Fransız yazıçısı Lahıcda olub

Azərbaycanda səfərdə olan Fransız jurnalisti, yazıçısı, Beynəlxalq Reyn Dərnəyinin prezidenti, qadın və uşaq hüquqlarının müdafiəçisi Jerar Kardon və köməkçisi Fransua Nicolas Lahıc qəsəbəsində olublar.
Qonaqlar bildiriblər ki, bu səfər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan həqiqətləri Fransa mətbuatında” layihəsi çərçivəsində rallaşır.
Fransız yazıçısı Lahıcda olub
Qonaqları Lahıcın girişində İsmayıllı Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Nazim Səfərov, RİH başçısının Lahıc qəsəbə İƏD-i üzrə nümayəndəsi Fikrət Haqverdiyev, Lahıc bələdiyyəsinin sədri Rövşən Əliyev, Lahıc qəsəbə tam orta məktəbinin direktoru Hikmət Haqverdili qarşılayıblar.
R.Səmədov bildirib ki, Azərbaycan ilə Fransa dost və tərəfdaş ölkələrdir. Azərbaycan Prezidenti İlham Əliyev Fransa ilə münasibətlərin inkişafına xüsusi diqqət yetirir. Ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni və humanitar sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Azərbaycanın İsmayıllı, Fransanın Evian –“ le Ben şəhərləri arasında dostluq və qardaşlıq əlaqələrinin güclənməsi deyilənlərə əyani sübutdur. RİH-nin rəsmisi iki ölkə mediası arasında qarşılıqlı əlaqələrin də gücləndirilməsinin əhəmiyyətinə toxunub.
Tanınmış yazıçı və jurnalist Jerar Kardon İsmayıllı rayonuna səfərindən məmnunluğunu ifadə edib. Burada keçmişlə müasir zamanın vəhdətində onu valeh edən məqamların olduğunu söyləyib. Lahıc qəsəbəsindən aldığı xoş, bənzərsiz təəssüratları bir yazar kimi fransız xalqı, eləcə də dünya ictimaiyyəti ilə bölüşəcəyini bildirib. O, misgərlik sənəti ilə daha çox maraqlanıb. Son illərdə bu sahədə həyata keçirilmiş layihələrlə tanış olub.
Qəsəbənin qədim tarixi barədə qonaqlara ətraflı məlumat verilib.
Ş.Soltanov

Şərh Yaz