“Basqal” kitabı Basqal və basqallıları bir daha dünyaya tanıdır

Vaxtilə ulu öndər Heydər Əliyevin Azərbaycanın mirvarisi adlandırdığı İsmayıllı rayonunda “Basqal” kitabının təqdimatı keçirilib. Tədbirdə kitabın maliyyəsini öz üzərinə götürmüş Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun təmsilçiləri, İsmayıllı Rayon İcra hakimiyyətinin nümayəndələri, ölkəmizin görkəmli tarixçi, etnoqrafçı alimləri, kitabın həmmüəllifləri, Bakıda yaşayan basqallı ziyalılar, müxtəlif peşə sahibləri iştirak edib
“Basqal” kitabı Basqal və basqallıları bir daha dünyaya tanıdır
“Basqal” kitabı Basqal və basqallıları bir daha dünyaya tanıdır
“Basqal” kitabı Basqal və basqallıları bir daha dünyaya tanıdır
Rayon mədəniyyət evində baş tutan təqdimat mərasimini kitabın elmi redaktoru tarix üzrə elmlər doktoru, professor Qafar Cəbiyev açıq elan edib, kitab haqqında ümumi məlumat verib, bu elmi əsərin basqallılar, eləcə də ismayıllılar üçün tarixi əhəmiyyətindən söz açıb.
Tədbirin məqsəd və əhəmiyyətindən danışan Qafar müəllim söz demək üçün İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovu səhnəyə dəvət edib. Elimizin ağsaqqalı, tanınmış iqtisadçı alim olan Mirdaməd müəllim kitab haqqında fikrini bildirməklə yanaşı, İsmayıllı rayonunun ərazisində məskunlaşmış müxtəlif millətlərin nümayəndələri, eləcə də basqallılar və Basqal haqqında ürək sözlərini, arzularını çatdırıb. M.Sadıqov bildirib ki, bu kitab müxtəlif bölgələrdə yaşayan basqallıların dönüşünə, birgə fəaliyyət göstərmələrinə və yurdlarının çiçəklənməsinə səsləyən bir əsərdir. Bu kitab bir çağırışdır. Basqallılar tarixən öz yurdlarına bağlı insanlar olub. Qədim sənət nümunələrinin bu gün də yaşadılması bunun bariz nümunəsidir. Kitabın təqdimatına təşrif buyurmuş görkəmli alimlərə, kitabın maliyyə vəsaitini öz üzərinə götürmüş Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun təmsilçilərinə, Basqaldan çıxmış ziyalılara öz təşəkkürünü bildirib.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov İsmayıllının ziyalılar rayonu olduğunu, bu potensialın Basqal hesabına tamamlanmasını da qeyd edərək belə bir kitaba böyük ehtiyac olduğunu bildirib. “Basqal” tarixi-etnoqrafik tədqiqat əsərinin nəşr olunması münasibətilə müəllifləri və tədbirdə iştirak edən ziyalıların timsalında basqallıları təbrik edib. Ziyalılara həmişə xoş münasibət göstərən M.Sadıqov İsmayıllının elm adamları, ziyalıları haqqında bundan sonra da belə dəyərli kitabların yazılacağına əmin olduğunu bildirib.
Tədbirdə böyük həvəslə iştirak edən tarixçi-etnoqraf alim, akademik Teymur Bünyadov, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, basqallı alim Bəhram Quliyev, kitabın həmmüəlliflərindən biri olan Tofiq Babayev, Basqal qəsəbə icra nümayəndəsi Nobruz Əsədov “Basqal” kitabının necə ərsəyə gəlməsindən söz açıblar. Qeyd ediblər ki, bu kitab zamanın tələbatından doğan və yaranan bir tarixi-etnoqrafik məlumat mənbəyidir. Gələcək nəsillər onun əsasında tarixi minilliklərə gedib çıxan qədim yaşayış məskəni Basqalda təşəkkül tapmış ulu sənət nümunələri, sirri hələ də açılmayan tarixi abidələr, eləcə də, belə bir gözəl yurdda dünyaya göz açmış elm adamları haqqında bilgi əldə edə biləcəklər.
Qəsəbə icra nümayəndəsi N.Əsədovun çıxışı üzərində xüsusi dayanmaq istərdim. Bu tədbirdə, eləcə də kitabın ərsəyə gəlməsində Novruz müəllimin xüsusi əməyi var. Г‡ıxış edənlər də bu fikri xüsusi vurğulayıblar. Novruz müəllimin sözlərinə görə bu kitab lap çoxdan nəşr olunmalı idi. Yaxşı ki, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu bu işi öz üzərinə götürüb. Ona görə bütün basqallılar adından ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Fondun icraçı direktoru Elçin Babayevə dərin təşəkkürünü bildirib. Qeyd edib ki, kitabın digər müəllifi Tahir Şahbazov onun qrup yoldaşıdır. Tahir müəllim mənim də yaxşı tanıdığım və vaxtilə birlikdə çalışdığım qələm sahibidir. Kitabın həmmüəllifləri Tofiq Babayevlə Tahir Şahbazov dəfələrlə onun qonağı olub, ortaya çıxan müxtəlif problemlərin həllinə yardım əli uzadıb, həmçinin qəsəbə ilə tanışlıqlarına, adamlarla görüşlərinə şərait yaradıb.
Novruz müəllim bildirib ki, bu kitab qəsəbənin şərəfli keçmişidir, gələcəyə bir körpüdür. Bu şərəfli keçmişi yaşatmaq və o körpünün ömrünü uzatmaq lazımdır. Bunun üçün müxtəlif bölgələrdə yaşayan basqallıların və Basqal ziyalılarının köməyinə böyük ehtiyac var. Bu kitabın bünövrəsi ulu məkanın canlı ensiklopediyası, elimizin ağsaqqalı, tanınmış pedaqoq, görkəmli yazıçı, naşir, jurnalist Miryavər müəllimdən irəli gəlir. Həmmüəlliflər də haqlı olaraq M.Hüseynovun həmişə Basqal üçün çalışdığını, ömrünü arxivin saralmış sənədləri arasında keçirərək müxtəlif kitabları ərsəyə gətirməsindən söz açıblar. Miryavər müəllim Basqalın əvəzsiz ziyalısıdır, onun tədqiqatlarında Basqalın bütöv xəzinəsi yatır.
Yeri gəlmişkən, kitabın həmmmüəllifi Tofiq müəllim də çıxışında bu işdə onlara yardımçı olmuş insanlara, basqallılara, o cümlədən “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Dağlaroğluna minnətdarlığını bildirib.
Qeyd edək ki, “Basqal” 345 səhifədən ibarət tarixi-etnoqrafiq məlumat kitabıdır. Kitab “Mütərcim” nəşriyyat-poliqrafiya mərkəzində səhifələnib və nəfis tərtibatda çap edilib.
Sonra rayon Mədəniyyət Mərkəzinin foyesində sərgilənmiş Miryavər müəllimin Basqala həsr etdiyi kitabları, müxtəlif tarixi şəraiti, əlamətdar hadisələri əks etdirən fotoşəkillər, Basqalın sənət nümunələri, qədim əşyalar nümayiş etdirilib və bu sərgi də iştirakçılarda xüsusi təəssürat yaradıb.
Daşdəmir Əjdəroğlu

Şərh Yaz