Qarşılanma, diqqət və qayğıya görə razılıq

24 iyul 2017-ci il tarixdə İsrayil Dövlətinin Sosial Müdafiə sahəsində çalışan bir qrup əməkdaşı İsmayıllıya səfər edib.
Səmimi qarşılamadan sonra qonaqlar Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı Rayon Şöbəsinin inzibati binasında olub, həmkarlarının iş şəraiti və ümumilikdə bu sahənin hansı prinsiplər üzərində qurulması ilə maraqlanıblar.
Qarşılanma, diqqət və qayğıya görə razılıq           DSMF İsmayıllı Rayon Şöbəsinin rəisi Kamran Muradov qonaqlara Azərbaycanda vətəndaşlara çalışdığı sahədə göstərilən dövlət qayğısından ətraflı danışıb.
Geniş tanışlıq və müzakirələr aparmaq üçün qonaqlar Heydər Əliyev Mərkəzinin iclas zalına dəvət olunublar.
Seminar xarakteri daşıyan görüşdə tərəflər onları maraqlandıran sualları cavablandırıblar.
Qonaqlara İsmayıllı rayonunun ərazisi, əhalisi, coğrafi mövqeyi, iqtisadi potensialı, tarixi özəllikləri, bir sıra ölkələrin şəhərləri ilə mədəni əlaqələr qurmasından bəhs olunub. Onlara Azərbaycan multikulturalizmi və onun rayonla bağlı real nümunələri barədə məlumat verilib.
Görüşdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Murad Məhərrəmov iştirak ediblər.
Daha sonra İvanovka kəndində və Basqal qəsəbəsində olan qonaqlar İsmayıllı qonaqpərvərliyindən, təcrübə mübadiləsindən, onlara ayrılan diqqətdən məmnun olduqlarını ifadə ediblər.
Ş.Soltanov

Şərh Yaz