Tarixçilərə töhfəm

Tarix fənninə sonsuz sevgim məni bu fənnin incəliklərinə yiyələnməyə sövq etdi. Bildiyimiz kimi sözü gedən fənn dərin köklərə, şaxələrə malikdir. Bu fənnin öyrənilməsində, araşdırılmasında çoxsaylı işlər görülmüş, bir çox elm xadimlərinin biri-birindən maraqlı, müxtəlif məzmunlu tarixi məqalələri, elmi əsərləri, kitabları işıq üzü görmüşdür.Tarixçilərə töhfəm                      Üzərində çalışdığım, böyük zəhmətin nəticəsi olan “Rusca-Azərbaycanca tarix terminləri lüğəti” nəşr olunaraq oxuculara təqdim edilib. Həmişə xüsusi həvəs və sevgi ilə yanaşdığım bu fənnə, tarixlə maraqlananlara yeni bir töhfə bəxş etdiyim üçün özümü çox şanslı hiss edirəm.
Bu uğur üçün üç ildən artıq müddət ərzində xüsusi səylə çalışdım. Araşdırmalarımın hədsiz əziyyət, zəhmət, dəqiqlik tələb etməsinə baxmayaraq ruhdan düşmədim. Əksinə, çətin olanı bacarmağın xoş duyğusu daha inamla çalışmama təkan verdi.
Bu işdə mənə böyük dəstəyi olan dəyərli ziyalıların zəhmətini yüksək qiymətləndirirəm. Dəyərli məsləhətləri, fikir və tövsiyələri ilə mənə dəstək olan, pedaqoji elmlər doktoru, professor İntiqam Cəbrayılova, pedaqogika üzrə elmlər doktoru, dosent Talıb Paşayevə, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Lalə Əsədovaya, Nərgiz nəşriyyatının baş redaktoru Hidayət Musabəyliyə, eyni zamanda, Yasəmən İsmayılova, Ülviyyə Quliyeva, Sitarə Musayevaya sonsuz təşəkkürlərimi bildirirəm.
Hesab edirəm ki, hazırladığım vəsait Azərbaycan elminə, təhsilinə yeni töhfədir. Sevindirici hal budur ki, tərtib edilmiş bu kitab ilk dəfədir ki, tarix fənnini və onun qollarını toplu halına salmış, ardıcıllıqla, izahlı şəkildə hazırlanmışdır. Artıq tarixi terminləri qırıq-qırıq və pərakəndə mənbələrdən deyil, tam mənbəyindən əldə etmək hər bir oxucuya əlverişli olacaqdır.
Ümid edirəm ki, ərsəyə gələn kitab yeni-yeni tədqiqatlarımın, fəaliyyətimin başlanğıcı olacaq, yüksək nailiyyətlərin əldə edilməsində stimula çevriləcəkdir.
Qumru Abdullayeva,
İsmayıllı şəhər 7 nömrəli tam orta məktəbinin tarix müəllimi

Şərh Yaz