Düzlük ən yaxşı ölçüdür

Hər bir şəxsin özünü dərk edib dəyərləndirməsi əhəmiyyətlidir. Özünü layiq olduğundan artıq qiymətləndirən, qüvvə və bacarığından lazımi dərəcədə istifadə edə bilməyən, mövcud vəziyyətdə çıxış yolunun harada, nədə olduğunu bilməyənlər də olur. Sonuncu hallar insanlarda inamsızlıq və bir sıra mənfi xüsusiyyətlərin əmələ gəlməsinə səbəb olur.Düzlük ən yaxşı ölçüdür                         Həyat açıq bir səhnədir. Bu səhnə, eləcə də bu səhnədən hər tərəf aydın görünür. Dünyada hər şey təbii ölçüsünə uyğun olmalıdır. Ölçü –“ düzlük, doğruluq, qanunauyğunluqdur. Təbiətin, cəmiyyətin də qanunları vardır. Qanunlar pozulduqda fəlakət baş verir, hər şey alt-üst olur.
Ən qısa yol düz yoldur. Düz yolun sağından və solundan keçən əyri yollar da əksər hallarda düz yola çıxır.
İnsan özünə tənqidi yanaşmağı bacarırmı? Təəssüflər olsun ki, bəzən özümüzü tanımır, dərk etmir, həqiqəti qavramaqda çətinlik çəkirik, ətrafda baş verənlərə qarşı soyuq münasibətdə oluruq. Unuduruq ki, ömür əbədi deyil. Elə bilirik ki, buraxdığımız səhvə ətrafdakılar biganə qalacaq və ya bunu heç kim hiss etməyəcək.
İnsan doğulduqda zəif və zərif olur, vəfat etdikdə isə bərkimiş hal alır. Birinci hal həyatımızın başlanğıcıdır. Son dayanacağa qədər olan məsafə bizə bəlli deyil və gözəl görünən hər şey gözəl olmur. Ömür də elədir. İnsanlar verilən ömrü elə yaşamalıdırlar ki, daxillərində baş qaldıran xudbin fikirlərdən əl çəkib, iradələrinə, düşüncə və davranışlarına nəzarət edib, özlərinə kənardan baxa bilsinlər.
Fikirləşirəm: əgər həyatımız, təbiətimiz, istək və arzularımız eyni ahəngdədirsə, insanlar arasında riyakarlıq, ikiüzlülük yoxdursa, deməli, xoşbəxtik. Nə yaxşı ki, insanların hamısı olmasa da böyük əksəriyyəti sağlam əqidə və düşüncə sahibləridirlər.
Ağıllı adam hər işdə ölçü həddini gözləyir. Ağıl kor olanda ölçü, hədd pozulur və insan iztirabla üzləşir.
Dahi Nizaminin dediyi kimi:
Bir inci saflığı olsa da suda,
Artıq içiləndə dərd verir o da…
Duzla ağarsa da xörəyin üzü,
Qaydasında gərək tökəsən duzu…
Düz mövqedə olmaq insanı yersiz təsadüflərdən, münaqişələrdən uzaqlaşdırır. Amma bilə-bilə münaqişə yaradanlar da az deyil. Bəzən haqqı, həqiqəti rəngə salanlar şər və böhtanları ilə saf, sadə insanları bilərəkdən üz-üzə qoyur, onları vuruşdurur və budan ləzzət alırlar. Belələri yaxşı bilirlər ki, bir neçə saf almanın arasına düşən çürük bir alma tezliklə ətrafındakılara da öz təsirini göstərəcəkdir. Bu hal cəmiyyətdə də belədir. Saf bir kollektivi bəzən mənəviyyatca çürük olan birisi güdaza verir, gözdən salır və hörmətsiz edir.
Burada Yunis Əmrə yada düşür:
Az söz ərin mülküdür,
Г‡ox söz heyvan yüküdür.
İnsan olan kəs öz dəyərini bilməli, qarşısındakılara da dəyər verməlidir. Təbiət qanunlarına görə kölgədə inkişaf yoxdur. Cəmiyyətdə isə bəziləri mütləq kiminsə kölgəsində olmağa can atır, bununla öyünür də.
Hər xalqın gözəl adətləri, ənənələri vardır. Ümumilikdə, bu, mədəniyyətdir. Yaxşı musiqi əsəri sevildikcə yaddaşlara hopduğu kimi, yaxşı insanlar da kamilləşib əsl ziyalıya, el ağsaqqalına çevrilirlər. Məncə, əbədilik qazanmaq istəyi mükəmməl düşüncədən, kamillikdən doğulan insani keyfiyyətdir. Г‡ox istərdim ki, bu istək daha çox ürəyə yol tapsın.
Zaman-zaman formalaşan yaxşı hər nə varsa, adət-ənənəyə, xalq malına çevrilir. O səbəbdən böyüklərimdən eşitdiklərim həyat devizim oldu: Elə yaşa ki, həyatın yetişən nəsil üçün nümunəyə çevrilsin.
Heç vaxt qarşındakını aşağılamağa can atma. Belə hərəkət qarşındakını deyil, özünü hörmətsiz edə bilər. Hörməti təmənnasız elə, belə hörmət uzunömürlü olar.
Deyilənlərin və mövzu ilə bağlı düşüncələrimin kökündə düzlük, səmimiyyət durur. İnsani keyfiyyətlərin ürəkaçan yolu yalnız düzlükdən, halallıqdan keçir. Müəllim işlədiyim onilliklərdə yetirmələrimi keçdiyim şərəfli ömür yoluna dəvət etdim, ardıcıllarım olmalarını arzuladım. Ardımca gələnlər daha çox oldu, döngə axtarıb kənara burulanlar da yəqin ki, nə vaxtsa səhv etdiklərini anlayacaqlar. Amma təəssüf heç nəyi qaytarmır.
Düzlüklə kamilliyə doğru addımlamaq insana şərəf gətirir. Gənclərimiz örnək olan ziyalılarımıza oxşamağa çalışmalı, işıqlı sabahlarına gedən düz yolu elə bugündən seçməlidirlər. Davamçılarımız birmənalı şəkildə dərk etməlidirlər ki, düzlük ən yaxşı ölçüdür.
Hacıməmməd Məmmədov

Şərh Yaz