Aşıq Yanvarla növbəti görüş

Tanınmış sənətkar Aşıq Yanvar Bədəlovun 75 yaşı tamam olur. Azərbaycan aşıq sənətinin inkişafı və təbliğində böyük xidmətləri olan Əməkdar mədəniyyət işçisinin yubiley tədbirinin keçirilməsi üçün RİH başçısı sərəncam verib.
Sərəncama uyğun olaraq yerlərdə ustad aşıqla görüşlər keçirilir, onun sənət dünyası ilə pərəstişkarları daha yaxından tanış olurlar.
Aşıq Yanvarla növbəti görüş
Belə görüşlərin biri aşığın doğulub boya-başa çatdığı Tircan kəndində keçirilib. İkinci görüş isə 21 noyabrda Qubaxəlilli və ətraf kəndlərin aşıqsevərlərinin iştirakı ilə reallaşıb.
Qubaxəlilli orta məktəbinin akt zalında keçirilən tədbiri giriş sözü ilə dövlət qulluğu veteranı Valeh Salehov açıb. RİH aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmov ustad aşığın həyat və yaradıcılığı barədə ətraflı məlumat verib. Mütəşəkkil və yüksək səviyyədə təşkil olunmuş görüşdə Qubaxəlilli İƏD üzrə nümayəndə Yaşar Calalov, məktəbin müəllimi Əlisafa Muradov, kənd sakinlərindən bir neçəsi çıxış edərək aşığın sənət ömrü ilə bağlı öz düşüncələrini, xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər. Məktəblilərin ifasında şeirlər söylənilib, kompozisiya nümayiş etdirilib. Aşığın sənət ömrü ilə bağlı film nümayiş olunub.
Sonda ustad sənətkarın özünə söz verilib, ona Qubaxəlilli İƏD nümayəndəliyi adından qiymətli hədiyyə təqdim olunub. Belə bir tədbirin məktəbdə keçirilməsinin böyük tərbiyəvi əhəmiyyət daşıdığını bildirən məktəb direktoru Ramiz Mustafayev minnətdarlığını ifadə edib. Qubaxəlillidə sənət və sənətkar ömürlü bir gün yaşanıb.
Gülər Baxışova

Şərh Yaz