Unudulmaz lider

Ulu öndər Heydər Əliyevin vəfat etdiyi və onunla vidalaşma gününü çox yaxşı xatırlayıram. Üzündə qəm, kədər, gözü yaşlı minlərlə böyük bir insan axını – Azərbaycan vətəndaşları və xarici vətəndaşlar onun cənazəsi qoyulduğu respublika sarayına tərəf irəliləyirdi. Bu insan selinə baxdıqca xalqın rəhbərə olan sevgisinin, inamının, etibarının şahidi oldum. Bir anda gözlərim önündə unudulmaz rəhbərin həyat və fəaliyyəti canlandı. Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Matadromda keçirtdiyi ilk mitinqdə mən də iştirak edirdim. Onun mitinqdəki çıxışını heç vaxt unutmayacağam. Cəsarətli, qətiyyətli çıxışı ilə bizdə bir daha Azərbaycanın müstəqilliyinin əbədi olacağına inam yaratdı. Unudulmaz lider
İllər keçsə də Heydər Əliyevin xatirəsi daha da əbədiləşir və qəlbimizdə yaşayır. Bizim hər birimiz həmişə xatirəsini hörmətlə yad etdiyimiz, əziz tutduğumuz, əbədiyaşar ulu öndərimiz Heydər Əliyevin həyat və fəaliyyətini yaddaşlarımızda bir daha canlandırmaqla onun irsini öyrənmək borcumuzdur.
Yaxşı yadımdadır; 1993-cü ildə Azərbaycanda yaşanan böhran əslində gənc Azərbaycan respublikasının müstəqilliyinə son qoya bilərdi. Biz bu acı tarixi bir dəfə 1920-ci ildə yaşamışdıq. 1993-cü ildə də eyni vəziyyətin yaşanması, təkrarlanması üçün şərait yaranmışdı. 1991-1993-cü illərdə Respublikamızda cərəyan edən mürəkkəb proseslər- siyasi böhran, anarxiya mühitinin dərinləşməsi, xalqın canı, qanı bahasına əldə etdiyi müstəqilliyin, dövlətçiliyin itirilməsi təhlükəsinin yaranması reallağı bir daha təsdiqlədi ki, yalnız böyük liderlər xalqın müstəqilliyinə etibarlı təminat yarada, onu qoruyub saxlaya bilərlər. Müstəqillik dövrünün qısa tarixi ulu öndər Heydər Əliyevin belə bir fikrini əyani şəkildə təsdiq edir. “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanması, daimi, əbədi olması bundan da çətindir.
Azərbaycan xalqının tələbi və təkidi ilə ikinci dəfə rəhbərliyə qayıdan Heydər Əliyevin fəaliyyəti nəticəsində böhrana, özbaşınalığa son qoyuldu. Bütün qanunsuz silahlı qüvvələr, birləşmələr tərkisilah edildi, sabitlik, sakitlik yarandı və ölkədə inkişaf başlandı. Azərbaycan dövləti parçalanmaqdan xilas oldu. Xalqın rəhbərə, dövlətə, dövlətçiliyə olan inamı bərpa olundu. Azərbaycan xalqı öz rəhbərinə inandı, ona arxa, dayaq durdu. Azərbaycan respublikasının beynəlxalq nüfuzu gücləndi və nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbul edildi. Qarabağ uğrunda gedən döyüşlərdə irəliləyişə nail olundu. Horadiz kimi əhəmiyyətli yaşayış məntəqəsi erməni işğalçılarından azad edildi. Atəşkəsə nail olundu və iqtisadiyyatın inkişafına və ordu quruculuğuna diqqət artırıldı.
Əsrin müqaviləsi imzalandı. Bakı-Tibilisi-Ceyhan Neft Kəmərinin istifadəyə verilməsi sübut etdi ki, Azərbaycan dövləti müstəqil siyasətini uğurla davam etdirir.
Orduda vahid idarəetmə sistemi bərpa olundu. Ordunun döyüş qabiliyyətinin möhkəmləndirilməsi üçün bütün imkanlar səfərbər edildi. 2016-cı ilin aprel döyüşlərində biz Azərbaycan ordusunun qüdrətinin bir daha şahidi olduq.
Azərbaycan xalqı tarixin acı səhifələrini unutmayıb. Azərbaycanı parçalamaqdan xilas edən, ölkədə sabitliyin təminatçısı olan, xalqının dilini, dinini, adət- ənənəsini qəlbən sevən, azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyev şəxsiyyətinin, ömrünün hər anı tariximizdir. Tarix isə heç vaxt unudulmur. Buna görə də tarixi şəxsiyyət olan Heydər Əliyev heç vaxt unudulmayacaqdır.
Mən Heydər Əliyevin keçirdiyi 26 tədbirdə iştirak etmişəm. Həmişə ulu öndərin şəxsiyyətində inam, qətiyyət, dözüm görmüşəm. Saatlarla ayaq üstə durub nitq söyləyən bu istedad sahibinin heç vaxt yorulduğunu hiss etməmişəm. Həmişə xalqa arxalanan, Azərbaycanı, Azərbaycan xalqını öz canından çox sevən dünya miqyaslı siyasətçi, ümummilli liderimiz Heydər Əliyevin zəkası, düşüncəsi, fikri milyonların qəlbində daim əbədi yaşayacaqdır.
Ulu öndərin özünün yaratdığı məktəbin məzunu olan cənab İlham Əliyev xalq tərəfindən sevilir, onun siyasətini uğurla davam etdirir, dövləti inamla idarə edir, iqtisadi yüksəlişə nail olur.Əhalinin sosial vəziyyəti ildən-ilə yaxşılaşır.
Azərbaycan ziyalıları xoşbəxtdir ki, bu gün hörmətli prezidentimiz İlham Əliyev elm, təhsil, mədəniyyət xadimlərinə, yaradıcı insanlara qayğı ilə yanaşır. Azərbaycan gəncliyinin savadlı, bilikli, intelektual səviyyədə yetişməsi üçün dövlətin ata biləcəyi bütün addımları maksimum reallaşdırır. Ziyalı sözü və ziyalının özü daim Azərbaycan dövlətinin və dövlət başçısının diqqət mərkəzindədir.
Azərbaycan xalqı ulu öndərimiz Heydər Əliyevin xatirəsini həmişə əziz tutur, yaşadır və nəsil- nəsil yaşadacaqdır.
Mən fəxr edirəm ki, Heydər Əliyevin qurduğu, İlham Əliyevin inkişaf etdirdiyi bir ölkədə yaşayıram.
ulu öndərimiz Heydər Əliyevin bu fikirləri ilə yazını yekunlaşdırıram. “Azərbaycanın müstəqilliyi sarsılmazdır, dönməzdir, əbədidir. Bizdən gələcək nəsillərə müstəqil Azərbaycan qalacaq”.
Yaşar Nuriyev,
təhsil veteranı

Şərh Yaz