Xoş xəbərlər carçısı

Xoş xəbərlər carçısı                           Azərbaycanda demokratik mətbuatın formalaşmasında, azad fikrin ifadəsi yolunda ulu öndər Heydər Əliyevin həyata keçirdiyi islahatlar əvəzsiz olub. Ümummilli lider Heydər Əliyev demokratik dövlət quruculuğu prosesində kütləvi informasiya vasitələrinin rolunu daim yüksək qiymətləndirib, Azərbaycanda senzuranın ləğvi və bir sıra digər tədbirlərlə mətbuatın inkişafına böyük dəstək verib. Г‡ox əlamətdar və xoş haldır ki, mətbuatımızın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ardıcıl surətdə və daha geniş miqyasda davam etdirilir.
“İsmayıllı xəbərləri” qəzetinin 2018-ci ildəki ilk nömrəsi onun 10 illik yubileyi vaxtına düşdü.Bu səbəbdən qəzetin 10 il ərzindəki fəaliyyəti və cəmiyyətlə əlaqəsi barədə müxtəlif sahələrdə çalışan oxucularımızın fikirlərini öyrənmək maraqlı göründü.
İsmayıllı Rayon Təhsil Şöbəsinin baş məsləhətçisi, Əməkdar müəllim Şəfaqət Rəsulov bildirib ki, 10 illik yubileyini qeyd edən “İsmayıllı xəbərləri” qəzeti Azərbaycanın mətbuat məkanında özünün layiqli yerini tutub. Onun hər sayında biri-birindən maraqlı məqalələri diqqətlə oxuyuruq. Rayonumuzun tarixi, mədəniyyəti, ictimai-siyasi, iqtisadi yaşantıları haqqında son məlumatları tam aydınlığı ilə bu qəzetdən alırıq. Qəzet bir sevgi çırağı kimi ziyalıları ətrafına toplamağa müvəffəq olub. “İsmayıllı xəbərləri” vətənpərvərlik, səmimiyyət, dostluq, tərəfdaşlıq aşılayan qəzetdir.
İsmayılı Rayon Mərkəzləşmiş Kitabxanalar Sisteminin Uşaq şöbəsinin direktoru İnqa Namazova “İsmayıllı xəbərləri” qəzetinin fəaliyyət istiqamətləri, mövzu dairəsi, mədəni həyatımızın, ədəbiyyat və incəsənətimizin, elmi düşüncəmizin işıqlandırılmasında göstərdiyi xidmətlərdən söz açıb. Kitabxanalarla qəzetin əməkdaşlığını ziyalılığın, yurdsevərliyin təbliği adlandırıb.
“Dağ çiçəkləri” ədəbi məclisinin üzvü, şair Xalıq Yusifoğlu qəzetin yaradıcı insanlara yaratdığı geniş imkanlardan, ədəbi fikrimizin formalaşmasındakı rolundan danışıb. Qeyd edib ki, ədəbiyyatımızın müasir yaradıcıları, rayonda yaşayan şair və yazıçılar bir tribuna kimi “İsmayılı xəbərləri” qəzetindən istədikləri vaxt istifadə edə bilirlər. Məclisimizin yeni üzvləri ilk qələm nümunələrini bu qəzetin səhifələrində görməkdən ruhlanırlar. Qəzetin baş redaktoru şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü olsa da, yeni yazarlara meydan verdiyindən çox vaxt xüsusi səhifədə şeirlərinə yer ayırmır.
Qalacıq kənd tam orta məktəbinin direktor müavini Maral Məmmədova qeyd edib ki, “İsmayıllı xəbərləri” rayonda yaşayan azsaylı xalqların, etnik qrupların dilinə, mədəniyyətinə, eləcə də ədəbiyyatına hörmət və diqqət əlaməti olaraq rus, ləzgi və tat dilində olan yazıları oxuculara təqdim olunması da vacibdir. Qəzetin açdığı “Dil ayrıdır, el birdir” adlı yeni rubrikanın böyük marağa səbəb olması bu istiqamətdə fəaliyyətin davam etdirilməsinə əsas verir.
İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov bildirib ki, rayonumuzun idman uğurları gündən-günə artır. Əldə olunan nailiyyətlərin qəzet səhifələrində işıqlandırılması gənclərimizi yeni qələbələrə səsləyir. Qəzetin hər nömrəsində çox sayda idman xəbərinin yer alması həm də İdman və Gənclər İdarəsi ilə İsmayıllı İdman-Olimpiya Kompleksinin məqsədyönlü iş birliyindən söz açır.
Müsahiblərimizin hər biri qəzetin mövqeyi, milli ruhu, dövlətə, dövlətçiliyə, azərbaycançılığa olan münasibətindən razılıqla danışıb və bir danılmaz həqiqətin –“ qəzet mənsub olduğu yerin aynasıdır fikrinin üstünə gəldi.
Müsahiblər arasında haqlı olaraq tənqidi yazılara az yer verildiyini qeyd edənlər də olub. Hamı yubiley münasibətilə qəzetin rəhbərliyini, redaksiya heyətini, qəzetə dəstək duranları, bir sözlə, rayon ictimaiyyətini təbrik edib, qəzetin uzunömürlü, oxunaqlı olmasını arzulayıb.
Səslənən fikirlərdən bir daha bəlli olub ki, “İsmayıllı xəbərləri” qəzeti rayondakı inkişafa sevinən, bu sevinci hamı ilə bölüşməyə can atan, insanlarda ruh yüksəkliyi yaratmağı vacib işi sayan, bununla da “Xoş xəbərlər carçısı” adına layiq görülmüş bir mətbu orqanıdır.
Görülən işləri, əldə edilən uğurları paylaşmaq, insanlara ürəkaçan informasiyaları çatdırmaq həqiqətən sevindirici və qürurvericidir.
Uğurların və sevinci bol olsun, “İsmayıllı xəbərləri!”
Elnarə Günəş,
AJB-nin üzvü

Şərh Yaz