İsmayıllını seçənlər artmaqdadır

İsmayıllını seçənlər artmaqdadır    Ölkəmizin dilbər guşələrindən olan İsmayıllı flora və faunası, habelə tarixi abidələrinin zənginliyi ilə həmişə seçilmişdir. Baş Qafqaz dağ silsiləsinin cənub yamaclarında yerləşən bu bölgə ərazisinin böyük bir hissəsi dağlıqdır. Buradan Girdiman, Ax-Ox və Göyçay çayları axır. Tircan kəndində Bədo adlanan sahədə, Diyallı, Namazgah, İstisu kəndlərinin yaxınlığında müalicəvi əhəmiyyətli sular var. Qalacıq, Г‡ayqovuşan, Brovdal, Müdrüsə kəndlərinin yaxınlığında füsunkar şəlalələr, Qaranohur və digər təbii göllər olduqca valehedicidir.
İsmayıllının ərazisində 223 tarix və mədəniyyət abidəsi mövcuddur. Bu abidələrdən biri -Lahıc Dövlət Tarix və Mədəniyyət Qoruğu dünya, 32-si ölkə, 127-si isə yerli əhəmiyyətlidir. 70-dən çox tarix və mədəniyyət abidəsi isə yeni aşkar edilib. Möhtəşəm Cavanşir və Qız qalaları, hətta ismayıllıların çoxunun belə görmək istədiyi, lakin görə bilmədikləri füsünkar Qaranohur gölü olduqca məşhurdur.
Əlbəttə, bütün bunlar nəinki yerli, xarici turistlər üçün də maraqlı və cəlbedicidir. Dövlət qayğısı turizm üçün böyük potensialı olan bölgədə bu sahənin inkişafına güclü təkan verib. Burada ekoturizm, mədəni turizm, sağlamlıq turizmi və sair turizm növləri üçün də geniş imkanlar mövcuddur. İsmayıllı-Basqal-Lahıc istiqaməti üzrə “Qırxotaq əfsanələri” və “Fit qalası” kimi turizm marşrutları yaradılıb.
Təsadüfi deyildir ki, İsmayıllıya gələn turistlərin sayı ildən-ilə artır. Təkcə bu ilin ötən müddətində bölgəyə 23 min 517 nəfər turist gəlib. Onların sayı ötən ilin müvafiq dövründəkindən 917 nəfər çoxdur. Xarici turistlərin də sayı 200 nəfər artaraq 2153 nəfərə çatıb. Gəzinti üçün İsmayıllını seçənlər arasında ruslar, almanlar, ingilislər üstünlük təşkil edir. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları zamanı və ondan sonra ərəb ölkələrindən də çoxlu turistlər gəlir.
Turist axınındakı artım bölgədə turizm sahəsində vacib hesab olunan işlərin düzgün qurulmasını göstərir.
Ş.Soltanov

Şərh Yaz