Tələbələr Cavanşir qalasına səfər ediblər

7 oktyabr 2017-ci il tarixində GİZ – Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti və Təhsil Nazirliyinin təşəbbüsü ilə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin 22 nəfər tələbəsi və 3 müəllimi “Şahdağ Milli Parkının flora, fauna və tarixi” adı altında maarifləndirmə tədbirinin həyata keçirilməsində iştirak edib. Tədbir çərçivəsində tələbələr Cavanşir qalasına səfər ediblər.
Tələbələr Cavanşir qalasına səfər ediblər
Tələbələr Cavanşir qalasına səfər ediblər
Onlara çatdırılan məlumatlarda qeyd olunub ki, qüdrətli müdafiə istehkamı olan Cavanşir qalası VII əsrdə Albaniya hökmdarı və sərkərdə Cavanşirin (642-681) şərəfinə tikilib. Talıstan kəndindən 4 kilometr şimalda yerləşən qalanın ümumi sahəsi 2 hektara yaxındır. Г‡ay daşından kirəc məhlulu ilə tikilmiş qala 3 tərəfdən Ağçayın dərin dərəsi ilə əhatə olunub.
Qalanın qərb divarları tamamilə dağılsa da digər tərəflərdə yarıuçulmuş divarlar qalanın müdafiə xüsusiyyətlərini saxlayıb. Qalaya giriş cənub tərəfdən olmuşdur. Həmin hissədə divarların qalınlığı 2 metr hündürlüyü isə 10 metrdən çoxdur. Qala divarlarını möhkəmləndirmək üçün tikilmiş bürclər cənub tərəfdə dördkünc, digər tərəflərdə isə dairəvi formadadır. Onların bəzilərinin diametri 8 metrə çatır. Divarların üstündə bir-birindən təxminən 0,5 metr aralı daraqvari dişlər olub.
Qalada narınqala adlanan iç qala da mövcuddur. Qalanın şimal qurtaracağında baş müşahidə məntəqəsi yerləşib. Oradan qalaya gələn yol, o cümlədən düşmənin qarşısını almaq üçün nəzərdə tutulan “Səngər yeri” aydın görünür.
Uzun sürən mühasirə zamanı qalanın xarici aləmlə əlaqə saxlaması üçün qalanın şimal-şərq tərəfindən gizli yol olub.
Ümumilikdə, strateji baxımdan qala üçün seçilmiş ərazi idealdır. Qalanı az qüvvə ilə də etibarlı müdafiə etmək mümkündür.
Qalada döyüş zamanı olan dağıntıların izlərinə rast gəlmək mümkün deyildir. Bu da deməyə əsas verir ki, Cavanşir qalasına olan hücumlar həmişə dəf olunmuş, qala heç vaxt xarici düşmənlərin əlinə keçməmişdir.
Qala haqqında ilk elmi məlumatı tarix elmlər namizədi, arxeoloq Fazil Osmanov verib. Memarlıq namizədi Cəfər Qiyasi qalanın bərpa eskizini hazırlayıb. Tarix elmləri doktoru Qafar Cəbiyev qala haqqında dəyərli məqalələr çap etdirib və “Bura Vətəndir” adlı kitabında qala haqqında dəyərli məlumatlar verib.
Tələbələrə çatdırılıb ki, bu məlumatlara sahib olmağımıza baxmayaraq Cavanşir qalası tariximizin hələ də neçə-neçə sirlərini özündə saxlamaqdadır.
Azad Şahalıyev,
əyani şöbənin müdiri

Şərh Yaz