İsmayıllının kitabxana tarixindən

İsmayıllının kitabxana tarixindən    “Kitabxanalar xalqın milli sərvətidir”. Böyük öndər Heydər Əliyevin bu sözləri xalqın tarixi yaddaşını yaşadan, mədəni intibahında dünyagörüşündə əvəzsiz rol oynayan kitaba və dəyəri əsrlərdən-əsrlərə daşıyan mədəniyyət ocaqlarına – kitabxanalara verilən ən yüksək qiymətdir.
Ölkəmiz qədim dövrlərdən başlayaraq, öz yüksək kitab mədəniyyəti ilə seçilib, zəngin kitabxanaları ilə tanınıb. Xalqımızın yaratdığı qiymətli tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanılmasında, bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəslə çatdırılmasında və cəmiyyətimizin intellektual-mənəvi potensialının artırılmasında kitabxanalarımız əvəzsiz rol oynayır. Bu mədəniyyət ocaqlarında çalışan, ömrünü kitaba həsr edən zəhmətsevər insanlar böyük hörmətə layiqdir.
İsmayıllı rayonunun tarixi 1931-ci ildən başlasa da, burada dövlət kitabxanaları uzun müddət yaradılmamışdır. İnqilabdan əvvəl xalq məscid və mədrəsələrdə olan, ərəb əlifbası ilə yazılmış ədəbiyyatlardan, oradakı kitabxanalardan istifadə etmişdir. Məscid və mədrəsə kitabxanalarında təkcə dini kitablar deyil, elmi kitablarla yanaşı klassik yazıçılarımızın da əsərləri qorunub saxlanılır və oxunurdu. Lakin bolşeviklər öz ideologiyalarını xalqın beyninə yeritməkdən ötrü məscidlərlə yanaşı, məscidlərdə olan kitabxanaları da dini kitablar adıyla dağıtdılar, yandırdılar, savadlı elm adamlarımızı da (əfəndi və axundları) əksəriyyətini həbs etdirdilər və ya sürgün etdilər.
1930-cu illərdə ”Savadsızlığı ləğv etmək haqqında qərar”dan sonra iri yaşayış məntəqələrində ilk ”Qiraət komaları” yaradılmışdır. Bu qiraət komaları o dövrdə “Xalq Maarif Komissarlığı”na tabe idi. Yaşlıların dediyinə görə (84 yaşlı Musa Babayevin) belə komalardan biri iri yaşayış məntəqəsi olduğu üçün Yuxarı Cülyan kəndində yaradılmışdır. Lakin zənn etmək olar ki, bu qiraət komaları rayonumuzun iri dağ kəndləri olmuş Lahıc, Brovdal və Həftəsov kəndlərində də olmuşdur.
Kitabxanalar rəsmi olaraq İsmayıllıda, Lahıcda, Basqalda, Quşencədə, Qalacıq və Diyallıda 1947-ci ilin yanvar ayında yaradılmışdır. İlk kitabxana binası da 1947-ci ildə XMK-ı Süleyman Rəhimovun sərəncamı ilə indiki Mədəniyyət sarayının yerində tikilmişdir. 1951-ci ildə daha 12 kənddə – Topçu, Müdrü, Brovdal, Həftəsov, Yuxarı Cülyan, Kürdmaşı, Qalacıq, Zərnava, Qalınçaq, Mollaisaqlı, Tircan kəndlərində kitabxanalar açılmışdır.
1947-ci ildə İsmayıllıda ilk kitabxananın təşkilatçısı Bəsirə İsrayılova olmuşdur. O, 1945-ci ildə orta məktəbi bitirdikdən sonra 6 aylıq müəllimlik kursunu bitirmiş, bir müddət “Yeni İsmayıllı”qəzetində işlədikdən sonra, onu 1947-ci ilin yanvarın 1-dən Mərkəzi Kitabxanaya müdir təyin edirlər (mənbə: “İsmayıllı xəbərləri” 29 noyabr 2011). B.İsrayılova 1954-cü ildə Bakı Kitabxanaçılıq Texnikumuna daxil olmuş 1958-ci ildə məktəbi bitirərək, ixtisaslı kadra çevrilmişdir. 1961-ci ildən Mərkəzi Kitabxananın müdiri, abonoment və uşaq şöbəsinin müdiri, 1961-1981-ci illərdə yenidən Mərkəzi Kitabxananın müdiri vəzifəsində çalışmışdır. 1981-1984-cü illərdə İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, 1990-cı ilədək MKS-də Metodika şöbəsində müdir işləmişdir. 1990-cı ildən təqaüdə çıxmış, 2011-ci ildə vəfat etmişdir.
1984-cü ildən başlayaraq müxtəlif illərdə İlham Rəhimov, Lətifə Mirzəyeva, Vaqif Ağayev, bu sətirlərin müəllifi Həmid Hacıyev, Ələddin Ələkbərov MKS-nın direktoru işləmişdir. Yazının çapa getdiyi vaxtda Ə.Ələkbərovun başqa işə keçdiyindən əvəzetmə ilə bu vəzifəni Ruhiyyə Mirzəyeva aparır.
İsmayıllıda Mərkəzləşdirilmiş Kitabxana Sistemi 1981-ci ilin yanvar ayından təşkil olunmağa başlamışdır. O illərdə Rayon Mədəniyyət Şöbəsinin müdiri İsrayıl Qəniyev olmuşdur. Yüksək mədəniyyətə malik, bu işgüzar insan 25 il RMŞ-nın müdiri işləmişdir.
O, bacarıqlı orta-ixtisas təhsilli işçiləri kitabxanaya cəlb edərək mərkəziləşməni təşkil etdi. Mərkəzi kitabxanada “Oxuculara xidmət”, “Komplektləşdirmə və kitabiləşmə”, “Metodika və biblioqrafiya”, “Vahid fond”, “Uşaq şöbəsi” adlı bölmələr yaradıldı.
Mərkəziləşmənin təşkilində yuxarıda adları çəkilən direktorlarla yanaşı Şövkət İsmayılova, Şahlar Hacıyev, Sevda Qasımova, Şahbaz Səlimova və Zümrüd Ağayeva xüsusi xidmət göstərmişdir.
1990-cı ildən artıq MKS formalaşmışdı. Burada “Biblioqrafiya” “Metodika”dan ayrılaraq yeni bir şöbə kimi fəaliyyət göstərirdi.
MKS-nin rayon ərazisində 64 kitabxana və bir avtokitabxanası fəaliyyət göstərirdi. Mərkəzi kitabxana 120 adda qəzet və jurnal alırdı. Digər kitabxanalar isə 4-5 adda qəzet və jurnal, hər il azı 250 yeni kitab alırdı. MKS-nin rayon üzrə 35 min oxucusu var idi. 2011-ci ilədək 60 kitabxana qorunub saxlanılmışdı. Hazırda onlardan 45-i fəaliyyət göstərir.
1990-cı ilədək Həftəsov, Tağlabiyan, Gəndov (yuxarı), Cülyan (sonradan Talışa köçürülmüşdür), Əhən, Gideyli, Mücühəftəran, Yeniyol, Pirəbilqasım, Aşağıbaş İsmayıllı, Sərdəhar, Xanagah, Balik, Minkə, Külüllü kimi kəndlərdə də kitabxanalar olmuşdur.
İsmayıllıdakı ilk Mərkəzi kitabxana 3 otaqlı binadan ibarət olmuşdur. Lakin 1982-ci ildə İsmayıllıda baş verən zəlzələ ilə əlaqədar Mədəniyyət Nazirliyinin əmri və ayırdığı vəsait hesabına hazırda fəaliyyət göstərən kitabxana binası inşa edilmişdir. Bununla əlaqədar Mədəniyyət Nazirliyi Quşencə, Mollaisaqlı, Cülyan, Ağbulaq, Xankənd və Gəraybəyli kəndlərində də fin tipli kitabxana binalarının tikilməsinə vəsait ayırmış və məqsədə uyğun binalar inşa edilmişdir.
1982-ci ildə Gəncə İcra Nümayəndəliyi tərəfindən iki ay ərzində indiki müasir tipli Uşaq və Gənclər Kitabxanası inşa edilmiş, 2013-ci ildən İsmayıllı İcra Hakimiyyətinin təşəbbüsü, diqqət və qayğısı nəticəsində yenidən təmir edilmişdir.
2016-cı ildə MKS üzrə oxucuların sayı 26303, kitab fondu 375256, nüsxə kitab verilişi isə 469548 nüsxədir. Sonda onu da qeyd edim ki, bu il İsmayıllıda Mərkəzi Kitabxana yaradılmasının 70 illiyi tamam olur.
Həmid Hacıyev,
mütəxəssis-kitabxanaçı, əmək veteranı

Şərh Yaz