Kitab və kitabxana cəmiyyətin qoşa qanadıdır

Ölkəmiz qədim dövrlərdən başlayaraq, öz yüksək kitab mədəniyyəti ilə seçilmiş və zəngin kitabxanaları ilə tanınmışdır.
İlham Əliyev
Bəşər övladı yarandığı gündən biliyə can atır, bilik insanın yaşamaq, yaratmaq, inkişaf etmək uğrunda apardığı mübarizənin əsas vasitəsidir. İnsan bir qayda olaraq bilmədiyi şeylərdən qorxur, bilik isə hər cür qorxuya qalib gəlməkdə insana kömək edir.
Kitab və kitabxana cəmiyyətin qoşa qanadıdır
Cəmiyyətdə yaşamaq, cəmiyyətin üzvü olmaq, onun inkişafına öz tövhəsini vermək, mənəvi həyatını zənginləşdirmək, tərbiyə və təhsil prosesində yaxından iştirak etmək, elmə yiyələnmək insandan daim yeniləşən, əsaslı elmi bilik tələb edir. Г‡ünki biliksiz insan həddindən artıq qüvvətli olsa belə, təbiət və cəmiyyət qüvvələrinə qarşı mübarizədə acizdir.
Kitab hər bir xalqın mədəniyyət göstəricisidir, elmi-mədəni irsidir, ata-babalarımızın, böyük şəxsiyyətlərin, filosofların, mütəfəkkirlərin, alimlərin, yaradıcı ziyalıların ruhudur, onların gələcək nəsilə vəsiyyətidir.
Mən deyərdim ki, xalqımızın fəlsəfi təfəkkürünün, mənəvi ruhunun, əxlaqi kamilliyinin məhsulu olan qiymətli kitablar: ”Avesta”, ”Kitabi-Dədə Qorqud”, Nizaminin, Füzülinin, M.F.Axundovun, A.Bakıxanovun, N.Nərimanovun, S.Vurğunun əsərləri, ulu öndər Heydər Əliyev haqqında yazılan və digər kitablar xalqımızın kitab mədəniyyəti xəzinəsi, qürur mənbəyidir. İşıq və enerji mənbəyi olan bu kitablar daim xalqımızın mədəniyyətinə, tərəqqiyə doğru yönəlmiş inkişaf yoluna işıq salmışdır.
Beləliklə mədəniyyətin ayrılmaz hissəsi olan kitab və onları toplayıb, qoruyub saxlayan kitabxana olmadan mədəniyyət yaşayıb inkişaf edə bilmədiyi kimi, cəmiyyət də mədəniyyətsiz yaşaya bilməz, dağılmaq təhlükəsi qarşısında qalar. Bütün bunlar cəmiyyət və mədəniyyət, kitab, kitabxana və cəmiyyət problemlərini müasir dövrün əsas, aktual problemlərindən biri kimi dərindən təhlil edib öyrənməyi ön plana çəkir.
Bütün cəmiyyətlərdə kitab mədəniyyətin silahı, sivilzasiyanın bünövrəsi, biliyin mənbəyi, təhsil, tərbiyə və informasiyanın aparıcı vasitəsi kimi çıxış etmiş, cəmiyyət üzvlərinin biliyə, zəkaya, müdrikliyə, kamala gedən yolunu işıqlandırmışdır. Məhz buna görədir ki, kitabı toplayan, qoruyan, saxlayan, əsrdən-əsrə, nəsildən-nəsilə ötürən kitabxanalar həmişə ölkənin mədəni inkişafının əsas göstəricisi hesab edilmişdir. Tariximizin qədim qatlarında formalaşan bu ideya ulu öndər Heydər Əliyev tərəfindən yüksək zirvəyə qaldırılmış, ona yeni məna və məzmun verilmiş, xalqın ümümi mədəni səviyyəsi ilə əlaqələndirilmişdir.
Kitabxana bəşəriyyətin yaratmış olduğu ən qədim sosial institutlardan biridir. Bütün sosial institutlar kimi kitabxanalar da onu yaradan cəmiyyətlə birlikdə inkişaf etmiş, cəmiyyətin qarşıda qoyduğu vəzifələrə xidmət etmişdir. Hər bir sosial institutun orqanı kitabxana işidir. Kitabxana işi olmadan insanlar arasında əlaqə yaratmaq, kitabı təbliğ etmək, cəmiyyətin informasiya tələbatını ödəmək, insanların mədəni, intellektual səviyyəsini yüksəltmək, tərbiyyə prosesinin təşkilində yaxından iştirak etmək vəzifələrini həyata keçirmək çətin olardı.
Kitabxana işi cəmiyyətin inkişafının mühüm göstəricilərindən biridir. Azərbaycanda kitabxana işinə sonsuz qayğı ta qədimdən olmuşdur. Şərqdə ilk kitabxanaçılıq fikirləri daha erkən yaranmağa başlamışdır. Qeyd etmək lazımdır ki, Azərbaycanda ilk məscid və mədrəsə kitabxanaları Bərdə, Gəncə, Naxçıvan və Şamaxı şəhərlərində yaradılmışdır. Biz buna dahi şair Nizami Gəncəvinin əsərlərində də rast gəlirik. “Xosrov və Şirin” əsərindən görünür ki, şair bu haqda məlumat almaq üçün Bərdə əlyazmalarına müraciət edir. Buradakı kitabları oxuyur, sonra isə deyir:
Oxudum, oxudum, sonra da vardım,
Hər gizli xəznədən bir dürr çıxardım.
Kitabxanaların yaradılmasında zəmanəsinin ağıllı hökmdar və ziyalılarının xüsusi rolu olmuşdur. Belə ki, orta əsrlərdə Nəsirəddin Tusinin rəhbərlik etdiyi Marağa rəsədxanasında 1258-61-ci illərdə fəaliyyət göstərmiş kitabxana Azərbaycanın məşhur elmi kitabxanalarından sayılırdı. Səfəvi hökmdarı I Şah İsmayıl tərəfindən yaradılmış Təbriz Saray Kitabxanasında Şərqin böyük klassiklərinin əsərləri mühafizə olunurdu.
Doğurdan da xalqımızın tarixi keçmişinə, mədəniyyət tarixinə nəzər saldıqda belə bir həqiqət aşkar olur ki, Azərbaycan xalqı tarixən kitaba və kitabxanaya böyük hörmət etmiş, onu qoruyub saxlamışdır. Hər bir azərbacanlı ailəsində kitab müqəddəs, ilahi qüvvə kimi qiymətləndirilmişdir.
Turanə Əzizova,
İsmayilli rayon Mərkəzləşdirilmiş kitabxana sisteminin işçisi

Şərh Yaz