Valideynlik bacarıqlarının inkişaf etdirilməsi

Sağlam bir ailənin davam etməsi üçün ailədə övladların dünyaya gəlməsi vacib şərtlərdən ən önəmlisidir. Cütlük olaraq, ana-ata olaraq “Uşaqlıq dövrü nədir, uşaq böyütməkdən nə anlayıram” kimi sualları özümüzə veririkmi? Müsbət cavab almayanda öyrənməyə çalışırıqmı?
Valideynlik bacarıqlarının inkişaf etdirilməsi
Valideynlik bacarıqlarının inkişaf etdirilməsi
Uşaqlıq yaşam köklərinin inkişaf etdiyi, inşa edildiyi bir dönəmdir. İnsan yaşamının ən önəmli dönəmidir və bir ömrün bünövrə, təməl dönəmidir. Hər şey –“ bir ömrün necə yaşanacağı bu təmələ bağlıdır.
Həm ana, həm ata bilməlidir ki, biz kənardan görməsək də, uşaqlıq dövrü dörd fərqli zamanda kök salaraq inkişaf edir.
Bu köklərdən ən birincisi həyatda qalma və öyrənmə bacarıqlarının inkişaf etdirilməsidir. Uşaqlar doğumdan sonra nəfəs almağı, əmməyi, zamanla gəzməyi, yemək yeməyi, danışmağı öyrənir, bacarır. Və ömrü boyu öyrənmə prosesi davam edir.
İkinci kök ağlın, zehnin, düşünmənin inkişafı ilə bağlıdır. Uşağın hər bir şeyə maraq göstərməsi, suallar verməsi, öyrəndiklərindən müəyyən nəticələrə gələrək zehinsəl olaraq inkişaf etməsidir. Bu dövr ərzində sağlam bir ailədə böyüyən uşaq sağlıqlı düşünən biri olaraq böyüyür.
Üçüncü kök isə ünsiyyət və duyğusal inkişaf etmə dövrüdür. Bu dövrdə uşaqlar güvənərək, sevərək dostlar seçməsini, uzaq durulacaq insanları, ünsiyyət quracağı dostları, oyun oynayarkən yaxın tutacağı insanları öyrənir.
Dördüncü dövr isə uşaqların özünün dünyasını tanıma və anlam vermə dövrüdür. Bu zaman hər bir uşağın öz məhrəm bir dövrü var. Həyatında yer alan və ya yer almayan, ancaq fərqində olan hər bir şeyə anlam verən bir dövrdür. Bu dövr yeniyetməlik dövrünə qədər davam edir.
Uşaqların tərbiyəsində ailənin rolu böyükdür. Məhz buna görə də uşağın ana və atasının evdə münasibətlərinin düzgün olmasını görməsi çox vacibdir. Bu o demək deyil ki, valideynlər öz münasibətlərini öndə görüb uşaqlarına olan maraqlarını gözardı etsinlər. Xeyr, əksinə bir-birinə hörmətlə yanaşan, ata-ananın yaxşı münasibətlərini görən uşaqlar daha çox sevgi ilə böyüyürlər. Önəmli olan uşaqlarının sevgi dolu ailədə yaşaması və inkişaf etməsi üçün normal ailə mühiti yaratmaqdır.
Uşaqlarla düzgün ünsiyyət qurmaq ailədəki xoşbəxtliyin təməlidir. Uşaqlar həyatımızın ən böyük sevinci olmaqla bərabər narahatlığımızın, qorxularımızın ən böyük səbəbləridir. Bu səbəbdən də onlara qayğı göstərməli, sevməli və sevgimizi onlara göstərməliyik. Г‡ünki onlar göstərmədiyimiz hissləri anlaya bilmirlər. Hər bir valideyn öz övladını öpüb oxşamalıdır ki, bu da onlara özgüvən hissini aşılayır. Uşaqlarımız gələcəyimizin güzgüsüdür. Uşaqlara dediyimiz hər bir sözə diqqət etməliyik, çünki onların gələcəkdə öz mövqelərini tutmaları üçün valideyn tərbiyəsindən çox şey asılıdır. Hər bir uşaq uşaqlıq dövrünü yaşamalıdır və bu onların gələcəyi üçün çox vacibdir. Uşaqların beyni bir növ ağ kağız kimi olduğundan təkcə onlarla münasibətdə deyil, həmçinin ətrafdakı digər insanlarla da münasibətlərinizə diqqət yetirməlisiniz, belə ki, ətrafınızdakılara olan münasibət uşağınız üçün model rolu oynayır. Uşaqlar dəyərli olduğunu hiss etmək istər. Bu məqsədlə uşaqlarınızı başqa uşaqlarla müqayisə etməməlisiniz. Belə etsəniz, o zaman uşağınız özünü önəmsiz və dəyərsiz hiss edəcək.
Uşağınızın yerinə qərar verməkdənsə, məsələni onunla birlikdə müzakirə edib düşüncələrini dinləyərək birgə qərar vermək daha düzgündür. Belə olduğu zaman uşaqlar valideynlərinin onları dinlədiyini görüb duyğularını açıq ifadə edər və anlaşıldığını, eşidildiyini, qəbul olunduğunu hiss edər. Bir uşağın dəyərli olduğunu hiss etməsi onun özgüvənli yetişməsi üçün çox vacibdir. Biz uşaqların varlığını qəbul etməli, önəmli və dəyərli olduqlarını hiss etdirməliyik. Sağlam psixoloji mühitdə, sevgi, nəvaziş dolu ailədə böyüyən uşaq digərlərindən özlərinə güvənmələri, özlərini dəyərli hiss etmələri ilə fərqlənirlər.
Bu deyilənlərlə yanaşı, onu da qeyd etməliyəm ki, hər bir uşağın öz psixologiyası var. Ona görə də düzgün tərbiyənin dəqiq düsturu yoxdur. Sadəcə valideynlər övladlarını öyrənməli, yaxşı tanımalı və fərdi xüsusiyyətlərini yaxşı bilməlidirlər.
Gülər üzlü, sakit, səbirli, həyata, ailəsinə şükür duyğusu ilə baxan bir ana, bir ata olmaq övladlarınıza verə biləcəyiniz ən böyük hədiyyədir. Belə bir hədiyyə onların ən böyük haqlarıdır. Əziz valideynlər, gəlin bu haqqı onlara çox görməyək –“ özümüzün, balalarımızın və hərtərəfli yetişmiş vətəndaşla daha da yüksələcək Vətənimizin daha xoşbəxt sabahı naminə!
Ülkər Məhərrəmova,
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin psixoloqu

Şərh Yaz