Övladlarımızı məktəb həyatına düzgün istiqamətləndirək

Uşağın dünyaya gəlməsi bütöv bir nəslin, millətin xoşbəxtliyidir. Normal adama heç bir şey uşaq qədər sevinc gətirə bilməz. Uşağın dünyaya gəlməsi ailə anlayışını təsdiq edir, bütövləşdirir. Uşaq ata ilə ana arasında möhtəşəm və müqəddəs körpü olmaqla qarşılıqlı məhəbbəti daha da möhkəmləndirir, evə istilik, mehribanlıq, şənlik, şirinlik, gətirir.
Övladlarımızı  məktəb həyatına düzgün istiqamətləndirək
Övladlarımızı  məktəb həyatına düzgün istiqamətləndirək
Valideynlərin həyatını maraqlı edir, gözəlləşdirir. Bununla belə, bəzilərinin zənn etdikləri kimi, uşaq heç də əyləncə üçün vasitə deyil, o, həm də ailə həyatında yeni qayğıların, çətinliklərin, problemlərin mənbəyidir. Körpə ailə həyatının idarə olunmasına yeni istiqamət verir, ata və ananın işini və məsuliyyətini artırır. Bu məsuliyyəti hiss etməyən, övladının tərbiyəsi ilə ilk günlərdən məşğul olmağa başlamayan valideyn uşağın körpəlik illərində buraxdığı səhvləri sonralar həyatı boyu düzəldə bilmir. Dünyaya uşaq gəlir, böyüyür, ətraf aləmi dərk edir, məktəbə gedir. Onun bu gününü hər bir valideyn səbirsizliklə, ürək çırpıntıları ilə gözləyir. Hər bir uşağın ən parlaq, həyəcanlı, kövrək anları və yüksək əhval-ruhiyyəsi bu günlə bağlıdır. Bu gün insan həyatının əziz bir anı kimi ömür boyu yadda qalır.
Həmin gün analar, atalar, nənələr və babalar həyəcan keçirirlər. Müəllimlərin narahatlığı isə tamam başqadır. Onlar uşaqlara baxıb düşünürlər:
“ Görəsən, necə oxuyacaqlar?”, “Onları öyrətmək olacaqmı?”, “Görəsən, yola gedəcəklər?”
Axı məktəbə qəbul olunan uşaq yeni həyata qədəm qoyur. Bununla şəxsiyyətin formalaşmasının yeni və çox məsuliyyətli mərhələsi başlanır. Uşağın məktəbdə biliklərə müvəffəqiyyətlə yiyələnməsi məktəbəqədər dövrdə onun təlim fəaliyyətinə necə hazırlanmalarından asılıdır. Ailənin uşağa təsiri, onu istiqamətləndirməsi, onun bilik və bacarıqlarını üzə çıxarmaqda rolu əvəzsizdir. Uşağı sevmək azdır, onu tanımaq son dərəcə vacibdir. Hər bir insan, o cümlədən uşaq təkrarolunmazdır. Uşaqların hər birində özünəməxsus xüsusiyyət və qabiliyyət var. Bu qabiliyyəti vaxtında aşkara çıxarıb inkişaf etdirmək lazımdır.
Adətən, hər bir valideyn övladını dahi görmək istəyir. 2-3 yaşında uşağın şəkilli kitablara, rəsmə, musiqiyə azacıq marağını, şeir oxuya bilməsini hiss edən kimi onun şair, rəssam, bəstəkar olacağı qənaətinə gəlir.
Doğrudur, uşağa optimist yanaşmaq, onun kiçik uğurunu yüksək qiymətləndirmək, onu ruhlandırmaq lazımdır, lakin, bunun da həddi var. Uşağın yaddaşını həddən artıq yükləmək onu daha da yoracaq və bezdirəcək vəziyyətə çatdırmaq düzgün olmazdı. Hər bir uşaq tədqiq olunmalı qapalı bir aləmdir. Uşaqda qapalı cəhətləri görmək və nəzərə almaq hər bir valideynin borcudur. Uşağı öyrənmək dedikdə, hər şeydən əvvəl, onun psixi, fizioloji xüsusiyyətlərini, marağını, meylini, diqqətini, qavrayışını , idrakını, təxəyyülünü, nitqini, sağlamlığını, qabiliyyətini öyrənmədən və ardıcıl izləmədən onu tərbiyə etmək olmaz.
Belə bir müdrik xalq kəlamı var “Uşağı bütün münasibətlərdə tərbiyə etmək üçün onu bütün münasibətlərdə öyrənmək lazımdır”. Bu kəlam valideynlərin və tərbiyəçilərin qarşısında ciddi vəzifə qoyur. Uşaq bağçasında, bağda, parkda, ictimai yerlərdəki uşaqlar üzərində müşahidələr valideynləri və tərbiyəçiləri düşündürməlidir. Nə üçün biri asan, digəri çətin, biri özünəinamlı, digəri utancaq, biri həyata tez uyğunlaşan, digəri uyğunlaşmayandır? Nə üçün uşaqlar fiziki cəhətdən deyil, psixoloji cəhətdən daha çox fərqli olurlar? Nə üçün onlar xarici aləmi, xüsusilə özlərini qavramaqda fərqlənirlər? Nə üçün biri rəqs etməyi, oxumağı, şeir deməyi, digəri susmağı xoşlayır?
Bəli, uşaqlar çox müxtəlif, çox rəngarəng olurlar. Onlar xarici əlamətlərinə görə necə fərqlənirlərsə, daxili aləminə, xarakter xüsusiyyətlərinə, məktəb təhsilinə hazır olma səviyyələrinə görə də fərqlənirlər. Uşağın məktəb təliminə cəlb olunması haqqında həmişə bir-birinə zidd olan fikirlər eşitmişik. Bəziləri uşağın erkən məktəbə hazırlanması və kiçik yaşlardan təlimə cəlb olunması tərəfdarıdırsa, digərləri uşaqların uşaqlığının əllərindən alınmamasını bildirirlər.
İndi uşağın ilk müəllimi valideyn, təbiət, həyatın özüdür. Uşağın savada erkən cəlb olunması onun intellektinin inkişafına çox şey verir. Valideynlərin, bir çoxu övladlarının kifayət qədər informasiya topladıqlarını, şeir söyləməyi, oxumağı, rəqs etməyi və hesablaya bildiklərini nəzərə alaraq onların başqalarından seçildiklərini, məktəb təliminə tam hazır olduqlarını zənn edirlər. Məhz bunun nəticəsidir ki, beş-on gün keçəndən sonra birincilərin təxminən dörddə biri oxumaq istəmir. Hər şeyi bildiklərini zənn edənlərin bəziləri üçün təlim maraqsız olur, digərləri isə tam hazırlıqsız olduğundan daxilən əzab çəkir, utanırlar, daha çox oyuna, sərbəstliyə meyl göstərirlər.
Uşağın məktəbə hazır olub-olmamasını müəyyənləşdirmək o qədər də asan məsələ deyil. Valideynlərin böyük bir qismi uşağın məktəbə hazırlanması üzrə işə onu məktəbə daxil olmasına bir neçə ay, ən çoxu bir il qalmış başlayır. Hazırlığın məzmunu isə ona şeir, oxumaq, saymaq və yazmaq bacarığı öyrətməkdən ibarət olur. Onun ətraf aləmdəki əşya və hadisələrlə tanış olması, ictimai hadisələri dərk etməsi, ünsiyyət mədəniyyətinə yiyələnməsi kimi onlarla məsələ unudulur. Halbuki, məktəbəqədər yaş dövrü bütövlükdə məktəbə hazırlıq dövrü olduğundan bu iş körpəlikdən kompleks şəkildə davam etməlidir. Uşağın məktəbə əqli, psixoloji, fiziki hazırlığı bir arada olmalıdır. Uşağın məktəbə hazırlanması, ümumiyyətlə, inkişafı kiçik yaşlarından sürətlə gedir. Uşaqlar beş yaşınadək çox böyük idrak yolu keçir, bütün deyilənləri yadda saxlayır, nəzərə çarpan hər bir şeyə münasibət bildirir, müxtəlif suallar verməklə hər bir şeyi dəqiqliyi ilə öyrənmək istəyirlər. Nahaq yerə beş yaşadək dövrü ”qızıl dövr” adlandırmırlar. Məktəb yetişkənliyinə kifayət qədər yiyələnməmiş uşaqlar məktəbə daxil olarkən, xüsusilə ilk dövrlərdə orqanizmin gərginliyinin artması ilə qarşılaşırlar. Belə uşaqlar daha çox stress vəziyyətində olur, yorulur və arıqlayırlar.
Məktəb təliminin başlaması ilə uşağın davranışına təsir edəcək amillər də dəyişir. Belə ki, uşaq qarşısında gün rejiminin dəyişməsi – səhər tezdən yuxudan durmaq, ev tapşırıqlarını hazırlamaq, əşyalarını səliqəli saxlamaq kimi məsuliyyətlər qoyulur. Əgər bu proseslər məktəbəqədər hazırlıq dövründə düzgün qurulmayıbsa, uşaq üçün müəyyən çətinliklər yaranacaq. Məktəbəqədər hazırlıqda artıq uşaqda 1-ci sinfə aid ilkin məlumatlar formalaşdırılmalıdır. Onlar fiqurları, rəngləri, səbəb-nəticə əlaqələrini, ümumi və xüsusiləşdirməyi bacarmalıdırlar (məsələn: suda və quruda yaşayan heyvanları, meyvələrin rəngini, dadını, meyvələrlə bitkiləri ayırmaq kimi və s.). Bunlarla tanış olmayan uşaq ilk dəfə məktəbə gəlir və adaptasiya ola bilmir. Bu da uşağı gərginliyə salır. Məktəbə getməmişdən əvvəl istədiyi vaxt oynayan uşaq bundan qismən məhrum olur. Həmin prosesə uşağı yavaş-yavaş alışdırmaq lazımdır. Uşağın məktəb həyatı bütövlükdə müəllim şəxsiyyəti ilə əlaqəli olur. Müəllimin məktəbdəki mövqeyi birbaşa təlimlə bağlıdır. Onlar daha ciddi və daha işgüzar bir münasibətdə olurlar. Bağçadakı tərbiyəçinin mövqeyi isə daha mülayim, mehriban olur və uşaq üçün bir növ valideyni əvəz edən bir rolu xatırladır. Bu rolların dəyişilməsi də uşaq üçün yeni bir sosial şəraitin olması deməkdir.
Artıq ümumtəhsil məktəblərində təşkil olunan hazırlıq sinifləri uşaqları məktəb həyatına tam hazırlayır və müəllimlərin də işini asanlaşdırmış olur. Hazırlıq mərhələsində dərsdə və tənəffüsdə özünü necə aparmaq öyrədilir. Uşaqlar müəyyən qədər təcrübə qazandıqdan sonra qaydaları bir qədər mürəkkəbləşir. Məktəb həyatına başlamamışdan əvvəl uşaqda məktəb həyatına psixoloji identifikasiya başlayır: “Mən daha uşaq deyiləm, artıq məktəbliyəm”.
Məktəb həyatına identifikasiya uzun və ziddiyyətli bir prosesdir. Valideynlər hesab edirlər ki, məktəb həyatına başlayan uşaqlar daha oyun (qızlar kukla oynatmamalı, oğlanlar oyuncaq maşın sürməməli) oynamamalıdırlar. “Sən daha uşaq deyilsən, birinci sinif şagirdisən. Özünü uşaq kimi aparmaq sənə yaraşmaz”. Bu cür qeyri-real tələblər uşağın imkanları ilə üst-üstə düşmür, onun təlim maraqlarına və motivlərinə mənfi təsir göstərir. Eyni zamanda, uşağın özünüqiymətləndirməsini, özünəinamını azaldır. Belə hallar məktəbəqədər hazırlıq prosesi keçməyən, əzizlənən, təriflənən, müəyyən qədər eqoist böyüyən uşaqlar üçün ağır keçir. Yaxşı olar ki, böyüklərin gözləmələri və tələbləri reallığa uyğun, uşaq üçün başa düşülən olsun.
Məktəbə daxil olmaqla uşağın uşaqlığına son qoyulmur. Uşağa imkan verilməlidir ki, o, dərs prosesində şagird, ondan kənarda isə uşaq olsun. Lakin o, məktəbə getməmişdən əvvəl onun məktəbə daxilən hazır olmasına kömək etmək lazımdır. Məktəbəqədər təhsilin, o cümlədən uşaqların məktəbə psixoloji hazırlığının mahiyyəti bu proseslərdə çox vacib bir məsələdir. Valideynlər uşaqları ilə danışmalı, boş vaxtlarını birlikdə keçirməli, müxtəlif mövzularda söhbətlər aparmalıdırlar. Ata-analar övladlarının onlara verdikləri sualları bəzən qulaqardına vurur, cavab vermir, bəzən də hirslənirlər. Belə yanaşma düzgün deyil. Verilən suallar isə gün ərzində kifayət qədər çox olur. Valideynlər əslində övladlarına elə bir şərait yaratmalıdırlar ki, onlar öz fikirlərini düzgün şəkildə çatdırmağı bacarsınlar, maraqlandıqları müxtəlif mövzular, baş verən hadisələr barədə düşündüklərini, təəssüratlarını bölüşə bilsinlər, nəyi isə birlikdə müzakirə etsinlər. Dialoqlar – “Nə üçün?”, “Bu bizə niyə lazımdır?” və uşaqları maraqlandıra biləcək digər suallar onların məntiqi, yaradıcı təfəkkürünün, ümumiləşdirmə bacarığının və hər hansı məsələ ilə bağlı zehni keyfiyyətlərinin formalaşmasına əhəmiyyətli dərəcədə kömək edə bilər.
Hər gün məktəbli formasını, çantasını, məktəb ləvazimatlarını nənə-babalarına, öz əzizlərinə göstərib “Baxın, mən məktəbə gedirəm” – deyib dərsə getməsi ilə öyünən yüzlərlə balamız var. Hər birinizə uğurlar arzulayırıq, əziz birincilər!
Güllübəyim Lətifova,
İsmayıllı rayon Təhsil Şöbəsinin metodisti

Şərh Yaz