Öncə daxilindəki qorxuya qalib gəlməlisən

Bir neçə gün əvvəl Bakı şəhərində İndoneziya Respublikasının müstəqilliyinin 98-ci ildönümünə həsr olunmuş “ Sindo Ryu – Pençak Silat” idman növü üzrə dünya çempionatına təsnifat yarışı keçirilib.
Həmyerlimiz Bənövşə İsmayılova da həmin yarışın iştirakçısı olub.
Öncə daxilindəki qorxuya qalib gəlməlisən
B.İsmayılova Lahıc qəsəbə tam orta məktəbinin fiziki-tərbiyə müəllimidir. O, idmanda karateyə daha çox üstünlük verir.
Bakı şəhərində keçirilən beynəlxalq yarışda Bənövşə 12 ölkənin 200 nəfərdən çox idmançısı arasında öz gücünü göstərib, sözünü deyə bilib. İş elə gətirib ki, o, 50-55 kiloqram çəki dərəcəsində 4 rəqibinə tam üstünlük göstərərək ikinci yerlə kifayətlənməli olub. Bu nəticə ilə barışmaq istəməyən idmançımız 55 + çəki dərəcəsində gücünü sınamağı qərara alıb və birincilik qazanıb. İdmançımızın bu qələbəsi ona Avropa çempionatında iştirakçı olmaq vəsiqəsi qazandırıb.
Bənövşə İsmayılovanın idmanda çox maraqlı fəaliyyət devizi var: “Qalib gəlmək üçün öncə daxilindəki qorxuya qalib gəlməlisən. Özünə güvənirsənsə, qarşındakı rəqibin hansı gücə malik olduğu önəmli deyil”.
Tanıdığımız qaliblər məhz bu prinsiplərlə yaşayan və qalib olan kəslərdir. İnanırıq ki, Bənövşə İsmayılova qarşıdakı mötəbər yarışlarda da qalib olacaq və ölkəmizin bayrağını yüksəldib, himnini səsləndirəcəkdir. Uğur olsun!
“İsmayıllı xəbərləri”

Şərh Yaz