Qurbanəfəndidə belə olmadı…

Qələm dostlarım Cəfər Əzizoğlu və Etibar Qəriblə İsmayıllı rayonunun Qurbanəfəndi kəndinə yola düşəndə fikirləşirdik ki, gedib adını eşidib, üzünü görmədiyimiz şairə Turac Hilalın “Nazlı çiçək kimiyəm…” kitabının təqdimat mərasimində iştirak edəcəyik, söz versələr, çıxış edəcəyik, müəllifə xoş arzularımızı bildirəcəyik.
Qurbanəfəndidə belə olmadı...
Qurbanəfəndidə belə olmadı...
Son illər dəbdəbəli, işıqlı, güzgülü, çilçıraqlı salonlarda, müasir kitab mağazalarında qara pencəkli, ağ köynəkli, qırmızı qalstuklu adamların iştirakı ilə o qədər təqdimat mərasimlərinin iştirakçısı olmuşuq ki… Qapının qarşısında 10-15 manat verib kitab almışıq, içəri keçəndən sonra növbəyə dayanıb aldığımız kitabı müəllifə imzalatdırmışıq, sonra bir guşədə əyləşib sosial şəbəkələrdə, qəzet səhifələrində, saytlarda “möhtəşəm” adlandırılacaq bu tədbirin başa çatacağı dəqiqəni səbirsizliklə gözləmişik. Dostlarımızdan biri çox haqlı olaraq kitab təqdimatı mərasimlərini toylarımıza bənzədirdi. Deyirdi ki, toylarda yalnız bəy və gəlin dəyişir, qalan nə varsa sabit qalır, eyni ssenari ilə davam edir, “Vağzalı” havası ilə başa çatır… Kitab təqdimatı mərasimləri də bunun kimi. Müəllif dəyişir, kitabın adı fərqli olur, məclis isə ənənəvi şəkildə davam edir…
Qurbanəfəndidə belə olmadı… Biz sözün həqiqi mənasında sehrli bir aləmə düşdük və yaxşı mənada təəccübləndik. Ciddi bir hazırlıq işi görməmişdilər. Kənd camaatı bir yerə toplaşmış, Turac Hilalı və onun ailə üzvlərini də dəvət etmişdilər. Tədbirin adı kitab təqdimatı olsa da, heç kəsin əlində kitab görünmürdü. Bu “çatışmazlığı” da Cəfər Əzizoğlu aradan qaldırdı, gətirdiyi kitabları gənclərə verdi, onlar da kənd camaatına payladı. Artıq hamının əlində kənd qızı Turac Hilalın “Nazlı çiçək kimiyəm…” kitabı var idi… Hər yerdən bu nazlı çiçəyin ətri duyulurdu. Hamı kitabı vərəqləyib biri-birinə baxır, sevincini təbəssümlə ifadə etməyə çalışırdı. Uşaqlı-böyüklü hər kəs bu kitabı özününkü hesab edirdi. İndiyədək Qurbanəfəndidə çox fərəhli hadisələr baş vermişdi. Ancaq kəndin tarixində ilk dəfəydi ki, kitab təqdimatı keçirilirdi. Artıq Qurbanəfəndi kəndinin kitabı da var idi. Bu kitabı hamının adından kəndin yetirməsi olan, qadınlıq rəmzi sayılan, üç uşaq anası Turac Hilal qələmə almışdı. Kitabdakı şeirlərin hər sətrində kəndin qəlbi döyünürdü. Г‡ünki bu kənddə böyüyən, hər daşın, hər bulağın yerini bilən, hər çiçəyin ətrini duyan, hər quşun nəğməsinə səs verən Turac Hilal mövzu axtarmamışdı, sadəcə, sağına-soluna baxıb gördüklərini, duyduqlarını kağıza köçürmüşdü…
Mən son illər ilk dəfəydi ki, kənd boyda fərəh, kənd boyda səmimiyyət görürdüm. Tədbirin aparıcısı – şair, “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru, “İsmayıllı Yazarları” ədəbi ictimai birliyinin sədri Şahməmməd Dağlaroğlu söz demək istəyənlərin arzusunu yerinə yetirdikcə onların çöhrəsinə baxırdım. Г‡oxunun adı yadımdan çıxıb, amma filoloq, yazıçı-publisist Məmmədmirzə Rzayev, şair, İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Murad Məhərrəmov, şair, “Tərəqqi” medallı Azərbaycan dili və ədəbiyyatı müəllimi Hacıməmməd Məmmədov, jurnalist, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, şair, Diyallı kənd tam orta məktəbininin Azərbaycan dili və ədəbiyyatı müəllimi Oqtay İsmayıllı, şair, İsmayıllı Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Xalıq Yusifoğlu, şair, “Dağ çiçəkləri” ədəbi məclisinin rəhbəri Nazir Ziya Talıstanlı, ədəbi tənqidçi. iqtisadçı İslam Qarayev, şair, Rüstəm Məbudoğlu, şair-həkim Tərlan Saleh, şair Furqan Sadıq… danışdıqca dönüb üç adama – Turac Hilala, onun atası Ramiz kişiyə və… “Nazlı çiçək kimiyəm…” kitabını təmənnasız, öz vəsaiti hesabına çap edən naşir Cəfər Əzizoğluna baxırdım. Özüm də kövrəlmişdim, ona görə də çox bəyəndiyim Aşıq Elman Mehdiyevin çalıb-oxuduğu oynaq havalara qol götürüb oynayan kənd camaatına qoşuldum. Bu, sözə, şeirə, kitaba verdikləri qiymətə görə Qurbanəfəndi sakinlərinə ehtiramımın və minnətdarlığımın ifadəsi idi…
Tədbirin gedişi zamanı mobil telefonla Şirvan aşıq məktəbinin görkəmli nümayəndəsi Aşıq Əhlimandan gələn təbrik mətnini dinləyicilər təkrar-təkrar alqışladılar. Kəndin yetirmələri – Hakim Qəribov, Topçu kənd tam orta məktəbinin direktoru Xavər Allahverdiyeva, İsmayıllı RİH başçısının Qurbanəfəndi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Niyaz Qarayev, Qurbanəfəndi kənd tam orta məktəbinin direktoru Tofiq Qurbanov, müəllim Kamal Allahverdiyev, İsmayıllı Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin direktoru Könül Baxışova müəllifə yeni yaradıcılıq uğurları arzulayıb kitabın işıq üzü görməsində zəhməti, diqqət və qayğısı olanlara minnətdarlıq, təşəkkür ifadə etdilər. Daha böyük auditoriyalarda Turac Hilalın növbəti kitablarının təqdimat mərasimlərinin keçiriləcəyinə ümidvar olduqlarını bildirdilər.
Şairə Turac Hilalın atası Ramiz Səfərovun razılıq, minnətdarlıq nitqi səmimiliyi ilə bütün çıxışlara dolğun cavab oldu.
Yaşanan xoş günə görə hamı səbəbkarları alqışladı.
Məzahir Süleymanzadə

Şərh Yaz