Yeni nəşrlər: Həmyerlimizin növbəti kitabı

Həmyerlimiz Mövlud Teymurun (Teymurov Mövlud Məmmədhəsən oğlu) “Təknur” nəşriyyatında “Qəlbimin sazı” adlı şeirlər kitabı çapdan çıxıb.
M.Teymur 1951-ci ildə İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. “Yağış” adlı şeiri ilə ilk dəfə respublika mətbuatında çıxış edib. 16 şeir kitabının müəllifi M.Teymur Bakı şəhərində 90 nömrəli fəhlə-gənclər orta məktəbini bitirib. O, Bakı Dövlət Universitetinin məzunudur.
“Qəlbimin sazı” kitabında müəllifin müxtəlif illərdə və müxtəlif mövzuları əhatə edən qələm nümunələrini toplanıb. Bu şeirlərdə Vətənə, xalqa, Haqqa və halallığa məhəbbət tərənnüm olunur. Müəllifin şeir dili kifayət qədər sadə və anlaşılandır.
Həmyerlimizi yeni kitabının işıq üzü görməsi münasibəti ilə təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayır, iki şeirini oxuculara təqdim edirik:

Yağış

Bu yağış dəlidi, nədi,
vurur özünü dağa-daşa.
Enir enişə,
qalxır yoxuşa!
Sel yaradır, göl yaradır,
Bilmək olmur
yolu haradır!?
Dağa yağır,
düzə yağır.
Sizə yağır, bizə yağır!
Gecəyə, gündüzə yağır!
Biri deyir:
Bərəkətdi!
Biri deyir:
Hərəkətdi!
Axırı ki sel-sudu,
Heç bilmirəm nə hacətdi!?

Dağlar

Qarlı qışda buzdu, sazaq,
İsti yayda sərin dağlar.
Bu dünyada ən başdadı,
Ucadadı yerin, dağlar.

Qurulubdur taxtın, tacın,
Yanındadır qardaş-bacın.
Ağarıbdır vaxtsız saçın,
Nədir səbəb, de, din, dağlar?!

Mövlud deyir, cənnət gəzsən,
Zirvəsində dolan, gəz sən.
Ətəyindən çiçək üz sən,
Qoxla, de ki, şirin dağlar!

Şərh Yaz