Baxşıyev Nadir Vəkilxan oğlu

Uzun illər energetika sahəsində rəhbər işlərdə çalışmış, İsmayıllı şəhər sakini Baxşıyev Nadir Vəkilxan oğlu vəfat etmişdir.Baxşıyev Nadir Vəkilxan oğlu                         Nadir Baxşıyev 27 fevral 1951-ci ildə Cəbrayıl rayonunda anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 1968-ci ildə Neft və Kimya institutuna daxil olmuş, 1973-cü ildə mühəndis-energetik ixtisası ilə oranı bitirmişdir. 1973-1975-ci illərdə zabit kimi ordu sıralarında xidmət etmişdir.
O, 1975-ci ildə İsmayıllı elektrik şəbəkəsinə növbətçi mühəndis, 1979-cu ildə rəis təyin edilib. Sonrakı illərdə bir sıra müəssisədə mühəndis, mühəndis mexanik, müdir vəzifələrində çalışıb.
1998-ci ildə yenidən İsmayıllı elektrik şəbəkəsinin rəisi vəzifəsinə təyin edilib. 2010-cu ilə qədər fasilələrlə bu vəzifədə işləyib. N.Baxşıyev 1 aprel 2014-cü ilədək elektrik şəbəkəsində mühəndis, balans üzrə mühəndis, aparıcı mühəndis vəzifələrini icra edib. Pensiyaya çıxması ilə əlaqədar həmin tarixdən onunla olan əmək müqaviləsinə xitam verilib.
N.Baxşıyev işlədiyi müddətdə vəzifəsini layiqincə icra etmiş, icraçılığı, məsuliyyətli olması ilə seçilmiş, heç bir halda qanun pozuntusuna yol verməmiş, xidmət təşkilatının rəhbəri olduğunu dərindən dərk etmiş və bu əsasda əhaliyə və tabeliyində olan işçilərə yanaşmışdır.
Dəfn zamanı onu yaxından tanıyanlardan biri demişdir: “Nadir həyatı boyu heç kimə narahatlıq yaratmadı, heç kimin haqqına girmədi. Allah da ona rahat bir ölüm qismət elədi”.
Nadir Baxşıyevin əziz xatirəsi övladlarının, qohum-əqrəbasının, dostlarının, onu tanıyanların qəlbində həmişəlik yaşayacaqdır.
Yoldaşlarından bir qrupu

Şərh Yaz