Xoşbəxt insan

Onu həyata bağlayan və yaşadan övladları, yetirmələridir. Hikmət Haqverdili ömrünün 65 illik bir parçasını artıq arxada qoymuşdur. Bu gün ötənləri düşünəndə qürur hissi keçirir. Г‡ünki şərəfli ömür yolu, zəhmətdən yoğurulmuş taleyi vardır. Hikmət müəllim: Allahın mənə verdiklərindən razıyam, – deyir. O, hər cür təmtəraqdan uzaq, sadə ziyalı ömrü yaşayır.
Xoşbəxt insan
Xoşbəxt insan
Xoşbəxt insan
Ömrünün 66-cı pilləsində olan Hikmət müəllim ona verilmiş ömür payından vicdanla, alnıaçıq istifadə etmişdir. O yalnız özünü deyil, daim başqalarını düşünmüş, haqsızlığa qarşı sözünü, fikrini demişdir.
Yaradıcı və pedaqoji ömür sahibi olan Hikmət müəllim uzun müddətdir ki, Lahıc qəsəbə tam orta məktəbinin direktoru vəzifəsində çalışır. Pedaqoji kollektivdə bacarıqla və peşəkarcasına rəhbərlik edir. Rəhbər olduğu kollektivdə sağlam pedaqoji atmosfer kökm sürür. Kollektivdəki müəllimlər arasında formalaşmış səmimiyyət, qarşılıqlı hörmət və hər bir müəllim üçün vacib olan əxlaqi keyfiyyətlərin cəmi bu kollektivin monolitliyini ortaya qoyur. Belə nümunəvi kollektivi formalaşdırmaq isə bilavasitə Hikmət müəllimin bacarıqlı idarəçiliyinin nəticəsidir.
Dağlar və sənətkarlar diyarı kimi tanınan qədim və gözəl Lahıcda dünyaya göz açan Haqverdili Hikmət Ağaməmməd oğlu doğulduğu qəsəbədə orta təhsil alıb. Lahıc məktəbində oxuduğu illər haqqında Hikmət müəllimin dediklərindən:
– Heyrətamiz təsəvvürə malik idim. Sinifdən-sinfə keçdikcə müəllimlərim artdı. Lakin onların hamısından eyni məhəbbət, eyni şəfqət, eyni doğmalıq hissi gördüm. İnandım ki, yer üzünün əşrəfi olan insanın ən şərəflisi müəllim, Vətən torpağının ən müqəddəs parçası məktəbin yerləşdiyi yerdir. Sevincin, fərəhin, təmkinin, məhəbbətin, işığın, gündüzün, haqqın, ədalətin və bütün bunların əksi olan hər şeyin mənasını mənə öyrədən müəllimi məktəb bir ana kimi qucağında pərvazlandırıb. Müəllimlərim humanizm, sənətkarlıq, dəyanət, qeyrət, cəsarət, dözüm və romantikadan danışdıqca gözlərim nurlanır, zehnim ovxarlanırdı. Odur ki, müəllim olmaq arzusu məni 1969-cu ildə Bakı Dövlət Pedaqoji İnstitutuna gətirdi…
Bu ziya ocağının riyaziyyat fakültəsini 1973-cü ildə bitirən Hikmət Haqverdili rayonun Həftəsov kəndində pedaqoji fəaliyyətə başladı. Hikmət müəllim kollektivdə özünü çox tez təsdiq etdi. Sakit təbiəti, elmi, bacarığı və səriştəli olması ilə hamının hörmətini qazandı. Özünün bilik adlı sərvətini şagirdləri ilə səxavətlə bölüşdü. Peşəsinə böyük həvəs, özünə tələbkarlıq və ciddilik nümayiş etdirdi. Dərs dediyi şagirdləri ilk növbədə şəxsiyyət kimi yetişdirmək onun başlıca məqsədi oldu.
Bir il sonra Hikmət müəllim əmək fəaliyyətini təhsil aldığı Lahıc qəsəbə tam orta məktəbində davam etdirməyə başladı. 1982-1988-ci illərdə riyaziyyat elminin sirlərini öyrətməklə yanaşı, təlim-tərbiyə işləri üzrə direktor müavini kimi çalışdı. Bu müddət ərzində təcrübəli həmkarlarından, ona dərs deyən müəllimlərindən çox şey öyrəndi, yaxşı müəllim kimi sevildi və tanındı. Onun ən yaxşı nailiyyətlərindən biri məktəbdə yaratdığı müəllim-şagird münasibətidir. O, şagirdlərinə təkcə bildiklərini öyrətməklə kifayətlənmir. Hər an onların suallarını cavablandırmağa, istənilən mövzunu onlarla birlikdə müzakirə etməyə hazırdır. Şagirdlərlə elə münasibət qurur ki, onlar müəllimə hörmət və ehtiram göstərməklə bərabər, onu həm də özlərinin yaxşı dostu, arxa-dayağı, xeyirxah hiss edir.
Hikmət müəllim heç bir elm sahəsini riyaziyyatdan ayırmır. O deyir ki, ədəbiyyatın özündə də riyaziyyat var. Yer üzündə elə bir sahə, məktəbdə elə bir fənn yoxdur ki, orada riyaziyyat olmasın. Riyaziyyatsız nə var? Heç nə! Ona görə də şagirdə ilk növbədə riyaziyyatı sevdirmək lazımdır. Bunu etmişik ki, məktəbimizin məzunları həmişə yüksək bal toplaya bilirlər.
H.Haqverdilinin Lahıc qəsəbə tam orta məktəbinə direktor təyin olunmasından 30 ilə yaxın vaxt keçir. Onun böyük təşkilatçılıq və idarəetmə təcrübəsi var. Böyük bir kollektivə təmkinlə rəhbərlik edir. Hikmət müəllimi uzun illərin yol yoldaşlığı, dostluq və əməkdaşlığı sayəsində yaxından tanıya bilmişik. Bununla belə, hər dəfə onunla həmsöhbət olanda, hər hansı bir məsələni müzakirə edəndə onda nə isə yeni bir məziyyət kəşf edirsən. Bu da dostumuzun nə qədər zəngin elmi, pedaqoji və həyatı biliyə malik olan bir ziyalı olduğunu sübut edir.
Hikmət müəllimin rəhbərliyi altında məktəb iki dəfə “İlin ən yaxşı ümumtəhsil müaəssisəsi” adına layiq görüldü. Məktəbin uğurları artdıqca məktəb direktorunun da hörmət və nüfuzu artmaqda idi. Hikmət müəllimin məhsuldar pedaqoji fəaliyyəti Azərbaycan Respublikasının Təhsil Nazirliyi, İsmayıllı Rayon İcra Hakimiyyəti, Rayon Təhsil Şöbəsi tərəfindən vaxtında və yetərincə dəyərləndirilmişdir. Onun bu təşkilatlardan aldığı çoxsaylı Fəxri fərmanlar və Təşəkkürnamələr dediklərimizi bir daha təsdiqləyir.
Hikmət Haqverdilinin ən böyük sevinci oktyabr ayında hörmətli prezidentimiz İlham Əliyevin Lahıc qəsəbəsində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı olan Sərəncamıdır. Bu həm də qəsəbə sakinlərinin, ətraf kəndlərdə yaşayan sakinlərin böyük sevincidir. Bu Sərəncama görə o, Lahıc ağsaqqalları və ziyalıları adından Prezidentə minnətdarlıq edir. Bu sətirlərin müəllifi, Lahıc qəsəbə məktəbinin məzunu kimi mən də bu qədim yaşayış məskəni ilə bağlı imzaladığı üç Sərəncama görə cənab Prezidentə minnətdarlıq ifadə edirəm.
Hikmət müəllim 1984-cü ildə “Qabaqcıl maarif xadimi” döş nişanı ilə təltif olunub. O, Azərbaycan müəllimlərinin X, XI və XIII Qurultaylarına nümayəndə seçilib 1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Haqqında deyilən ”Xoşbəxt insandır” ifadəsini Hikmət müəllimi yaxından tanıyanların çoxundan eşitmişəm. Г‡ünki o, bilik və bacarığını daxilində gizlətməyi bacarmır. Bu keyfiyyətlərini başqaları ilə bölüşür, gənclərə ötürür. Deyilənlər onun qəlbinin genişliyindən irəli gəlir. Bunun özü də bir xoşbəxtlikdir. O nəinki, oxuyub-öyrəndiklərini, görüb-götürdüklərini, eləcə də özünün bir ziyalı kimi əldə etdiklərini gənc həmkarlarının istifadə etməsindən məmnun qalır.
Hikmət müəllimin ən bəyənilən xüsusiyyətlərindən biri də budur ki, heç vaxt nail olduğu nəticələrlə kifayətlənmir, kənara çəkilib rahatca oturmur. Daim qazandığı yüksək nəticələrin dairəsini genişləndirir, bilgilərini daha da dərinləşdirir. Onun haqqında yazılan yazı qəzet səhifəsinə yalnız ixtisarla yerləşə bilər.
Hikmət müəllim müxtəlif vaxtlarda Litva, Türkiyə, Gürcüstan və digər respublikalarda təcrübə mübadiləsində olmuş, seminarlarda iştirak etmişdir. Rəhbərlik etdiyi məktəbin şagirdləri rayonda və respublikada həmişə fərqlənmişlər. Cari dərs ilində məktəbin şagirdi Vahab Cəbrayılov 700 bal toplayaraq arzuladığı ali məktəbə daxil olmuş, Prezident təqaüdünə layiq görülmüşdür.
Məktəbin iki müəllimi “Ən yaxşı müəllim” müsabiqəsinin qalibidir. İki müəllim Əməkdar müəllim adına, bir müəllim “Tərəqqi” medalına layiq görülüb. Hikmət müəllim özü prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 3 oktyabr 2007-ci il tarixdə Əməkdar müəllim adını alıb.
Xoşbəxt sayılan bu insan həm də gözəl, səmimi bir ailənin başçısıdır. Bu qayğıkeş ata 3 qız, 2 oğulun tərbiyəsində də əsl əzmkarlıq nümayiş etdirib. Müəllimin böyük oğlu Abbas Milli Ordumuzun zabitidir. Məhəmməd isə Neft Şirkətində çalışır. Qızlarından Sima bağça müdiri, Xanım tibb işçisidir. Atasının yolu ilə getmək, onunla bir kollektivdə çalışmaq Şölənin payına düşüb.
Hikmət müəllim haqqında tərif sayılacaq bir söz belə işlətmədim, həqiqəti, bildiklərimi yazdım. İradımı da gizlədən deyiləm. Düşünürəm ki, intellektual imkanları müqabilində elmi iş, disertasiya müdafiə etməməsi onun bağışlanılmaz səhvidir. Yəqin ki, onun bu məsələ ilə bağlı qərar qəbul etməyə vaxtı var.
Ömrünün 66-cı ilində və qarşıdakı illərdə ondan yeni-yeni uğurlar gözləyir, xoşbəxtliklə, can sağlığı ilə uzun ömür yaşamasını arzulayırıq. Təhsilimizin inkişafı keşiyində ayıq-sayıq dayan, xoşbəxt insan!
H. Məmmədov

Şərh Yaz