Lahıc – sevilməli, qorunmalı məkan

Lahıc Böyük Qafqazın cənub yamaclarında, Babadağ və Niyaldağ silsilələrinin arasında Lahıc çökəkliyi adlanan coğrafi ərazidə, dəniz səviyyəsindən 1500 metrdən çox yüksəklikdə yerləşir. Bu ərazinin çətin coğrafi mövqeyi, hər tərəfdən hündür dağlarla əhatə olunması, keçilməz yolları, təbii qalaya bənzəməsi ərazidə kənar qüvvələrdən yaxşı müdafiə olunmaq imkanı yaradır. Digər tərəfdən ərazinin gözəl təbiəti, meşə zolaqları, dağ çayları və il ərzində günəşli günlərinin sayının daha çox olması antik dövrlərdə yaşayan insanların burada məskən salmasına səbəb olmuşdur.
Lahıc -  sevilməli, qorunmalı məkan
Lahıc -  sevilməli, qorunmalı məkan
Lahıc -  sevilməli, qorunmalı məkan
Lahıc -  sevilməli, qorunmalı məkan
Tarixi əsərləri araşdıran tədqiqatçıların yazdığına görə Lahıc adı yazılı mənbələrdə ilk dəfə olaraq məşhur ərəb tarixçisi Əl-Təbərinin b.e. IV əsrinə aid olan hadisələrin şərhi verilərkən çəkilir. Lakin Lahıc və onun yaxın ətrafından tapılmış saxsı əşyalara baxış zamanı mütəxəssis tarixçilərin fikrinə görə b.e. əvvəl II minillikdə Lahıc ərazisində yaşayış mövcud olmuş və insanlar nekropollarda tapılmış saxsı əşyaları istehsal etmişlər.
Г‡ağdaş tariximiz dövründə də Lahıc əlçatmaz, ünyetməz bir məkan kimi məşhur olmuşdur. Müxtəlif siyasi proseslər zamanı təqiblərdən, həbslərdən və s. qurtulmaq istəyənlər Lahıca sığınırdılar. XIX əsrin sonları XX əsrin əvvəllərində çar istibdadına qarşı Dağıstan və Şimali Azərbaycan ərazilərində mübarizə aparan, Şeyx Şamillə güclü əlaqələrə malik Qaçaq Kərəm uzun müddət sığınacaq kimi Lahıcda gizlənmişdir.
XX əsrin əvvəllərində Azərbaycanın bir çox yaşayış məntəqələrində ermənilər tərəfindən müsəlman əhalinin qırğınları törədildiyi zamanlar erməni quldurları tərəfindən Niyal aşırımından keçib Lahıca girməyə cəhd göstərilmiş, lakin Lahıc əhalisinin təşkil etdiyi müdafiə qüvvələri yerli ustaların hazırladıqları artilleriya silahlarından istifadə etməklə onların qarşısını almışlar.
1920-ci ildə Azərbaycan Sovet Hakimiyyətinin təqiblərindən daldalanmaq üçün Azərbaycan Demokratik Cümhuriyyətinin banisi M.Ə.Rəsulzadə təxminən 3 ay müddətində Lahıcda yaşamış və burada özünün “Əsrimizin Səyavuşu” əsərini yazmışdır.
Lahıc ərazisində yaşayan əhali ərazinin çətin coğrafi şəraitə malik olmasına baxmayaraq marağlı, özlərinə məxsus memarlıq və şəhərsalma ənənələri yarada bilmişlər. Lahıca gələn yolların çətinliyi onlara bu əraziyə kənardan inşaat materialları gətirməyə imkan verməmiş, odur ki, ancaq yerli materiallardan istifadə etməklə küçə şəbəkələri, meydanlar, kürəbənd (kanalizasiya) sistemi, bir və iki mərtəbəli fərdi yaşayış evləri, ictimai binalar-məscidlər, körpülər, hamamlar, bulaqüstü tikililər və s. inşa etmişlər. Burada bütün küçə və meydanlar çay daşı ilə örtülmüşdür. Küçə döşəmələrinin yaradılması təmizlik-sanitariya, palçıq olmaması cəhətindən yüksək əhəmiyyətə malik olan Lahıcda küçələrin yağmurlar zamanı sel suları tərəfindən yuyulub aparılmaması üçün də mühüm əhəmiyyət kəsb edirdi. Lahıc meydanları da burada yaşayan əhalinin yüksək mədəniyyətə – bir yerə yığışa bilmək, ağsaqqal sözünü dinləmək, hər hansı problemi birlikdə həll etmək, ortaq fikrə gəlmək, yaxşı və çətin günlərdə bir yerdə ola bilmək mədəniyyətinə malik olmasının göstəricisi kimi çox böyük əhəmiyyətə malikdir.
Bu ərazidə çay daşının zərurətə uyğun işlənməsi – doğranması, döyülməsi bacarıqları yüksək inkişaf dərəcəsinə çatmışdır. Г‡ay daşının inşaat işlərinə uyğun işlənməsi ilə bərabər olaraq bədii işlənməsi də çox populyarlıq qazanmış sənət növlərindən biri olmuşdur. Bu gün Lahıcda müşahidə olunan məscidlər, bulaqlar, hamamlar, yaşayış evləri üstündəki daş kitabələr, Lahıcın beş qəbiristanlığındakı çox nəfis şəkildə işlənmiş baş və sinə daşları bu sənət növü ilə məşğul olan ustaların yüksək bacarıqlara malik olmalarından xəbər verir.
Lahıcın çətin coğrafi mövqeyi, dağlıq şərait, əkin yerlərinin, münbit torpaqların olmaması əkinçiliyin, eyni zamanda qış fəslinin uzunmüddətli olması heyvandarlığın inkişafına imkan verməmişdir. Bu səbəbdəndir ki, Lahıcda əsasən əhalinin məşğuliyyəti kimi xalq sənətkarlıq sahələri inkişaf etmişdir. İnsan yaşayışına və məişətinə lazım olan bütün sənət sahələri Lahıcda təşəkkül tapmışdır. Xalq sənətkarlığının 40 növü – misgərlik, dəmirçilik, xalçaçılıq, zərgərlik, qalayçılıq, nalbəndlik, sərraclıq, toxuculuq, bənnalıq, çay daşının bədii işlənməsi, həkkaklıq, nəqqaşlıq, dabbaqlıq, şalbaflıq, yun əyirmə işləri, dülgərlik və s. kimi sənət sahələri Lahıcda inkişaf etmiş və mahir sənətkarlar yetişmişdir.
Bu sənət növləri arasında ən məşhuru misgərlik sənəti olmuşdur. Misgərlik sənəti elə sənətkarlar yetişdirmiş və elə inkişaf mərhələsinə çatdırmışdır ki, tarixin müəyyən mərhələlərində hətta Lahıcın mövcud olma vəziyyətini müəyyən etmişdir. Burada istehsal olunan mis məişət əşyaları və dekorativ sənət nümunələri nəinki Azərbaycanın digər yaşayış məntəqələrində, eyni zamanda Dağıstan və Gürcüstanın, İran və Türkiyənin şəhərlərində, Orta Asiyada – Mərv, Səmərqənd, Buxara və s. kimi şəhərlərdə və hətta İraqda – Bağdadda satılırdı. Lahıcın misgər sənətkarlarının yaratdığı sənət nümunələrinin necə geniş arenaya məxsus olmasını bu gün onların Sankt-Peterburqun Ermitaj, Londonun Viktoriya, Vyananın Alberto, Parisin Luvr və daha neçə məşhur dünya muzeylərinin stellajlarını bəzəməyi sübut edir.
Lahıc qəsəbəsinin tarixi dəyərləri, yerli əhalinin yaratdığı mədəniyyət, arxitektura, şəhərsalma və əhalinin etnik xususiyyətləri nəzərə alınmaqla Azərbaycan SSR Nazirlər Sovetinin 23 dekabr 1980-ci il tarixli 508 в„–li qərarı ilə bu ərazidə Lahıc Tarix-Mədəniyyət Qoruğu yaradılmışdır. Qoruq 80 hektar əraziyə malikdir və həmin ərazidə mövcud olan və rəsmi dövlət qeydiyyatına alınmış 92 tarix-mədəniyyət abidəsinin və 8 dekorativ tətbiqi sənət nümunələrinin dövlət adından qorunmasını həyata keçirir. Eyni zamanda, qoruq ərazisində mövcud küçə və meydan şəbəkələri, kürəbənd sistemi, əhalinin ənənəvi adət-ənənələri, sənətkarlıq sahələri və s. qoruğun mühafizə obyektləri sayılır. Qoruq ərazisində aparılan tikinti-inşaat, təmir-bərpa və konservasiya işləri zamanı yerli memarlıq-arxitektura ənənələrinə riayət etmək də xüsusi əhəmiyyət kəsb edir. Belə fəaliyyətlər zamanı fiziki və hüquqi şəxslər tərəfindən onların həyata keçirəcəkləri fəaliyyətlər layihələşdirilir, Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırılır və yalnız bundan sonra həmin fəaliyyətlər həyata keçirilir.
Müasir dövrdə respublikamızda turizmin inkişafına xüsusi önəm verilir. Respublikamızın qədim yaşayış məskənlərindən biri kimi Lahıc öz tarixi, təbiəti, etnoqrafiyası, mədəni irsi, sənətkarlığı və s. ilə respublikamızda olan bütün xarici turistləri ziyatətə cəlb etməkdədir. Lahıca bu il 40 min turist gəlib və turistlərin daha yüksək səviyyədə qarşılanıb yola salınması üçün infrastrukturunun yenilənməsi və qurulması barədə işlərə başlanmışdır.
Kənan Rəhimov
Lahıc Tarix-Mədəniyyət Qoruğunun müdiri

Şərh Yaz