Görüş yerini dəyişmək olmaz

Adətən, təyin olunmuş, vədələnmiş yerə getmək görüş adlanır. Şad və ya kədərli görüş yerinə hamının gəlişi eyni vaxta düşmür. Vədəsində gələnlərlə yanaşı, tez gələn, gecikən də olur.Görüş yerini dəyişmək olmaz
Görüş yerini dəyişmək olmaz
Görüş yerini dəyişmək olmaz
2 sentyabr 2017-ci il. Qurban bayramı günüdür. Hamı sanki harasa tələsir. Elə bizim özümüz də…
Biz ifadəsini tərəddüdlə yazdım. Lakin dərhal özümü inandırdım ki, niyə də yox? Axı biz xeyli yoldaşla 1975-1976-cı tədris ilində Lahıc qəsəbə orta məktəbini bitirmişik. Sayımıza görə sanbalımız da olub.
Bəli! Nəhayət. Görüş yerində, dünya elminə və Azərbaycan təhsilinə, hərbinə və mədəniyyətinə töhfələr vermiş, çoxlarına elm məbədgahı kimi görünən doğma Lahıc məktəbinin qarşısındayıq.
Bayram günü olmasına baxmayaraq, məktəbin direktoru məktəb həyətindəki yeni tikilinin yanında var-gəl edir. Əlindəki dəftərə nələrisə qeyd edir. Görüşüb bayramlaşırıq. Və hər gələn haqqında məktəbin direktoru, Əməkdar müəllim Hikmət Haqverdiliyə sakitcə informasiya veririk.
Artıq saat 11-dir. Kimi söhbət edir, kimi təzə gələnlərlə görüşür. Kimisi isə 41 il əvvəl olduğu kimi, sinif yoldaşları ilə uşaqcasına zarafatlaşır.
Direktor məktəbin 41 il əvvəlki məzunlarını müasir dərs avadanlıqları ilə təchiz olunmuş riyaziyyat sinfinə dəvət edir. Kövrək dəqiqələrdən, gülüş və sevinc göz yaşlarından sonra araya sükut düşür. Məktəb direktoru üzünü ata-ana, nənə-baba titulu qazanmış məzunlara tutaraq:
– Əziz uşaqlar, doğma məktəbə xoş gəlmisiniz! Məktəblə əlaqənizə, ənənələri davam etdirən təşkilatçılığınıza görə hər birinizə təşəkkür edirəm! –“ deməklə əvvəlki səs-səmiri sükutla əvəz etdi.
Məktəb direktoru Lahıc məktəbinin uğurları barədə xeyli danışdı və builki məzun Vahab Cəbrayılovun 700 bal toplaması sevincini tədbirin iştirakçıları ilə bölüşdü.
Hikmət Haqverdili sözünə davam edir:
– Hörmətli məzunlar, son zənginizdən bu yana qazandıqlarımızla bərabər itirdiklərimiz də olub. Qarabağ müharibəsində çoxlu şəhid vermişik. Sinif yoldaşlarınızın 9 nəfəri, müəllimlərinizin isə 11 nəfəri haqq dünyasındadır. Vətənimizin müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizə, sıramızdan getmiş şagird və müəllimlərimizə Allahdan rəhmət diləyirik.
Növbəti mərhələ başlayır. Bir neçə dəqiqə əvvəl sükuta qərq olmuş sinif otağını yenidən səs-küy bürüyür. Sinif jurnalı üzrə davamiyyət yoxlanılır. Burda, burda, vəfat edib, gələ bilməyib kimi səslər son ad oxunana kimi davam edir.
Məktəb direktorunun qeyd etdiyi kimi, həmin il Lahıc qəsəbə orta məktəbini 66 nəfər bitirmişdi. Hərə bir tərəfə, öz taleyinin ardınca getdi. Ali təhsil alan da oldu, ata-baba sənətinə bağlananlar da. Xaricə gedən də, Vətəndə qalan da…
Hikmət müəllim dəyirmi masa ətrafımda əyləşənlərə saat əqrəbinin əksi istiqamətində söz verir.
Haşiyə: İnsan yaşa dolduqca, sanki uşaqlaşır. Danışarkən aktyor kimi, dondan-dona girir. Lap elə məclisimizdəki kimi. Bəzən ucadan səslənən gülüş, bəzən acı taleli yoldaşın dərdi. Bəzən isə uşaqlıq illərinin təkrarlanan zarafatları. Ümumilikdə, xüsusi ssenari üzrə çəkilmiş bədii filmi xatırladan reallıq.
Məclisdəki çıxışları yazıda vermək istəmədim. İstəmədim ki, kimlərinsə uğursuzluğu kiminsə uğurunun yanında üzükölgəli olsun. Fikrimi xoş məqamlara köklədim. Axı bir qədər əvvəl Hikmət müəllim bizə: “Əziz uşaqlar!” –“ deyə müraciət etmişdi.
Mövzu reallıqdan qaynaqlansa da olanları yada salmaq üçün görüşün təşkilatçılarını qeyd etmək istəyərkən rəhmətlik Cabir Novruzun bir bənd şeiri yadıma düşdü:
– Olub keçənləri gətirdin yada,
Nə gözəl göründü o çağlar mənə.
Xəyalın çəkilib durdu uzaqda,
Necə pıçıldadı dodaqlar mənə.
Bəli, bu tədbirin alınmasında zəhməti olmuş ən şıltaq şagirdimiz, bugünkü xalçaçı –“ “Şəhidlər”, “Heydər Əliyev canlı əfsanədir” və sair dünya şöhrətli xalçaları ilmə-ilmə toxumuş Ədibə Eybalıyevanın, xalçaçı Minayə İsgəndərovanın, Rita Əliyevanın adlarının çəkilməsi vacibdir. Bunu həm də ona görə qeyd edirəm ki, qadınların böyük qüvvə olması burada da özünü göstərdi. Onlar bizə otən günləri kino lentində əksini tapmış görüntülər kimi qaytardılar. Bəxtəvər idik. Pak və təmiz, həyatın ağrı-acılarından keçmiş uşaqlıq duyğularımız, ömrümüzün şərəfli anları özümüzə qayıtmışdı.
Nağıllarımızın sonunda göydən üç alma düşərdi. Onları bölüşdürəndə nizam pozulardı. Nağıla oxşar tədbirimiz yekunlaşanda göydən nurlu günəş, Girdimançayın dəhnə yuxarı əsən mehi və sinif yoldaşımız Hacı Telmanın “Bizim ev” otelindəki ziyafəti qismətimiz oldu. Görüşə gələnlər dünyasını dəyişən müəllim və məzun yoldaşlarının əziz ruhlarını müqəddəs sayan bu böyük səxavət sahibini alqışladı.
Bütün dövrlərdə insan elm, mədəniyyət, ümumilikdə inkişaf sahibi olmaq üçün çətinliklərlə üzləşib. Bu gün uğur sayıla biləcək nəyimiz varsa, o, müəllimlərimizin bizə sərf etdiyi zəhmətin bəhrəsidir. Odur ki, müəllimlərimizə, yaşadığımız bölgədə bu kimi tədbirlərin keçirilməsi üçün münbit mühit yaradan insanlara borclu olduğumuzu bir daha etiraf edirik.
Belə bir deyim var: “Dünən – keçmiş, bu gün – reallıq, sabah – gələcəkdir”. Dünənimizi –“ 41 il əvvəli vərəqlədik, bugünü real olaraq xatirəmizə yazdıq. Sabah üçün plan cızdıq. Arzu edək və çalışaq ki, məzunluğumuzun daha əlamətdar yubileylərini təhsil aldığımız, qucağından həyata atıldığımız Lahıc qəsəbə tam orta məktəbində keçirək. İnşallah, niyyətimiz qismətimiz olar. Axı: “Görüş yerini dəyişmək olmaz!” –“ deyiblər.
Eldar Əliyev

Şərh Yaz