Kənd böyüyür, sakinlərin sayı artır

Yaradılan şərait nəticəsində Sumağallı gəncləri doğma yurda daha sıx bağlanırlar.

İsti yay günlərində havasızlıqdan nəfəsimiz kəsiləndə heç şübhəsiz ki, hamımızın yadına ilk növbədə yaşıllıqla zəngin təbiət düşür. Azından bir həftəliyə, on günlüyə də olsa mühitimizi dəyişmək, oksigenlə zəngin havanı ciyərlərimizə çəkmək, buz bulaqların suyundan içmək istəyirik. İlk fürsət düşən kimi əksər hallarda mütləq bu arzumuzu gerçəkləşdiririk də…
Kənd böyüyür, sakinlərin sayı artır
Kənd böyüyür, sakinlərin sayı artır
Kənd böyüyür, sakinlərin sayı artır
Kənd böyüyür, sakinlərin sayı artır
Kənd böyüyür, sakinlərin sayı artır
Xoşbəxtlikdən ölkəmizdə belə məkanlar da az deyil. Bu baxımdan Dağlıq Şirvan iqtisadi rayonuna daxil olan bölgələrimiz də həmişə cəlbediciliyini qoruyub saxlayıb. Həmin məkanlar arasında İsmayıllı rayonunun dağlıq və dağətəyi kəndlərinin də özünəməxsus yeri var. Belə kəndlərdən biri də “Şirinsu-Qız qalası” turizm zonasında, İsmayıllı-Qəbələ şossesinin 22-ci kilometrliyində, magistral yoldan 1 kilometr kənarda yerləşən Sumağallıdır.
Hündür dağlar və yaşıllıqlarla əhatə olunan məkan ilk andaca insanı valeh edir. Kəndin içərisinə daxil olaraq ərazini gəzirik. Müşahidələrimiz ürəkaçandır. XIX əsrə aid məscid lap uzaqdan diqqəti çəkir. Küçələr səliqəliliyi, asfalt örtüklə örtülməsi baxımından cəlbedicidir. Yaşıllığa qərq olan, mer-meyvəli həyətlər, kəndin ətrafındakı çoxlu sayda iri və xırdabuynuzlu heyvanlar, həyətlərdə gözə dəyən toyuq-cücə adamda xoş təəssürat yaradır. Buradakı insanların zəhmətkeşliyinə, əl qabarını, alın tərini üz ağlığına çevirmələrinə inanırsan.
Kəndin içərisindəki abad, səliqəli uşaq bağçası da marağımıza səbəb olur. Özümüzü təqdim edərək içəri daxil oluruq. Buradakı təmizlik, uşaqlara yaradılan şərait adamda xoş ovqat yaradır.

Məktəb qəzalı vəziyyətdə olsa da…

Lakin təəssüf ki, kəndin məktəbi haqqında heç də tam xoş söz deyə bilməyəcəyik. Buradakı vəziyyət tamamilə fərqlidir. Binanın qəzalı vəziyyətdə olması hələ çölündən bəllidir. İçərisində isə vəziyyət daha acınacaqlıdır. Sumağallı kənd tam orta məktəbinin direktoru Mahmud Şirinov deyir ki, 1972-ci ildən təyinatla kənddə müəllim işləyir. 2003-cü ildən direktor təyin olunub. Əvvəl məktəb kəndin ayrı hissəsində olub. Hazırkı məktəb sonradan tikilib. Buna baxmayaraq qəza vəziyyətindədir. 220 şagird, 23 müəllim var. Uyğunlaşdırılmış məktəbdir. Bu da məktəbdə təhsilin standartlarına cavab verən bütün infrastrukturların olmaması deməkdir. İdman zallarının, klubun olmaması buna nümunə göstərilə bilər. Vaxtilə məktəb kənd camaatı tərəfindən iməcilik yolu ilə çaylaq daşından tikilib. Beləliklə də bina gözlənilməyən zəlzələ kimi təbii fəlakətlər üçün dayanıqlı deyil. 10 sinif otağı olmaqla ikinövbəli fəaliyyət göstərir.
Bütün qeyd olunan çatışmazlıqlara baxmayaraq məktəb nəzərəçarpacaq göstəricilərə malikdir. Şagirdlər ali məktəblərə qəbul, respublika və rayondaxili olimpiadalarda uğurları ilə seçilirlər. Keçən il bir məzun 600 bal toplayıb. Bu il də 4 məzun 500 balı keçib. Abituriyentlərin 70-80 faizi ali məktəblərə qəbul olur. Bu il 11-ci sinfi bitirən 17 nəfərdən 11-i ali məktəb tələbəsidir. Qalanı isə kollec və texniki peşə məktəblərinə sənəd verib. Bir sözlə, heç kəs təhsildən kənarda qalmır.
Direktor deyir ki, şagirdlər arasında pis vərdişlərə aludəçilik müşahidə olunmur. Erkən nikah halları da yoxdur. Müsbət cəhətlərdən biri də 15-20 il bundan əvvəllə müqayisədə qız uşaqlarının da elmə, təhsilə kütləvi şəkildə maraq göstərmələridir. Konkret olaraq bu il ali təhsil müəssisələrinə qəbul olanlardan 7 nəfərini qızlar təşkil edir. Yeni məktəb binasının tikilməsi artıq Nazirlər Kabineti tərəfindən Dövlət Proqramına salınıb.
Məktəbin məzunlarından istər respublika səviyyəsində, istərsə də rayonda vacib sahələrdə çalışan mütəxəssislər az deyil. Hətta əvvəlki illərdə müəllim və ya başqa sahələr üzrə kənardan gələn kadrlara ehtiyac olduğu halda indi kəndin mütəxəssisləri İsmayıllı rayonu ilə yanaşı qonşu Qəbələ rayonunda da tələbat olan yerlərdə çalışırlar. Onların arasında hərbçilər daha çoxdur. Bu da sakinlərin hərbi sahəyə daha çox meyilli olmalarından qaynaqlanır.

Sumuğul tayfasının məskunlaşdığı məkan

Əsasən etnik ləzgilərin yaşadığı bu kənddə məskunlaşan insanların həyat tərzi, məişətləri haqqında məlumat əldə etmək üçün Sumağallı kənd tam orta məktəbinin tarix müəllimi Rza Salahovla görüşüb söhbət edirik. Xahişimiz əsasında iş başından, təsərrüfatda dəryaz ilə ot çalmaqdan gəlir Rza müəllim. Onun dediklərini diqqətinizə çatdırırıq: – Gərək bağışlayasınız, sahədə olduğum üçün evə gedib əyin-başımı da dəyişə bilmədim. İnsan gərək düşdüyü mühitin tələblərinə uyğunlaşmağı bacara. Əgər yaşayış üçün kəndi seçmişəmsə, mütləq qaydalara uymalıyam. Şəhər yeri ilə müqayisədə burada vəziyyət fərqlidir, gərək mütləq təsərrüfatla əlaqən olsun. Г‡ünki şəhər yerində müəllim repititor kimi çalışmaqla normal pul qazana bilər. Kənddə isə insanlar böyük pul verə bilmirlər. Həm də tanıdığın, vəziyyətinə bələd olduğun insandan pul götürmək də düz sayılmır.
R.Salahov Sumağallı toponimi ilə də bağlı fikirlərini bölüşərək bildirdi ki, məlum olduğu kimi tarixi məlumatlar iki üsulla, şifahi və arxeoloji qazıntıların aparılması – tədqiqatlar yolu ilə reallaşır. Bu kəndlə bağlı hər ikisi var. Kəndin məktəbində tarixi yaşadan muzey mövcuddur. Orada saxsı nümunələr var. Həmin nümunələrdən bir qismi tədqiqat obyekti kimi Milli Elmlər Akademiyasının Arxeologiya institutuna göndərilib. Gələn cavablardan həmin nümunələrin eramızın I-III əsrlərinə aid olması aydınlaşır. Saxsı qablar və damların kirəmidlə örtülməsi isə albanlara gedib çıxır. Kənd də birdən-birə yaranmır. Bu tarixin daha erkən dövrlərə gedib çıxması da mümkündür. Deyilənləri sübut edən daha bir məqam qəbiristanlıqlarla bağlıdır. Kənddə olan qədim müsəlman qəbiristanlığının kənarında elə qəbirlər var ki, onlar üzü şimala, şərqə baxır. Bu da kəndin islamaqədərki yaşayış məntəqələrindən olmasının təsdiqi kimi nəzərdən keçirilə bilər.
Fikirlərini inkişaf etdirən Rza müəllim deyir ki, yaşayış məntəqələri ya hansısa coğrafi ərazinin, yaxud da orada məskunlaşmış qəbilə və ya tayfanın adı ilə əbədiləşdirilir. Sumağallı toponimi su mahalı, sumaxlı və sair adlarla mənalandırılır. Lakin tam təfsilata vardıqda bu yerlərdə müəyyən sayda sumax ağacının olması, yaxud da saxsı qablarla suyun gətirildiyi yerə su mahalı adı vermək düzgün sayılmır. Ona görə də böyük ehtimalla tayfa adına bağlanır. Bu tayfa da Sumuğul tayfasıdır ki, sonradan həmin məkan zamanla Sumağallı adlandırılıb. Dağıstanda da eyni adda kənd var.

Adətlər həmişə xoş qarşılanır

Kəndin maraqlı adət-ənənələri də var. Onlardan birinə diqqət yetirək. Orta məktəbi qurtaran gənclər adətən püşkatma yolu ilə özlərinə bəy yoldaşı seçirlər. Toydan bir gün əvvəl bəy yoldaşının həyətində mağar qurulur. Mağar ən azından 50 nəfər üçün nəzərdə tutulur. Kəndin kənarda olan gəncləri bəy məclisində iştirak edirlər. Toyun sonrakı günündə də həmin proses davam edir. Bütün xərcləri çəkən isə bəyin yoldaşı olur.

Yaradılan şəraitə gənclərdən adekvat cavab

Nəhayət mövzumuzun ən vacib məqamlarına toxunmaq anı çatır. Məqam isə bu kənddə digərləri ilə müqayisədə son 10-15 ildə əhali artımının olması və əhalinin sosial vəziyyətinin daha da yaxşılaşmasından ibarətdir. Qeyd olunanlara aydınlıq gətirmək üçün Sumağallı kənd bələdiyyəsinin sədri Ata Rəsulova müraciət edirik. Müsahibimiz deyir ki, bələdiyyə strukturu yaranana kimi kənddə torpaq qıtlığı olub. Ona görə də həyətyanı torpaq sıxıntısı yaranmışdı. Nəticədə gənclər şəhərə axın edirdi. Belə bir vəziyyətdə bələdiyyəyə verilən perspektiv torpaq sahələri qısa müddətdə yerli adamlara paylanıb. Г‡ox keçmədən həmin ərazidə böyük bir məhəllə formalaşıb. Artıq torpağa, evə sahib gənclər kənddə qaldılar. Evlənib oğul-uşaq sahibi oldular. Həmin zamana kimi kəndin məktəbində 140-150 şagird təhsil alırdısa, indi 50 faizdən çox artım var. Kəndin ümumi əhali sayı da 650-dən 1050 nəfərə qədər yüksəlib. 150 təsərrüfat hazırda 300-ə çatıb. İnsanlar Qəbələdəki Hava Limanı, Asan xidmət, otellərdə, heyvandarlıq kompleksində, kənd ərazisindəki iki ədəd su elektrik stansiyalarında çalışırlar. Həmçinin heyvandarlıq, arıçılıq, əkinçiliklə məşğul olurlar. Artıq burada baramaçılıq və fındıqçılıq sahələrinə də diqqət yetirilir.
İşıq, qaz, su probleminin həlli bu kəndlə şəhər arasındakı fərqi aradan qaldırıb. Qeyd olunanlar insanları doğma yurda daha sıx bağlayıb. Kəndin daxilinə əlavə su mənbəyinin çəkilməsi də bələdiyyə və sakinlərin səyləri nəticəsində mümkünləşib. 4 kilometr məsafədən su çəkilib və kəndin üst hissəsində tikilmiş su anbarına doldurulmaqla sakinlərə paylanması təmin olunub. Əhali artdıqdan sonra isə drenaj yolu ilə kəndin yaxınlığından keçən Göyçay çayından 3 metr dərinlikdən borular vasitəsilə su çəkilib. Kəndin qəbiristanlığı hasara alınıb.
Kənddə eyni zamanda icmalar da fəaliyyət göstərir. Bunlar Ağsaqqallar, Gəlir gətirən və sair adlarda olan icmalarıdır. Gəlir gətirən icma bu il Kənd İnvestisiya Layihəsinə kənddə inkubator sexinin yaradılması təklifilə çıxıb. Layihə bəyənilib və onun tikintisinə nail olunub. Beləliklə də icma inkubatorda çıxarılacaq cücələrin satışını təmin etməklə kəndin maddi vəziyyətinin daha da yaxşılaşmasına təsir göstərəcək.
Sumağallı Ərazi İnzibati Dairəsinin nümayəndəsi Vidadi Həbibov da son illər kəndlərində müşahidə olunan inkişafdan məmnun qaldıqlarını gizlətmədi. Eyni zamanda bu inkişafın ölkə rəhbərliyinin regionların inkişafına yetirdiyi diqqətin parlaq təzahürü olmasını da nəzərə çatdırdı. Həmçinin yerli icra strukturlarının, xüsusən də rayon icra hakimiyyətinin bu kəndə qayğısı sakinlərin doğma yurda olan bağlılıqlarını daha da möhkəmləndirib.
Bir kəndin timsalında sözsüz ki, biz dövlət müstəqilliyimizin yenidən bərpa olunmasının əhəmiyyətini bir daha görmək və dərk etmək imkanı qazandıq. Nəticə isə ondan ibarətdir ki, ölkə müstəqil, dövlət güclü olanda uğur da əlçatan olur, inkişaf da…
Əli Səlimov,
“Azərbaycan” qəzetinin bölgə müxbiri

Şərh Yaz