Ömür kitabının 70-ci səhifəsi

Bir neçə gün əvvəl, həmişə olduğu kimi işdən evə qayıdırdım. Rayon mərkəzindəki parkın yanından ötərkən çoxdan tanıdığım, hörmətlə yanaşıb hər vaxt salamlaşdığım iki müəllimin çay stolu arxasında şirin söhbətdə olduqlarına gördüm. Deyib-gülürdülər. Dostlarımın bu əhvalı mənə xoş gəldi. İstər-istəməz yaxınlaşdım və salamlaşdıq. Məni də çay içməyə dəvət etdilər.
Əyləşib nədən söhbət etdikləri ilə maraqlandım.
Ömür kitabının 70-ci səhifəsi
– Sədaqət İsazadə:
– Sirr deyil. Söhbət ömür yolumuzdan, həyat kitabımızın 70-ci səhifəsindən gedirdi .
– Marağımı gizlədə bilməyib hər ikisini sanki yenicə görürmüş kimi yenidən süzdüm və gülə-gülə:
– Məgər sizin 70 yaşınız var ki?! Maşallah olsun! O yaşı heç birinizə vermək olmaz. Hər birinizi kifayət qədər tanıyıram, amma, maraqlıdır, ömür yolunun 70-ci “kilometr”inə bu qədər gümrah hansı uğurlarla gəldiniz?
Yaşar Nuriyev:
Hər ikimiz yarım əsrə yaxın pedaqoji sahədə çalışmışıq. Sevindirici, qürurverici haldır ki, bu müddət ərzində həmişə sayılıb-seçilən olmuşuq, öhdəmizə düşən işi layiqincə yerinə yetirmişik.
Sədaqət İsazadə:
Bəs necə? Belə olmasa idi, illərlə rəhbər vəzifələrdə çalışmazdın, 17 il şəhər 2 nömrəli tam orta məktəbinin direktoru işləməzdin, “Qabaqcıl təhsil işçisi” adına layiq görülməzdin!
Yaşar Nuriyev:
Ay kişi, yaxanı kənara çəkmə, sən də az aşın duzu olmamısan! Ali kateqoriya, metodist müəllim, Azərbaycan Respublikası müəllimlərinin İ qurultayının nümayəndəsi, neçə-neçə mükafatların sahibi, iş təcrübəsi məktəblər arasında yayılan, illərlə şəkili Rayon Təhsil Şöbəsinin “Şərəf lövhəsi”ndə olan!..
– Ürəyimdə bu iki veteran müəllim haqqında qəzetdə təbrik yazısı dərc etdirmək məqsədilə soruşdum:
Ötən günləri xatırlayanda nəyəsə heyifsləndiyiniz olurmu?
– Hər ikisi:
– Qətiyyən. Həyat yollarında ömrünü xalqına, faydalı işə fədakarlıqla sərf edənlər ötən günlərinə görə heyifslənmədiyi kimi, biz də heyifslənmirik, əksinə, fərəhlənirik ki, Vətənimiz, övladlarımız üçün əlimizdən gələni etmişik.
– Bilmək olarmı yubiley yaşınızı necə və kimlərlə qeyd edəcəksiniz?
Cavabları: – Kimlərlə deyəndə, ailə üzvlərimiz, səmimi dostlarımız və nəvələrimizlə.
Biz də sizi “İsmayıllı xəbərləri” qəzetinin redaksiya heyəti, oxucuları, dostlar, tanışlar adından təbrik edib deyirik:
– O gün olsun ki, ömür kitabınızın 100-cü səhifəsini vərəqləyəsiniz!
Hacıməmməd Məmmədov

Şərh Yaz