“Ana mükafatı”nın təqdimat mərasimi olub

Təzəkənd kənd tam orta məktəbi sistemli uğurları ilə seçilən, İsmayıllı rayonunda fərqlənən, qabaqcıl təhsil ocaqlarındandır. Valideynlərin, keçmiş məzunların təhsillə maraqlanması, ona yardımçı olması da müvəffəqiyyətlərin artmasını stimullaşdırır. Belə stimullardan biri ən yüksək bal toplayan məzun üçün təsis edilmiş mükafatdır.“Ana mükafatı”nın təqdimat mərasimi olub
Təzəkənd kənd tam orta məktəbini bitirib, Qazaxıstanda ali təhsil alan, geologiya-mineralogiya elmləri doktoru, professor, Beynəlxalq Mühəndislik Akademiyasının üzvü, Qazaxıstan Mühəndislik Akademiyasının akademiki Nizami Cəfərov 2000-ci ildən başlayaraq anası Badam xanımın xatirəsinə “Ana mükafatı”nı təsis edib. Bu mükafat ali məktəblərə qəbul zamanı ən yüksək bal toplayan məzuna verilir.
Bu günlərdə tam orta məktəbdə mükafatın təqdimetmə mərasimi olub. Ali məktəblərə qəbul olunan təzəkəndli məzunlar arasında ən yüksək balı (647) Nazpəri Səfərova toplayıb. 200 ABŞ dolları həcmində olan mükafatı N.Səfərovaya Nizami Cəfərovun ailə üzvlərindən biri – ingilis dili müəllimi Mənsurə Nağıyeva təqdim edib.
Bu münasibətlə keçirilən təntənəli tədbirdə məktəbin direktoru Elxan Bədəlov, RİH başçısının Təzəkənd İƏD üzrə nümayəndəsi Feyruz Kərimov, bələdiyyə sədri Azər Bağırov, sinif rəhbərləri Lümunə Qasımova, Mirzə Bədəlov çıxış ediblər.
18-ci mükafata sahib olan N.Səfərovanın valideynləri övladlarının təhsili üçün yaradılan şəraitə görə ölkə və rayon rəhbərliyinə minnətdarlıq edib, məktəbin müəllimlərə səmərəli əməklərinə, həmyerlilərinə dəyərli mükafata görə təşəkkürlərini bildiriblər.
Gülnarə Mirzəliyeva

Şərh Yaz