Yaponiyaya yeni səfər

Yaponiyanın İto şəhəri ilə İsmayıllı arasında qardaşlaşma müqaviləsi imzalandıqdan sonra nümayəndə heyətlərinin qarşılıqlı səfərləri müntəzəm davam edir. Müəllim və şagirdlərin səfərlərdə iştirakı münasibətlərə – şəhərlərarası dostluq və qardaşlıq əlaqələrinə yeni məzmun verir. İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin X sinif şagirdləri (yapon dilini distant üsulla öyrənənlər) Mehin Əkbərli və Suğra Ağamalıyeva coğrafiya müəllimi Şahin Gənciyevin rəhbərliyi ilə yeni səfərə yollanıblar. Yaponiyaya yeni səfər                 Bu münasibətlə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və Milli Məclisin deputatı Novruzəli Aslanov Gündoğar ölkəyə yola düşəcək nümayəndə heyəti ilə görüşüblər. Görüşdə valideynlər və müəllimlər də iştirak ediblər.
İto şəhərində səfərdə olub, qardaşlaşma müqaviləsini imzalamış M.Sadıqov təcrübəli təhsil təşkilatçısı və həyat təcrübəsi zəngin olan bir ziyalı kimi, şagirdlərə məsləhətlərini verib, yaxşı yol arzulayıb.
Deputat N.Aslanov belə səmimi və işgüzar görüşü təqdir edib, distant yolla yapon dilinin öyrənilməsini bəyənib, İsmayıllıya və onun təhsilinə yeni-yeni uğurlar arzulayıb.
Yaponiyada səfərdə olmuş ingilis dili müəllimi Şərafət Bayramov və şəhər 1 nömrəli tam orta məktəbinin direktoru Gündüz Qədirov Yaponiyadan gələcək müəllim və şagirdlərlə əlaqədar hazırladıqları qonaqlama proqramı ilə rəhbərliyi tanış ediblər.
Qeyd olunub ki, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin uğurlu alınması üçün bütün ehtiyac olan tədbirlər, hazırlıq işləri görülüb.
Qardaşlaşmış hər iki məkanda davam edəcək 14 günlük səfər tərəflərin nümayəndə heyəti üçün çox faydalı olacaq.
Gülnarə Mirzəliyeva

Şərh Yaz