Bir Kamil dayı vardı …

Bir Kamil dayı vardı ...Dünya bir səhnədir, biz də aktyor …
Hərə öz rolunu oynayar gedər.
Yüz dona girərik ömür bitincə
Ömür var bulaq tək qaynayar gedər.

Yazanı olsa hər insan ömrü maraqlı bir romanın mövzusudur. Bir də insan ömrünü nağıla da bənzədirlər. Yəni, biri var idi, biri yox idi …
Mən də elə çoxdan idi ki, o nağıldan danışmaq istəyirdim. Biri var idi, biri yox idi … Və bir də nə yazıq ki, bu varın gec, tez sonu olacağını unuduruq. Amma, bu varın sonu var! Yoxun isə sonu olmur. Г‡ünki, o yoxdur. Yox vardan yox olur. Yox olan varları yada salmaq, anmaq, xatırlamaq, kif basmış xatirələri oyadıb arıtlamaq, çözələmək savabdır. Yaxşıları xatırlayıb anmaq dirilərin borcudur. Dirilərin haa…, ölülərin yox! Həə… əziz oxucu!
Biri var idi, biri yox, dünən sağ olub, bu gün yox olanlardan və çoxlarına yol göstərib, uğur diləyib unudulan insanlardan biri haqqında danışmaq istəyirəm. Danışa biləcəmmi?
Müəllimlik fəaliyyətinə başlayandan haqqında deyilənləri eşidirdim. Özünü və üzünü görməsəm də təsəvvürümdə işini dərindən bilən, məsuliyyətli, qaynar və tələbkar adam obrazı yaranmışdı. Fiziki cəhətdən boylu-buxunlu, güclü təsəvvür edirdim onu. Eşitmişdim ki, bir az da duzlu-məzəli, zarafatcıl adamdır. İş elə gətirdi ki, müəllim işlədiyim məktəbə direktor təyin olundum. 1981-ci il idi. Məktəbdə müəllimlər arasında dərs bölgüsü başa çatandan sonra mühasibatlıqda tarifləşmə cədvəli yazılmalı idi. Lazımi sənədlərlə Rayon Təhsil Şöbəsinə gəldim. Öyrəndim ki, sənədlərimə baş mühasib baxacaq. Harada olduğunu soruşanda qapısı açıq otağı göstərdilər. İcazə alıb otağa girmək istəyəndə otağın yuxarı başında, pəncərənin önündəki masanın arxasında arıq bir kişinin işlədiyini gördüm. Sol əlinin barmaqları arasında “Avrora” siqareti tüstüləyirdi. Siqaretin tüstüsündən sapsarı saralmış barmaqlarının arasında sıxdığı siqareti dodaqları arasına alıb dərin bir qullab vurub tüstüsünü “Nikolay paravozu” kimi havaya püskürdü və sən kimsən, deyə soruşdu. Kim olduğumu biləndən sonra:
– Gözüm aydın! Get növbən çatanda gələrsən! –“ dedi və öz işi ilə məşğul oldu.
Düzü, belə görüşü təsəvvür etmirdim. Ancaq heç nə demədən, pərt vəziyyətdə geri qayıtdım. Düşündüm ki, onunla işləmək mənimçün çətin olacaq.
Haqqında danışmaq istədiyim bir vaxtlar çoxlarının həvəslə yoldaşlıq etmək, onunla bir stəkan çay içmək, duzlu, məzəli söhbətlərinə və zarafatlarına, ağıllı və dəyərli məsləhətlərinə qulaq asmaq istədiyimiz adam Kamil Şahlar oğlu Osmanovdur. O Kamil ki, pensiya yaşında olan müəllimlərin direktor kimi püxtələşib, formalaşmasında böyük köməyi, qayğısı və zəhməti olub.
O, 1928-ci ildə rayonun Mican kəndində anadan olub. Yaşıdları kimi uşaqlığını kəndin yol-yolağında, bacı-qardaşlarının əhatəsində keçirib. Ailədə on uşaq olublar. İkinci uşaq olan Kamil öz hərəkətləri, rəftarı, cəldliyi və hazırcavablığı ilə seçilib. Məktəbdə də əlaçı olub, müəllimlərin rəğbətini qazanıb.
Orta məktəbi bitirəndən sonra Kamil Osmanov sənədlərini Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə təqdim edir. İmtahanlarını müvəffəqiyyətlə verib tələbə olur. Lakin birinci kursun sonlarına yaxın möhkəm xəstələnir. Uzun müalicədən sonra sağalsa da təhsilini davam etdirə bilmir. Doğmalarının yanına qayıdan Kamil bir müddət sonra Rayon Təhsil Şöbəsində kargüzar, hesabdar, mühasib vəzifələrində sıravi işçidən idarənin baş mühasibi vəzifəsinədək yüksəlir. Zəngin iş və həyat təcrübəsi qazanır. Bir müəssisəyə cavan Kamil kimi gəlib, ahıllaşmış, müdrikləşmiş, kiməsə Kamil müəllim, kiməsə Kamil dayı kimi təqaüdə gedir. Əslində, o təqaüdə getmədi. Xəstələndi, müalicəyə getdi. Oradan da …
Adı Kamil olsa da, çoxu onu Kamıl dayı deyə çağırardı. Hamıyla işləməyi, dil tapmağı bacardığı kimi, hamını da istədiyi kimi işlədə bilirdi. Özündən başqa hamıya tələbkar və qayğıkeş idi. Onun tələbkarlığının içində şirin bir qayğı və bəzən də özünəməxsus yumor olurdu. İşçi ilə ciddi davrandığı kimi, onun könlünü də almağı bacarırdı. Mühasibatlıqla bağlı məsələlərdə onu aldatmaq, ona yalan demək olmazdı. Peşəsinin təmizliyində, saflığında çox ciddi idi. Təmiz işləməyi, qanunçuluğa əməl etməyi də hamıdan tələb edirdi. Saxtakarlıq, tənbəllik, biganəlik ona yad idi. İlk baxışda çoxlarına adi, qədirbilməz kimi görünən Kamil dayı qayğkeş adam idi. Hamıyla zarafat etməyi, deyib-gülməyi sevirdi. Ancaq bir işi pis idi. Ürəyi istəyənlərlə zarafat etsə də ona edilən zarafatdan xoşlanmazdı.
İşi mühasiblik olsa da, məktəbin inventar və avadanlığının qorunmasını, salamat qalmasını direktorlardan bir vəzifə borcu kimi tələb edər, qəfləti yoxlamalarla mənimsəmələrin qarşısını alardı. Belə direktor və təsərrüfat müdirlərinə qarşı amansız olardı. İstifadəyə tam yararsız, keyfiyyətsiz, istifadə müddəti bitmiş inventar və avadanlığın silinməsinə icazə verərdi. Hesablamalarda o qədər dəqiq idi ki, ən təcrübəli müfəttişlər belə onda səhv tapa bilmirdilər. Mühasibatlıq işləri üzrə işçilər arasında bölgü aparmışdı. Görülən işə hər kəs məsuliyyət daşıyırdı. Lakin Kamil dayı mühasibatlıqda çalışanların işinə daim nəzarət edər, yanlış hesablamalar aparan işçini cəzalandırardı.
Təbii olaraq çoxları kimi, Kamil dayı da yeyib-içməyi, istirahət etməyi sevirdi. Vərdişinə görə səhərlər çörək yeməzdi. Ertədən evdən çıxar, iş vaxtına qədər Şıxı dayının çayxanasında çay içərdi. Vaxtlı-vaxtında iş yerində olardı. İşə gecikməz, işdən tez də çıxmazdı. Günortaya yüngülvari nəsə yeyər, üstündən də mütləq bir çaynik çay içərdi. Axşamlar, kefinə düşəndə isə ürək qızdırdığı adamlarla çörək yeməyə gedərdi. Elə çox yeməyi də yox idi. İşsiz dayana bilməyən Kamil dayı axşam yeməyindən sonra heç vaxt işləməzdi. Deyərdi ki, səhv eləmək olmaz. Mənim səhvim mənim məhvimdir.
Г‡ox siqaret çəkirdi. Demək olar ki, siqareti siqaretə calayardı. SSRİ dağılandan sonra “Avrora”, “Prima” və “Astra” siqaretləri yoxa çıxdı. Məcbur olub filtrli siqaret çəkirdi. Ancaq siqaretin filtrini qırıb atar, sonra çəkərdi. Deyərdi ki, filtrlə ləzzət eləmir.
Güclü hafizəsi vardı Kamil dayının. Təhsil şöbəsində işləyən bütün müəllimlərin tərcümeyi-halını əzbərdən bilirdi.
Mikrokalkulyator olsa da Kamil dayı adi sayğacla işləməyi sevirdi. Sıfır tam on mində birə qədər dəqiqliklə bölmə əməliyyatı aparar, rəqəmləri xırda-xırda yazardı. İşindən yorulmaz, ləzzət alardı. Sayğacın şaqqıltısından sanki cilvələnər, hesablamanın düzgün nəticəsindən fərəhlənərdi.
Adam sərrafı idi. Baxan kimi ilk dəfə gördüyü adamın daxilini oxuya bilirdi. Heç kəsə qibtə, paxıllıq etməzdi. Allah ona gözəl, ağıllı və qayğıkeş ömür-gün yoldaşı, ruzi, xudmani dolanışıq, ev-eşik, dost-tanış, qohum-əqraba qismət etmişdi. Heç nədən korluğu yox idi. Amma nə qədər deyib gülsə, çöhrəsinə gülüş qonsa da gözlərində özünə məxsus bir həsrət, nisgil var idi. Nəyinsə həsrətini çəkdiyi duyulurdu. Öz dərdini özü bilirdi.
Yanvar ayı idi. UYM-nin illik maliyyə sənədləri işlənilməli idi. Mühasibatlıqda Lahıc qəsəbə tam orta məktəbin direktoru Hikmət müəllimlə deyə-gülə işləyirdi. Məni görən kimi:
– Yarım saata qurtarıb sənin də sənədini yazacam, bir azdan gələrsən. Deyilən vaxtda yanına getdim.
Gülə-gülə:
– Bilirsən, – dedi, axşamdı, Firuzə xalan da Bakıdadır, arxayınçılıqdır. Gedək, Allahın verdiyindən bir qarın çörək yeyək, sonra gəlib işləyərik. Razılaşdım. Söhbət edə-edə “Г‡inar” yeməkxanasına gəldik.
Yeməkdən sonra dedim ki, Kamil dayı, Firuzə xala da yoxdu, gəlsənə gecəni gedək bizdə qalaq, səhəri işə gedərik. Nə fikirləşdisə razılaşdı. Yavaş-yavaş gəlib evə çatdıq. Təzəcə çay içirdik ki, qonşu otaqdan körpələrin səsini eşidib sevindi.
Hardadır, onlar, – deyə soruşdu. O biri otağa keçdik. Balacaların üzündən öpüb oturdu kilimin üstündə və başladı onlarla oynamağa. Г‡ay yaddan çıxdı. Nə qədər: Г‡ay soyudu,- desəm də Kamil dayı öz işində idi. Gah o uşağı, gah da bu uşağı qucağına alıb öpüb-oynadır, danışdırırdı. Uşaqlara qoşulub uşaqlaşmışdı. Uşaqlardan ayrılmaq istəmirdi. Nəhayət, Kamil dayı bir stəkan çay içəndən sonra ayağa qalxdı.
– Hara, – soruşdum, – axı bizdə qalacaqdın…
– Yox, mühasibatlığın işıqlarını söndürməmişəm, yanğın olar. Gərək gedib söndürüm.
Doğrudan da işıqlar yanılı qalmışdı. İşıqları söndürüb getdik. Əhvalı yaxşı idi. Dedi ki, uşaqlar lap kefimi açdılar, Allah qorusun!
Г‡ox qohumcanlı adam idi. Fürsət düşən kimi qohumlara baş çəkərdi. Ən çox da bacısı Gözəl Osmanova ilə yaxınlıq edərdi. Gözəl müəllimə uzun illər rayonda rəhbər vəzifələrdə işləyib. Raykom katibi, rayon İcraiyyə Komitəsinin sədri kimi məsul vəzifələrdə çalışıb. Kamil dayı haqqında yazmaq istədiyimi bildirəndə duruxdu, sonra nə fikirləşdisə razılıq verdi. Söz verdi ki, vaxtı olanda mənimlə söhbət edəcək.
Aradan bir neçə ay ötdü. Gözəl müəllimədən zəng gözləyirdim. Nəhayət, günlərin bir günü Gözəl Osmanova ilə həyətlərində balaca bir quraqlığın altında oturub dərdləşdik. Bu vaxta qədər onu təsəvvürümdə olduqca ciddi, ötkəm xarakterli, çətin həmsöhbət kimi tanıyırdım. Ancaq söhbət qardaşı Kamildən olduğu üçün bir azca tutulmuşdu. Danışdıqca kövrəldiyini hiss edirdim. Qadın ürəyi başqa cür ola bilməz axı. Sülh, barışıq tərəfdarı olur qadınlar. Hegemon dövlətlərə qadınlar başçılıq etsəydi bəlkə də dünyada bu qədər dağıntı, ölüm olmaz, uşaqlar yetim, şəhərlər, ölkələr viranə qalmazdı.
– Ailədə on uşaq olmuşuq. Kamil ikinci idi. Г‡ox diribaş, hazırcavab, zarafatcıl, şıltaq, dəcəl olub, – deyə Gözəl müəllimə söhbətə başladı. Atam onu çox istəyirdi. Onun geyiminə də xüsusi baxardı. Qardaşım Şamillə oynayardı. Yalan danışmazdı. Danışanları da sevməzdi. Nədənsə, heyvanları çox sevərdi. Zərif qəlbli, istiqanlı, qayğıkeş idi. Qızların qənimi idi. Ayaqqabılarımızı götürüb gizlədər, bizi küçəyə çıxmağa qoymazdı. Məktəbdə əlaçı idi. Oxumaqdan doymazdı. Evi, bağı, bağçası, işi, qazancı hər şeyi vardı. Kamilə hər şeyi bəxş edən Allah tək bircəsini qıyıb –“ ona övlad vermədi. Nisgilli getdi bu dünyadan –“ deyib doluxsundu. İndi yer üzündə Kamilin qəbrindən başqa ona məxsus heç nəyi qalmayıb…
Kamil dayı şəkil həvəskarı olmayıb. Əsgərlikdə olanda çəkdirdiyi gənclik şəkillərindən savayı onun mülki formada şəklin əldə etmək üçün uzun müddət arxivləri axtardım. Nə RTŞ-nin, nə rayon arxivində onun mülki formada şəklini tapa bilmədim. Nəhayət, sonda mənə kömək edən bu insanpərvər qadına öz təşəkkürümü bildirirəm. Kamil dayının bir şəklini mənə verdi. Sağ olsun! Yazımın da gecikməsinin səbəbi məhz onun şəkli ilə bağlı idi.
Kamil Osmanov Rayon Təhsil Şöbəsində Bayram Əsədov, Yusif Əhmədov, İsrayıl Həsənov, Valeh Salehov, Fərman Bəşirov, Baba Bayramov kimi müdirlərlə işləyib.
Dövlət qulluğu veteranı, Rayon Təhsil Şöbəsinin sabiq müdiri Valeh Salehovun dedikləri:
– Kamil Osmanov haqqında danışmaq, onun haqqında söz demək mənim üçün nə qədər xoşdursa, o qədər də ağırdır. O, adı kimi də kamil insan idi. Yaxşı yoldaş, dost idi. İşini dərindən bilirdi. Riyakarları, ikiüzlü, xain və xəyanətkarları sevməzdi. Sadə və səmimi, ürəyiyumşaq, ən başlıcası işinin bilicisi idi. Ona görə də tanınmış, təcrübəli müfəttişlər belə işində səhv tapa bilmirdilər. Səmimi yumoru, şirin zarafatları var idi. Mən bir insan kimi, bir müdir kimi ondan heç vaxt inciməmişəm. Allah rəhmət eləsin! Г‡ox sağ olun ki, Kamil Osmanovu xatırladınız.
Rəsul Baxışov –“ rayon Maliyyə İdarəsinin baş mühasibi:
– Kamil Osmanov – mühasib etalonu, əsl mühasib idi. İşində son dərəcə məsuliyyətli idi. Gözəl insan, yaxşı yoldaş idi. Ondan öyrəndiklərimi hələ də işlədirəm. Ruhu şad olsun.
Kamil dayının şıltaq, ərköyün, dəcəl hərəkətləri, zarafatları hərdən mənə “Ögey ana” filmindəki İsmayılı xatırladırdı. O da İsmayıl kimi təmiz və saf idi, qayğılı idi, nigaran idi, həsrətli idi. Rayonun “Pirəsadıq” adlanan qəbiristanlığında yanaşı dörd qəbir var – Şamil, Adil, Kamil və Osman qardaşlarının yanaşı qəbirləri.
Bax, beləcə…
Kamil dayı haqqında danışa bildimmi? Bilmirəm. Amma nağıllar bitəndə göydən üç alma düşərdi. İndi isə göydən alma yox, üç töhmət düşdü. Biri unudanların, biri laqeydlərin, biri də biganələrin.
Nə isə … Gəlin unutqanlığın daşını ataq. Unutmayaq ki, başımıza gələn bəlaların çoxu unutqanlıq, laqeydlik və biganəliyimizin ucbatındandır.
Allah Kamil dayıya rəhmət eləsin. Ruhu şad olsun.
Bir Kamil dayı vardı ...Xalıq Xalıqov

Şərh Yaz