Şamo İsayevin ifa etdiyi bu mahnını ötən əsrin səksəninci illərində eşitmişdim. Bəlkə də müəllim haqqında yazılmış və ifa olunmuş ən gözəl mahnıdır. Dönə-dönə dinləmiş və uzun illərdir ki, ilk müəllimim haqqında nəsə yazmaq istəmişəm. Onun necə müəllim, insan olduğunu təsvir edə biləcəyəmmi? Bilmirəm.
Hər birimizin həyatında yaşadığımız cəmiyyətin layiqli üzvü kimi yetişməyimizdə, soy-kökümüzə və vətənimizə layiqli övlad, vətəndaş, hər hansı bir peşənin sahibi kimi formalaşmağımızda, fəaliyyətimizdə müəllimlərin rolu əvəzolunmazdır. İbtidai sinifdən başlamış, ta ali məktəbi bitirənədək çoxlu müəllimlərimiz olub. Onların hər biri ömrümüzə bir naxış, bir bəzək vurub. Amma nədənsə elə həmişə məktəb illərini, o qayğısız, əlçatmaz, ünyetməz illəri düşünəndə yadımıza ilk müəllimimiz düşür. Bəlkə bu, həssas və körpə uşaq qəlbinin qayğıya, nəvazişə, bir şirin təbəssümə olan ehtiyacının hikmətidir?
Doğma ana qoynundan ayrılıb yeni bir aləmə – məktəb həyatına qədəm qoyduqdan sonra bu qayğını biz ilk dəfə onlardan görürük. Uşaq vaxtı gördüyümüz hər şey-yaxşı da, pis də ömrümüz boyu yadımızdan çıxmır, unudulmur, şirin xatirəyə çevrilib qəlbimizdə yaşayır. Bəlkə də onları yuxarı siniflərdə dərs deyən müəllimlərdən fərqləndirən onların daha nəvazişli, daha qayğıkeş və istiqanlı olmalarındadır bu hikmət?! Bilmirəm. Amma hər nədəndirsə, biz onları – ilk müəllimlərimizi daha çox sevir, məktəbdən, təhsildən söz düşəndə ilk xatırlanan da elə onlar olur.
…1958-ci ilin sentyabr ayının biri idi. Anam məni geyindirib üzümdən öpdü, təbrik etdi. Г‡antamı verib məktəbə yola saldı. Anamın yanaqlarında muncuq kimi iki damla göz yaşları vardı. İllər sonra anladım ki, bu anamın sevinc göz yaşları idi. İlk övladı məktəbə gedir…
Həmyaşıdım, qonşumuz Əli ilə gəlib məktəbə çatdıq. Məni məktəbin həyətində atamın dostu, tarix müəllimi Səmid Əliyev qarşıladı. Əlimdən tutub məni və Əlini məktəbin həyətindəki ağacın altında oturub dizinin üstündə nə isə yazan bir kişinin yanına gətirib tanışlıq verdi. Bu kişi də mənim və Əlinin adlarımızı yazıb yanında durmağı tapşırdı. Səmid müəllim getdi. Yanımızda beş-on uşağın da olduğunu görüb biz də sakitcə dayandıq. Təxminən yarım saatdan sonra bu kişi bizi cərgəyə düzüb sinif otağına apardı. Dar, uzun olan otaqda iki cərgə parta düzülmüşdü. Boylarımıza baxıb bizi oturtdu. Г‡antalarımızı partanın altına qoyub lal-dinməz baxırdıq. Bir dar sinifdə qırx iki uşaq oturmuşduq. Əllərimizi partanın arxasına qoyub sakit və dinməzcə oturmuşduq. Hamımıza isti bir nəzər salıb xəfifcə gülümsədi və …
Adını qəlbimdə əzizləyə-əzizləyə saxladığım, haqqında söhbət açmaq istədiyim insan, ömrüm boyu baxışlarını, qayğılarını, nurani sifətini, yerişini, duruşunu, öyüd və nəsihətlərini unuda bilmədiyim, qəlbinin hərarətini, gözlərinin nurunu, ömrümüzə təmənnasız pay verən, dərs dediyi şagirdlərini doğma övladları qədər sevən, onları elmli, savadlı, vətənə, elə, obaya bağlı qeyrətli övladlar kimi görmək istəyən o böyük müəllim İsmayıl Şərif oğlu Əliyevdir.
1922-ci ildə qocaman Niyal dağına söykənən, ətəyini Girdimanın pak suları yuyan, qədim sənətkarlığı və tarixiliyi ilə yurdumuza şöhrət gətirən Lahıcda anadan olub. Azərbaycanın tarixinə, mədəniyyətinə sanballı övladlar verən Lahıcın cəfakeş, zəhmət sevər, elmli oğullarından biri də mənim ilk müəllimim İsmayıl Əliyev idi.
Onun haqqında söz demək, nə isə yazmaq uzun illərdir ki, məni düşündürürdü. Necə təsvir edim, necə yazım ki, onun böyüklüyünü hamı duya bilsin.
Müəllimlik sənəti sənətini sevən üçün çox çətin peşələrdən biridir. Bu müqəddəs sənətin acılı-şirinli illərini yaşamışam. Gündə səkkiz kilometr piyada, özü də qışda, payızda, qarlı-şaxtalı, yağışlı günlərdə məktəbə getməyimə baxmayaraq hər dəfə sinifə girəndə bütün yorğunluğumu unudub yüksək həvəslə, ilhamla uşaqlara dərs demişəm. Г‡ünki mənim özümə də vaxtilə müəllim adını hər şeydən uca tutan şəxslər dərs deyiblər. Mən onlardan faydalanmışam. Ötən əsrin əllinci, altmışıncı illərində də vəziyyət o qədər də yaxşı deyildi. Müəyyən şeylərin yoxluğu, ərzaq, geyim, altmışıncı illərin ortalarına qədər ölkədə taxıl qıtlığı insanların həyat tərzinə mənfi təsir edirdi. Hamı, elə müəllimlər də o illərdə ümidlə yaşayır, sabaha inamla addımlayırdı. Г‡ətinliklərə, qıtlığa baxmayaraq müəllimlər heç vaxt bu barədə danışmır, özlərini mənən “sınmağa” qoymurdular. Г‡ünki o vaxtlar kimliyindən asılı olmayaraq, hamı müəllimə pərəstiş edir, onun hər sözünü ibrətamiz kəlam kimi yadda saxlamağa çalışırdı. Təəssüflər olsun ki, indi bolluq olsa da, ondakıların əksini görərik. Sevimli şairimiz Musa Yaqubun “Müəllim ömrü” şeirindəki kimi:
“Nadan adamların dodaqlarında
Elə ucuzlaşıb,
ucuzlaşıb ki,
Tökülüb yollara müəllim sözü”.
Hamıya yaraşana, yaraşmayana da “müəllim” deyə müraciət etdiyimiz üçün bu söz də ucuzlaşdı, adiləşdi. Ömrü boyu məktəbdən, müəllimdən uzaq gəzən mənsəbpərəstlər, əyri yollarla özlərinə dəbdəbəli şərait quranlar adlarının qarşısında “müəllim” sözünü eşidəndə qürrələndilər, zənn etdilər ki, doğrudan da elə onlar da müəllimdirlər. Amma həqiqi müəllimlərin özləri kimi evləri də, dolanşıqları da sadə və səmimi idi. Onların nə muzeyi xatırladan bahalı qab-qaşıqları, nə də çeşid-çeşid xalıları var idi. Ancaq bütün bunlara baxmayaraq onlar yoxsul deyil, zəngin idilər. Bu zənginlik isə onlara xas olan mənəvi zənginlik idi. Mənim müəllimlərim vaxtları pul qazanmağa yox, bahalı əşyalar, hədiyyələr almağa yox, istedadlar yetirməyə, öz xalqı qarşısında vicdani borclarını verməyə çalışırdılar.
Müəllim öz sənətini hər şeydən üstün tutmalı, onun nüfuzunun aşağı düşməsinə yol verməməlidir.
Bax, mənim müəllimlərim belə ziyalı olublar. İsmayıl müəllim sadə və zəhmətkeş sənətkar, usta ailəsində dünyaya göz açıb. Ailədə üç qardaş və bir bacı olublar. Ailənin böyük övladı olan İsmayılda elə lap balacalığından elmə, biliyə, məktəbə böyük maraq olub. Boş vaxtlarında atasına kömək etsə də, qəlbi həmişə məktəblə, kitabla döyünüb. Ömrünü halal zəhmətə bağlayan Şərif kişi də oğlunun oxumağa həvəsini görüb çox işlərə onu çağırmaz, elə ortancıl oğlu Fərhadla işləyərdi. Orta məktəbi bitirən İsmayıl sənədlərini o dövrün sayılıb seçilən təhsil ocaqlarından biri kimi tanınan Şamaxı Pedaqoji Texnikumuna verir. Təhsilini uğurla başa vurub doğma rayona qayıdan İsmayıl Əliyevi ehtiyaca görə Tircan məktəbinə müəllim təyin edirlər. Aradan bir-iki ay keçməmiş onu ordu sıralarına çağırırlar. 1941-ci ilin dekabr ayından ta müharibənin sonunadək gənc İsmayıl döyüşən cəbhədə olur. Onun Moskva ətrafından başlayan döyüş yolu Stalinqraddan, Ukraynanın, Belarusiyanın torpaqlarından keçib Alman torpaqlarına qədər uzanır. Stalinqrad və Belarusiya uğrunda gedən qanlı döyüşlərdə iki dəfə yaralansa da, sağalan kimi yenidən döyüşən cəbhəyə qayıtmış və düşmənlərə qarşı mərdliklə döyüşmüşdür. Qazandığı orden və medallarla öyünməzdi. Deyərdi ki, mən Vətən uğrunda döyüşmüşəm, orden, medal uğrunda yox. Ona görə də onları çox vaxt üstünə taxmazdı.
Müharibədən qayıdandan sonra İsmayıl müəllim Talıstan kənd məktəbində pedaqoji fəaliyyətə başlayır. Bir neçə ildən sonra isə İsmayıll rayon İ.V.Stalin adına orta məktəbə işə düzəlir. Bu minvalla İsmayıl müəllim 1961-ci ildən şəhər 1 nömrəli orta məktəbdə, 1973-cü ildən isə ömrünün sonunadək şəhər 3 nömrəli orta məktəbdə müəllim işləyir. Bu illər ərzində İsmayıl müəllim öz istedad və bacarığı ilə valideyn və ictimaiyyətin böyük rəğbətini qazanır, bacarıqlı sinif müəllimi kimi tanınır. Uşaqlarla səmimi rəftarı, işinə yaradıcı münasibət, şəxsi çalışqanlığı onu bu illər ərzində hamının sevimlisinə çevirir. Valideynlərin hamısı istəyirdi ki, onun uşağına İsmayıl müəllim dərs desin. Axı onun şagirdlərinin sorağı ali məktəblərdən gəlirdi. Onun şagirdləri başqaları ilə müqayisədə öz fəallıqları ilə seçilirdi. Məktəbdə keçirilən tədbirlərin çoxunda onun şagirdləri iştirak edərdi. İsmayıl müəllimdə müəllimə xas olan bütün xüsusiyyətlər cəmləşmişdi. Öz davranışı, təbəssümü ilə uşaq qəlbinə tez yol tapırdı. Ürəyimizdən keçənləri sanki oxuyurdu. Qılıqlı idi. Yeri gələndə zarafatından da qalmazdı.
O zaman diyircəkli qələmlər yox idi. Hamımız qara karandaşla yazırdıq. Karandaşımızın ucu tez-tez qırılırdı. İsmayıl müəllim əlində saxladığı balaca bıçaqla karandaşın ucunu yonub düzəldər və bizə verərdi, qayğıkeşliklə əlimizdən tutub yazar və deyərdi ki, karandaşı kağıza bərk basmayın. Bir dərsdə beş-altı dəfə hər birimizin karandaşını yonardı. Ancaq heç vaxt da əsəbləşməz, başımızı sığallayardı. Şagirdlərinə qarşı qəlbində bir qayğı, üzündə nur var idi. O vaxtdan altmış il ötüb. Yenə o nurani sifəti, qayğını unuda bilmirəm. Hüsnüxətt qaydası ilə yazmağı, ifadəli şeir oxumağı öyrədirdi bizə. Г‡oxlu kitab oxumağı tapşırardı. Əlaçı uşaqları kitabxanaya üzv yazdırar, kitab seçməkdə bizə kömək edərdi. Yaşımıza uyğun nağılları oxumağı, bizi nağıl qəhrəmanları kimi qoçaq, vətənpərvər, hazırcavab, bacarıqlı olmağımızı istəyirdi. Açıq deməsə də, hiss edirdik ki, İsmayıl müəllim qoçaqları, çalışqanları daha çox sevir. Həmişə deyərdi ki, qızlar analarına, oğlanlar isə atalarına bənzəsələr daha yaxşı olar. Oğlanlar gələcəyin əsgərləri, vətən keşikçiləridir. Ona görə də onlar idmanı sevməli cəld, çevik və döyüşkən olmalıdırlar. Qorxaqdan nə ataya, nə də Vətənə haray olmaz!
Yeri gəlmişkən qeyd etmək istərdim ki, o vaxt sinif müəllimləri arasında kişi müəllimlər çoxluq təşkil edirdi. Qadın müəllimlərin dərs dediyi şagirdlərlə kişi müəllimlərin dərs dediyi şagirdlər arasında çox fərq var idi. Kişi müəllimlərin dərs dediyi şagirdlər cəld, çevik, döyüşkən, dəqiq elmləri daha yaxşı qavrayan, idmançı və məktəbin ictimai həyatında daha fəal olurdular. İndi isə məktəblərimizdə barmaqla sayılan kişi müəllimlər işləyir. Qadın müəllimlər məndən inciməsinlər. Onlar istəsə də, əksər hallarda mərd, qoçaq, döyüşkən və mübariz oğlanlar tərbiyə edə bilmirlər. Onlar sakit təbiətli, humanist düşüncəli, barışdırıcı mövqe tutan uşaq tərbiyə edirlər. Elə ona görə də bu gün ictimai tədbirlərdə oğlanlar demək olar ki, iştirak etmirlər. Qızlar belə tədbirlərdə daha fəaldırlar. Atasız evdə, kişisiz məktəbdə böyüyən oğulun aqibəti necə olar?
Tələbə ikən institutun “Aygün” mahnı və rəqs ansambılında tar çalırdım. Bədii rəhbər Respublikanın xalq artisti Əlibaba Abdullayev idi.
O həmişə bizə deyərdi ki, əgər qadın kişi rəqs qrupu ilə işləyirsə o onlara nə qədər istəsə də qadın rəqs elementlərini öyrədir. Mən isə qadın qrupu ilə məşğul oluram. Onlara özümdən asılı olmayaraq kişi rəqs elementlərini öyrədirəm. Bu da təbiidir.
İndi Əlibaba müəllimin sözləri qadın müəllimlərin verdiyi təlimlə kişi müəllimlərin verdiyi təlimi müqayisə edəndə, onun necə düzgün dediyinin bir daha şahidi oluram.
İsmayıl müəllim tez-tez dərs dediyi şagirdlərin yaşadıqları evlərə gedər, uşaqların hansı şəraitdə oxumaları ilə maraqlanardı. O vaxtlar stol, stul, mebel qıtlığı var idi. Г‡ox adamın evində mebel yox idi. Demək olar ki, hamı evdə süfrə qırağında yerdə bardaş qurub oturub yemək yeyərdi. Stol olmadığından yazını ağzı üstə uzanıb yazar, eləcə də dərs oxuyardıq. Rayonda elektrik işığı saatla verilərdi. Neft lampasının işığında oxuyub yazardıq. Səhərlər saat altıdan doqquza, axşamlar isə saat altıdan on ikiyə qədər zəif elektrik işığı yanardı.
İsmayıl müəllim valideynlərə uzanıb dərs oxumağın, yazmağın uşaqların fiziki inkişafına, gözlərinə zərərli olduğunu dönə-dönə izah edər və tapşırardı ki, uşaqlara lazımi şərait yaradılsın. Məktəbdə də bizə işıqlı, havası təmiz otaqda dərs oxumağı tapşırardı. Deyərdi ki, yazı yazarkən elə yerdə oturun ki, işıq sizə soldan düşsün. Yazı yazarkən partanın, yazının üzərinə çox əyilməməyi, qələmi əldə sıxmamağı, düzgün oturuş qaydalarını öyrədərdi. Məktəbə təmiz və səliqəli gəlməyimizi tələb edərdi. Kasıbçılıq idi. Г‡oxumuzun şalvarı da, pencəyi də yamaqlı idi. Bəzən corabımızda bir neçə rəngdə yamaq olardı. Təzə qaloş geyinəndə sevinərdik. Bütün bunlara rəğmən İsmayıl müəllim deyərdi ki, paltar köhnə ola bilər, ancaq təmiz, səliqəli və ütülü olsa daha yaxşı olar. Uşaqlarla gəzməyi çox sevərdi. Xüsusən payızda meşədə gəzməyi, bu zaman tökülən sarı yarpaqların xışıltısından ləzzət alardı. Deyərdi ki, diqqətlə qulaq asın, ayağınızın altındakı yarpaqlar sizinlə danışır. Yarpaqların vida nəğməsini dinləyin. Qayıdarkən bizə yol boyu gördüklərimizi təsvir etməyə, yazmağa ruhlandırardı. Yazdıqlarımızı maraqla oxuyub müzakirə edər, tərifləyər, yaxşı bildiyi yazıları sinifimizdəki dolabında saxlayardı. İsmayıl müəllim həm də ictimaiyyətçi idi.
Məktəbin və rayonun ictimai həyatında yaxından iştirak edərdi. Uzun illər məktəb ilk partiya təşkilatının sədri kimi fəaliyyət göstərib.
İsmayıl müəllim həm də qayğıkeş ailə başçısı idi. İki qız və bir oğul atası idi. Böyük qızı Lumu ilə on il bir sinifdə oxumuşam. Balaca qızı Zenfira evdar qadın, oğlu Arif isə istefada olan polkovnikdir. Nəvəsinə də atasının adını qoyub –“ İsmayıl. Beşinci sinifdə oxuyur. Əlaçıdır.
… Dünyamız gəlimli-gedimli, bir ucu ölümlüdür. Verdiyini alır, istədiyini aparır. Gözə görünməz bir qüvvə maqnit dəmiri cəzb edən kimi bizi də cəzb edib ruhumuzu göylərə, bədənimizi isə torpağa aparır.
1989-cu ilin may ayı idi. 1 nömrəli şəhər orta məktəbdə 1969-cu ildə orta məktəbi bitirənlərin görüşü keçirilirdi. Məzunların görüşündən sanki hər yan sevincə bürünmüşdü. Vaxtı ilə məzunlara dərs deyən müəllimlər də görüşdə iştirak edirdilər. İsmayıl müəllim də bu görüşdə idi. Məzunlar da, müəllimlər də çıxış edib, o illəri yada salır, deyib gülürdülər. Birdən, qəflətən həyəcandanmı, sevincdənmi İsmayıl müəllim özünü narahat hiss etdi. Hamının gözü qarşısında…
İsmayıl müəllim öz doğma övladları qədər sevdiyi şagirdlərinin qarşısında dünyadan köçdü, gözlərini əbədi yumdu. Uşaq vaxtı böyüklərdən əzizlərinə dedikləri sözlər yadıma düşdü:
Qabağında ölüm, çiynində gedim!
İsmayıl müəllim də əzizlərinin qarşısında ölüb onların çiynində də son mənzilinə getdi. Qəbri şəhər qəbristanlığındadır. Allah rəhmət eləsin. Ruhu şad olsun.
P.S. Dekabrın soyuq günlərindən biri idi. Gündüzündən yağan yağış gecə dayanmış, hava ayazımışdı. Küpüc isə gəlin köçən qızlar kimi ağ papaqda, ağ libasda idi. Dağlardan əsən soyuq külək məni xəzan yarpağı kimi qabağına salıb qova-qova 1 nömrəli şəhər tam orta məktəbinin həyətinə nə vaxt saldığından xəbərim olmadı. Sürətlə dəhlizlərə baş vurub sinif otağımızın qabağında küncə qısılıb qaldım. Hansı hisslər keçirdiyimi bir özüm və bir də ulu Yaradan duydu. Başqa kim duya bilərdi ki?!
Qabağında ölüm, çiynində gedim                                         Xalıq Xalıqov
25 dekabr 2017-ci il

Şərh Yaz