Yeni xalça fabriki üçün kadrlar hazırlanır

Xalçaçılığın geniş miqyasda inkişafı, ölkəyə valyuta gətirən bir sahəyə çevrilməsi üçün respublikada həyata keçirilən tədbirlər İsmayıllıda da müsbət əksini tapır.
Şəhərin “Günəşli” adlandırılan məhəlləsində “Azərxalça” ASC tərəfindən 170 toxucu yeri olacaq xalça fabriki inşa edilir. Burada işləmək üçün artıq kadr hazırlığına başlanılıb.Yeni xalça fabriki üçün kadrlar hazırlanır
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının təklifi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin razılığı ilə rayonda 2 aylıq xalçaçılıq kursu da açılıb. İsmayıllı Rayon Məşğulluq Mərkəzi, İsmayıllı Peşə Tədris Mərkəzi, “Xoşbəxt – X” kiçik müəssisəsi və 17 nəfər işaxtaran vətəndaşla dördtərəfli müqavilə bağlanılıb. Kurslar İsmayıllı Peşə Tədris Mərkəzində fəaliyyətə başlayıb. Kursa, əsasən, Qalacıq, İstisu, Qurbanəfəndi kəndlərindən, Lahıc qəsəbəsindən və rayon mərkəzindən Məşğulluq Mərkəzində qeydiyyatda olan işaxtaran və işsiz vətəndaşlar cəlb olunublar.
Bağlanmış müqavilələrin şərtlərinə əsasən müdavimlərin istehsalat təcrübəsi “Xoşbəxt – X” kiçik müəssisəsində keçiriləcək. Müdavimlərə iki aylıq təqaüd və kursu bitirdikdən sonra xalçaçı peşəsi üzrə xüsusi şəhadətnamə veriləcək.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə rayonda tikilən yeni Xalça fabrikində ilk növbədə bu kursu bitirəcək müdavimlər işlə təmin olunacaqlar.
“İsmayıllı xəbərləri”

Şərh Yaz