Zərdabi Mətbuat Mərkəzi yekun dəyirmi masanı İsmayıllıda keçirib

Zərdabi Mətbuat Mərkəzi yekun dəyirmi masanı İsmayıllıda keçirib  İyul ayının 7-də Zərdabi Mətbuat Mərkəzi ictimai birliyi İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində “İlk mənbədən informasiya alınması: mövcud durum və perspektiv vəzifələr” mövzusunda dəyirmi masa keçirilib. Qurumun Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi şurasının maliyyləşdirdiyi “İlk mənbədən informasiya alınmasının təşviqi ilə “Açıq hökumət” quruculuğuna dəstək” layihəsi çərçivəsində reallaşdırılan bu tədbirdə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri, media təmsilçiləri iştirak ediblər.
Tədbiri İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova açıb. O bildirib ki, son günlər Füzuli rayonu istiqamətində erməni təcavüzkarlarının dinc insanları, hətta körpələri belə qətlə yetirmələri bütün ölkə ictimaiyyəti kimi İsmayıllı rayon sakinlərini də hiddətə gətirib. Bu bəşəri cinayətin cavabsız qalmayacağı şəksizdir. Tədbir iştirakçıları şəhidlərin və təcavüz qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Zərdabi Mətbuat Mərkəzinin sədri Rəhim Hüseynzadə 4 ayı əhatə edən layihə barəsində ərtaflı məlumat verib. O vurğulayıb ki, bu səpkidən olan tədbirlər bundan əvvəl Lənkəranda və Salyanda baş tutub. Dəyirmi masalarda ilk mənbədən informasiya alınması sahəsində mövcud qanunvericilik bazasına, bu münbit şəraitdən ölkədə necə istifadə olunduğuna, irəliləyişə, həllini gözləyən vəzifələrə diqqət yetirib. Sədr dediklərini konkret misallarla əsaslandırıb. Eyni zamanda İsmayıllıda informasiyanın alınmasına yaradılan şəraitin də qənaətbəxş olmasını göstərib.
Layihənin eksperti, Jurnalist Araşdırmalar Mərkəzinin sədri Seymur Verdizadə çıxışında informasiya alınmasına, tərəflərin yanaşma metodikasının, ətraflı təhlilini verib. O bildirib ki, mövcud şərait müəyyən istisnaları çıxmaqla istər informasiya daşıyıcılarına, istərsə də informasiya almaq istəyənlərə kifayət qədər geniş imkanlar yaradır. Ortaya çıxan narazılıqların kökü insanların bu imkanlara nə dərəcədə məsuliyyətli münasibətlərindən asılıdır. Ekspert dəyərlərə belə yanaşılmasının bütün cəmiyyətin mənafeyi ilə kəsişdiyini deyib.
Veteran jurnalist Valeh Salehov bəzi qurumlarda bürokratik meyllərin mövcudluğunun ilk mənbədən informasiya alınmasına mənfi təsirlərindən danışıb və diqqəti bu kimi halların aradan qaldırılmasının vacibliyinə çəkib.
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Soltanov, “İnsan və təbiət” qəzetinin baş redaktor müavini İldırım Dəmirli, Əməkdar müəllim Şəfaqət Rəsulov, İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov və başqaları layihənin ictimai əhəmiyyətindən söz açaraq davamlılığını arzulandığını deyiblər.
E.Qasımova

Şərh Yaz