Azərbaycanda təhsillə bağlı inkişafın yeni mərhələləri: İsmayıllı rayonunun timsalında

Təhsilimizin yaxın keçmişini bugünümüzün kontekstində təhlil edərkən, inkişafla bağlı dövrləri mərhələlər üzrə birləşdirmək daha məqsədəmüvafiq olar. Müstəqilliyimizin ilk illərində, təhsil sahəsində müxtəlif çətinliklər və problemlər yaşanırdı. Bu problemlər məktəblərlə bağlı infrastrukturların təzələnməsi, dərsliklərin və təhsil proqramlarının dövrün inkişaf tempinin tələblərinə uyğun tərtib edilməsi və s. də təzahür edirdi. Ulu öndərin hakimiyyəti dövründən başlayaraq ölkənin gələcək müstəqilliyi və möhkəmlənməsi üçün strateji əhəmiyyət kəsb edən belə ciddi məsələlərin etaplı həllinə yönəlik tədbirlər ardıcıl həyata keçirilməyə başladı.
Təhsilin inkişafı ilə bağlı ikinci – müasir mərhələnin başlanğıcını isə Ulu öndərin siyasi davamçısı cənab Prezident İlham Əliyevin hakimiyyəti dövrlərindən sərhədləmək olar. Məhz həmin dövrdən başlayaraq xüsusi qayğı nəticəsində Azərbaycan təhsilində forma və məzmunca yeni inkişaf səviyyəsi müşahidə olunmağa başlandı. Onun “Bütün işlər məhz məktəbdən başlayır, təhsilə diqqət, müəllimə qayğı həmişə olmalıdır. Bütün dövlət orqanları bu tövsiyələri eşitməli və praktik həyatda bunu təmin etməlidir” fikrində qeyd olunanlar mahiyyətcə öz təsdiqinə qovuşur. Dövlət başçısının 24 oktyabr 2013-cü il tarixli müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” belə mühüm məsələnin həlli üçün dövlətin maraqlarını və məramını tam əks etdirdi.
Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən silsilə tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini və qüdrətli inkişafını təhsillə bağlayır. 2011-2021-ci illərdə Azərbaycanda təhsilin inkişafı üzrə Milli Strategiyanın hazırlanması, təhsilin dövlətin başlıca strateji hədəfi anlamını daha da kəskinləşdirir.
Ölkəmizdə olduğu kimi, İsmayıllı rayonunda da son illər təhsilin inkişafına olan qayğı, tələbkarlıq öz müsbət nəticəsini vermişdir. Cənab Prezidentin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı” Dövlət Proqramına uyğun olaraq yeni məktəb binaları tikilməsi və bəzilərinin əsaslı təmir olunması rayonun təhsillə bağlı göstəricilərinə müsbət təsirlər etmişdir. Belə ki, bu təsirləri istər ali məktəblər üzrə qəbullar zamanı 600-700 bal toplayan abiturientlərin sayında, istərsə də yerli və beynəlxalq olimpiadalarda qazanılan medallarda görmək mümkündür. Konkret statistik göstəricilərlə xarakterizə etsək, 2016-2017-ci tədris ilində rayonda 777 nəfər məzun attestat alıb, 346 nəfəri müxtəlif ali məktəblərə qəbul olunub. Onlardan 26 nəfəri 600-dən yuxarı, bir nəfəri 700, 86 nəfəri 500-dən yuxarı bal toplayıb. Həmçinin məzunlardan 4 nəfəri yüksək bal toplamaqla 3 qızıl, bir gümüş medal qazanıb. Artıq 700 bal toplamaq rayonun məzunları üçün xarakterik hala çevrilib. Cari ilin göstəricilərinə görə, Lahıc qəsəbə tam orta məktəbinin məzunu Vahab Cəbrayılov 700 bal toplamaqla şərəfli tələbə adına layiq görülüb.
İsmayıllı rayonunun ümumtəhsil müəssisələrində yeni dərs ilinə hazırlıq işləri mütəşəkkil qaydada başa çatdırılıb. Yeni dərs ili ərəfəsində təhsil şöbəsinin tabeliyində olan məktəb və məktəbdənkənar müəssisələrin əksəriyyətində büdcə vəsaiti və daxili imkanlar hesabına cari təmir işləri aparılıb. Bundan əlavə, şəhər 1 nömrəli, İvanovka, Mollaisaqlı, Qoşakənd kənd və Basqal qəsəbə tam orta məktəblərində cari təmir işləri aparılıb. Həmçinin Topçu kənd tam orta məktəbinin idman zalı və bir sinif otağı şagirdlərin istifadəsinə yeni dərs ilində verilib.
Hazırda dövlət vəsaiti hesabına rayonun Tağlabiyan kəndində yeni modul tipli məktəb binasının tikintisi davam etdirilir. Zərgəran kəndində ibtidai məktəb binası yenidən açılmaq üçün təmir olunur.
Qısaca, fikrimi yekunlaşdırmaq üçün deyərdim ki, İsmayıllı təhsili ənənələrə sadiq qalaraq inkişafını, yüksəlişini davam etdirir.
Azərbaycanda təhsillə bağlı inkişafın yeni mərhələləri: İsmayıllı rayonunun timsalında
Gülnarə Mirzəliyeva

Şərh Yaz