Yeni Azərbaycan Partiyası – 25 il

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyasının yaranmasından artıq 25 il ötür. Ümumiyyətlə, YAP ötən əsrin 80-ci illərinin sonu 90-cı illərin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır.
Yeni Azərbaycan Partiyası - 25 il
Belə ki, 1988-ci ildən başlanan iqtisadi, siyasi, xüsusilə hakimiyyət böhranı, həmçinin, həmin illərdə Azərbaycanda rəhbərliyə gətirilən səriştəsiz, imperiya ağaları qarşısında əyilən, milli maraqlarımızdan xəbərsiz olan dairələrin gündən-günə güclənən erməni təcavüzünün qarşısını almaq, ordu yaratmaq, xalqı səfərbər etmək, Vətənin təhlükəsizliyini və əhalinin rifahını təmin etmək əvəzinə öz hakimiyyətlərini qorumaq uğrunda mübarizə aparmaları ölkəmizdə vəziyyəti daha da gərginləşdirmişdi. Məhz belə bir ərəfədə Azərbaycanın düçar ola biləcəyi daha böyük fəlakətlərin qarşısını almaq, uçurum qarşısında olan dövlətimizi xilas etmək məqsədilə xalqımızın milli maraqlar ətrafında birləşmiş sağlam qüvvələri, həmçinin, ziyalılar dahi şəxsiyyət Heydər Əliyevə müraciət etdilər. Beləliklə, 1992-ci il oktyabrın 24-də ziyalıların müraciətinə cavab məktubunda ulu öndər Heydər Əliyevin yaranmış vəziyyəti dərindən təhlil etməsi və çıxış yolunu göstərməsi noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis edilməsi zərurətini reallaşdırdı.
Bu bir həqiqətdir ki, Yeni Azərbaycan Partiyasının əsas məramı dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prisipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.
Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, cənab Prezidentimiz İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi illər ərzində əldə edilən sosial-iqtisadi nailiyyətlər, ölkəmizdə hüquqi dövlət, vətəndaş cəmiyyətinin yaradılması prosesini sürətləndirməklə yanaşı, milli dövlətçiliyimizdə yeni-yeni ənənələrin əsasını qoydu.
Prezidentimizin yürütdüyü daxili və xarici siyasət nəticəsində Azərbaycan ilbəil güclənir, inkişaf edir və beynəlxalq müstəvidə də öz mövqeyini gücləndirir. Artıq bu gün müstəqil dövlətimiz bölgədə söz sahibidir, Azərbaycanın razılığı olmadan regionda hər hansı transmilli layihələr həyata keçirilə bilməz. Bir sözlə, Azərbaycanın Cənubi Qafqaz regionunun lider dövləti olması və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunun artması dünyanın nüfuzlu siyasətçiləri tərəfindən də etiraf olunur.
Ümummilli lider Heydər Əliyev partiyanı yaradarkən, təşkilatın məqsəd və məramını müəyyənləşdirərkən gənclərin qüvvəsindən istifadə edilməsini, onlara diqqət və qayğını, eyni zamanda təhsili əsas amil kimi ön plana çəkmişdir. Bu gün öz sıralarında yüz minlərlə məsləkdaşı birləşdirən YAP ölkəmizin ən güclü və ən nüfuzlu siyasi təşkilatıdır. YAP monolit partiyadır, cəmiyyətimizin avanqardıdır, qüdrətli siyasi qüvvədir. Xalqımızın böyük elm və təhsil xadimləri, görkəmli ziyalıları məhz bu partiyada təmsil olunurlar.
Siyasi sistemin lokomotivi kimi, YAP-ın sürətli inkişafı da Azərbaycanın siyasi mədəniyyətinə uyğun yeni müxalif təşkilatlanmaların formalaşmasına da güclü əsaslar yaratmışdı. Yeni Azərbaycan Partiyasının möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə getdikcə güclənən fəaliyyəti Azərbaycanın bundan sonra da hərtərəfli inkişafında böyük imkanlara yol açır. Əminliklə demək olar ki, iqtidar partiyası siyasi proqramına uyğun olaraq, qarşıdakı illərdə də beynəlxalq hüquq və prinsiplər əsasında dövlətlər arasında etimad yaradılmasına hesablanan uğurlu siyasi fəaliyyətini davam etdirəcək və hər bir azərbaycanlının rifah halının daha da yüksəldilməsinə çalışacaqdır. YAP-ın cəmiyyətin yeganə seçimi olmasını Azərbaycanın beynəlxalq aləmdə güclü mövqeyi və nüfuzu da şərtləndirir və bütün bunlar da belə deməyə əsas verir ki, Ulu öndərin yaratdığı Yeni Azərbaycan Partiyası ölkənin aparıcı siyasi qüvvəsi kimi, milli mənafelərin istənilən platformada müdafiə və təmin etməyə yetərli ictimai dəstəyi var.
Sonda fikrimi ümummilli lider Heydər Əlieyevin sözlərilə tamamlamaq istərdim: “Bu partiyaya hər kəs öz könlü ilə, öz vicdanı ilə, öz qəlbi ilə gəlməlidir. Və hamı bilsin ki, bu partiya saflıq, saf mənəviyyat üzərində qurulmuş bir partiyadır. Bu partiya Azərbaycanın tarixi köklərinə, milli-mənəvi dəyərlərinə söykənərək, ümumbəşəri dəyərlərdən bəhrələnərək ümumxalq partiyasıdır. Azərbaycanın bütün vətəndaşlarının partiyasıdır. Bu bir milli çərçivədə olan partiya deyil, millətindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycanın hər bir vətəndaşı üçün Yeni Azərbaycan Partiyası doğma partiyadırВ».
Vüsalə Qasımova,
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin müəllimi

Şərh Yaz