Estafeti uğurla irəli aparılır

Qarlı noyabr günündə qapılarını fidan balalarımıza açan İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbinin noyabr ayının 24-də 13 yaşı tamam oldu.
13 illik fəaliyyəti dövründə yorulmaz, düzgün qurulmuş pedaqoji fəaliyyət sayəsində bir çox uğurlara imza atan məktəbdə hal-hazırda 932 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 75 müəllim məşğul olur.
Estafeti uğurla irəli aparılır
Estafeti uğurla irəli aparılır
Hər bir məktəbin müəyyən dövr üçün fəaliyyətini dəyərləndirmək təhsilə qoyulan tələb və standartların icra vəziyyətini öyrənmək məktəbdə mövcud olan problemləri müəyyənləşdirmək, eyni zamanda məktəbin rəhbər heyətinin həmin dövr ərzində fəaliyyətini dəyərləndirməklə ümumilikdə məktəbdə tədrisin keyfiyyətini, sağlam psixoloji mühiti və əməkdaşlıq münasibətlərini qiymətləndirmək olar. Əgər pedaqoji kollektivdə işgüzar mühit hökm sürürsə, bu özünü şagirdlərin nailiyyətlərində mütləq göstərəcəkdir. Sadalanan bütün bu parametrlərə 5 nömrəli tam orta məktəb cavab verməklə təkcə İsmayıllının deyil, respublika məktəbləri arasında sayılıb-seçilir. Təsadüfi deyil ki, məktəbin məzunu Ağalətif Lətifov 2015-2016-ci tədris ilində Şirvan zonasında ilk dəfə 700 bal toplayaraq məktəbin nailiyyətlərinə yeni bir uğur da əlavə etdi. A.Lətifov məktəb açıldığı ildə 1-ci sinfə qədəm qoymuşdu. Bu da onu göstərir ki, məktəbin ilk 1-ci sinfində oxuyan şagirdlər nəticələri ilə hamıdan fərqlənməyi bacardılar.
Məktəbin pedaqoji kollektivi belə hesab edir ki, tədris prosesində müəllim həmişə yeniliklərə hazır olmalı, müasir tələblərin öhdəsindən gəlməlidir. Odur ki, məktəb kollektivi Təhsil Nazirliyinin xətti ilə təşkil olunan müxtəlif kurs və treninqlərdə mütəmadi iştirak edir, qazandıqları müasir bilik və metodları tədris prosesində uğurla tətbiq edirlər.
İsmayıllı şəhər 5 nömrəli tam orta məktəb 13 ildə 2 dəfə Azərbaycan Respublikasinin Prezdenti cənab İlham Əliyevin sərəncamı ilə “Ən yaxşı ümumi təhsil müəssisəsi “müsabiqəsinin qalibi olub.
Birinci dəfə 2009-2010-cu, ikinci dəfə 2015-2016-cı tədris ilində bu ada layiq görüldükdən sonra 700 bal toplayan məzununun uğuruna 2016-2017-ci ildə yeni bir uğur əlavə olundu. Məktəbin riyaziyyat müəllimi Dürdanə Babayeva Əməkdar müəllim fəxri adına layiq görüldü. 2011-ci ildə isə məktəbin tarix müəllimi Ramiz Baloğlanov Əməkdar müəllim adını alıb. Məktəbin coğrafiya müəllimi Şahin Gənciyev 2015-ci tədris ilində “Ən yaxşı müəllim“ müsabiqəsinin qalibi olub.
2010-cu ildə fizika müəllimi Nazənin Həsənova “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.
Məktəbin qabaqcıl ingilis dili müəllimi Arzu Məmmədova 2015-2016-ci tədris ilində İngiltərədə respublikamızı təmsil edib və Təhsil Nazirliyi ilə Edumediya Azərbaycanın həyata keçirdiyi “Prometan interaktiv lövhələrin tədrisdə tətbiqi” müsabiqəsində qalib gəlib.
2016-2017-ci tədris ilində məktəbin 52 nəfər şagirdi ali məktəblərə qəbula sənəd verib və onlardan 42 nəfəri tələbə adını qazanıb. Həmin məzunlardan 2 nəfəri 600-dən yuxarı (Lamiyə Qəhrəmanlı 647, Elvin Əliyev 626 bal), 11 nəfəri 500-dən, 22 nəfəri 400-dən, 28 nəfəri isə 300-dən yuxarı bal toplamışdır. Bu rayon məktəbləri arasında ən yüksək göstəricidir.
Umummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Kitabi-Dədə Qorqud və H.Fridrix fon Dits-200“ Beynəlxalq Konfransında məktəbin şagirdi Aynur Qədirova iştirak edərək Fəxri fərman alıb. Məktəbin şagirdi Məleykə Seyidli Azərbaycan dili üzrə Respublika olimpiadasının Respublika turunun sertifikatini qazanıb. Coşqun Səmədov Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş “Qələbəyə doğru” kuboku uğrunda intellektual oyununda I yerə çıxıb.
Məktəbin VI sinif şagirdi M.Ayşən “İslam Həmrəyliyi İli”nə həsr olunmuş “Bir günəşin zərrəsiyik” adlı konfransda iştirak edərək Fəxri fərmanla təltif olunub.
Məktəbin idman uğurları da az deyil. Z.Jalə və M.Ruslan, M.Amil, H.Şamil, S.Səbinə, T.Murad, T.Nüşabə yeniyetmələr arasında atletika idman növü üzrə I yer tutmuşlar.
S. Nigar, Ə.Aysu, C.Şöhrət, M.Səbinə, H.Zəhra, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Vətənin pərvəri ol” şeir və rəsm müsabiqəsinin qalibi olublar.
Məktəbin şagirdləri A.Rəsul, M.Zəhra cudo idman yarışlarında Respublika birinciliyində I yeri tutublar. A.Ceyran, H.Könül Gəncədə keçirilən “Ölkəmizi tanıyaq” tur-aksiyasında “Nə? Harda,? Nə Zaman?“ bilik yarışında qalib gələrək Fəxri fərmanla təltif olunublar.
2004-2005-ci tədris ilindən məktəbdə direktor müavini kimi çalışan Elçin Məmmədov təcrübəli təhsil işçisi Fərman Bəşirovun rəhbərlik estafetini uğurla irəli aparır. Böyüməkdə olan gənc nəslin təlim-tərbiyəsi sahəsində özünəməxsus uğurlar qazanmış 5 nömrəli tam orta məktəbində təhsil alan şagirdin 700 bal qazanması, məktəbin ikinci dəfə ”Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qalib olması dediklərimizi bir daha təsdiqləyir.
Layiq görüldüyü yüksək mukafat və uğurlar, 13 illik fəaliyyəti münasibəti ilə məktəbin müəllim və şagird kollektivini ürəkdən təbrik edir, doğma Azərbaycanımızın xoşbəxt gələcəyi naminə kollektivin üzvlərinə yeni-yeni nailiyyətlər diləyirik.
Yasəmən Ağayeva,
5 nömrəli tam orta məktəbinin müəllimi

Şərh Yaz