Qayğı fəaliyyətə yol açır

Qayğı fəaliyyətə yol açır      Ölkəmizdə bütün istiqamətlərdə olduğu kimi, idman sahəsində də böyük uğurlara imza atılır. Ölkə rrezidenti cənab İlham Əliyevin qayğısı və diqqəti nəticəsində ölkəmiz dünya miqyasında inkişaf etmiş idman ölkəsi kimi tanınır. Son illər Azərbaycanın bir sıra beynəlxalq yarışlara ev sahibliyi etməsi bunu bir daha sübut edir.
İdmanın inkişaf etdirilməsi vətənimizin dünya miqyasında tanınmasında, ölkəmizdə turizm sektorunun inkişafına təkan verir. İdmançılarımız hər dəfə qələbə kürsüsünə qalxanda bayrağımız ucalır, himnimiz səsləndirilir. Bütün bunlar hər birimizdə vətənpərvərlik və qürur hisslərini canlandırır. İdman xalqlar arasında sülh, dostluq həmrəylik simvoluna çevrilmişdir.
İdmanın inkişaf etdirilməsinə digər regionlarda olduğu kimi, İsmayıllı rayonunda da xüsusi diqqət vardır. Odur ki, ildən-ilə bu istiqamətdə qazandığımız nailiyyətlər artır. Bu yazımda sizə son illər rayonumuzun idmanına nəzərəçarpacaq uğurlara imza atan bir idmançısı, məşqçi-müəllimi Əkbər Şəfaqətovun fəaliyyətindən bəhs etməyə çalışacağam.
Əkbər 1972.ci ildə rayonumuzun Diyallı kəndində anadan olub. Hələ uşaq yaşlarından idmana böyük maraq göstərib. 1979-cu ildə rayonumuzda pəhləvan Hikmət Əhmədovun rəhbərliyi ilə güləşin sambo növü üzrə yığılan qrupda 1981-ci ildə məşqlərə başlayıb. 9 yaşlı Əkbər sambonun sirlərini müəllimindən öyrənməklə ümidverici bir idmançı olacağını nümayiş etdirir. Təbii olaraq zaman keçdikcə uğurlar da artır. Bildiklərini özündən kiçiklərə öyrətmək istəyi onu gənç yaşlarından məşqçi kimi formalaşdırır.
Ə.Şəfaqətov hazırda idman sahəsindəki uğurlara görə əməkdar məşqçi adını daşıyır. O, Qobustan, Şamaxı, Ağsu, Qəbələ, Oğuz və İsmayıllı rayonlarını əhatə edən zona üzrə baş məşqçi kimi çalışır. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını 2016-cı ildə bitirmiş, bədən tərbiyəsi və idman ixtisasını qazanmışdır. Bir sıra mötəbər idman yarışlarının iştirakçısı və qalibi olmuşdur.
2015-ci ildə Bakıda keçirilən Birinci Avropa Oyunlarının, 2017-ci ildə ev sahibliyi etdiyimiz İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin üzvü seçilmişdir.
Qayğı fəaliyyətə yol açır      Əkbər müəllimin təlimindən keçən gənclərimiz ötən illər ərzində çoxsaylı qələbələr əldə ediblər. 2017-ci ilin 28-30 iyun tarixlərində Bakı şəhərində cüdo üzrə 23 yaşa qədər gənclər arasında Azərbaycan çempionatında rayonumuzun oğlan və qızlarından ibarət yığma komandamızda həmkarı Nurlan Salmanzadənin rəhbərliyi altında 11 idmançı ilə baş məşqçi qismində çempionata qoşulmuşdur. Gərgin keçən həmin yarışlarda rayonumuzun idmançıları bir qızıl, iki bürünc medala layiq görülmüşlər. Digər iki idmançımız isə dördüncü, beşinci yerləri tuta bilmişlər.
Bu böyük qələbəyə görə Əkbər Şəfaqətov Azərbaycan Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Cüdo İdman Federasiyası tərəfindən diplom və medallarla təltif olunmuşdur. Cüdo idmanında göstərdiyi böyük nailiyyətlərə görə Dünya Cüdo Federasiyasının prezidenti Marius Vizer tərəfindən xüsusi Fəxri fərmanla təltif olunmuşdur.
Onunla ilk tanışlığım tez-tez üz tutduğum “İsmayıllı xəbərləri” qəzetinin redaksiyasında oldu. Maraqlanıb bir neçə suala cavab aldım. İşgüzar və vətənpərvər gənc olması ilə ürəyimə yatdı. O, qazanılan uğurların səbəbkarı kimi ürək dolusu və böyük fəxrlə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun adını çəkdi. Bildirdi ki, rayonumuzun ictimai-siyasi həyatına, iqtisadiyyatına böyük qayğı göstərən Mirdaməd müəllim rayonun idman şərəfinin qorunmasına da yüksək önəm verir.
Əkbər müəllim onu da qeyd etdi ki, çoxsaylı təlim-məşqlərin, idman yarışlarının təşkilində və keçirilməsində bir qayda olaraq rayon Gənclər və İdman İdarəsi ilə İsmayıllı İdman-Olimpiya Kompleksi bizə diqqət və qayğı ilə yanaşır.
Ümid edirik ki, bugündən sonra da Əkbər Şəfaqətov rayonumuzun idman şərəfini layiqincə qoruyacaq, bu yolda daha böyük uğurlar qazanacaq.
Heydər Xəlilov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərh Yaz