Elin gözü tərəzidir

Elin gözü tərəzidirİnsan qəlbi və düşüncəsinin tutumu, bizi əhatə edən aləmin orada özünə necə sığınacaq tapması barədə fikirləşəndə heyrətlənməyə bilmirsən. İnsan qəribə məxluqdur. Bu dünyaya sığmayanları da var, varlığı heç bilinməyənlər də. Təbii olaraq yaxşıları –“ xeyirxah əməl sahiblərini, mərhəmətliləri, elinə, obasına, xalqına, Vətəninə can yandıranları sevir, yalnız özü üçün yaşayanlardan, bu sevgiyə layiq olmayanlardan uzaq durmağa çalışırıq.
Ataların gözəl bir deyimi var: O ev varlı deyil ki, orada çoxlu varidat, daş-qaş var, o ev varlıdır, zəngindir ki, orada halal çörək, saflıq, məhəbbət və mərhəmət var. Bu keyfiyyətləri daşıyan böyük ürəyə sahib olmaq elə varlı olmaq deməkdir.
Haqqında hamıdan kifayət qədər xoş sözlər eşitdiyimiz Ata müəllimi ötən əsrin yetmişinci illərindən tanıyırıq. Ötən müddətdə dəyişən qara saçlarının bir qədər ağarması, alnına, sifətinə düşən xırda qırışlardır. Maşallah olsun, yerişi, duruşu, səmimiyyəti, işgüzarlığı elə 40-50 il əvvəl olduğu kimidir.
Etiraf edək ki, hamının tanıdığı adam haqqında yazı yazmaq o qədər də asan deyil. Nəyisə artıq-əskik yazıb özünü, qələmini hörmətsiz edə bilərsən. Bu yazını işləməyə başlayanda isə bu hissləri yaşamadıq. Г‡ünki o, sadəliyi, səmimiliyi, işgüzarlığı və xeyirxahlığı ilə tanıyanlar üçün bir nümunə məktəbidir.
Əsl ziyalı olan Rəsulov Ata Əmirulla oğlunun 70 illik yubileyi ərəfəsində çay süfrəsində görüşdük. Adını tutub gəlməyimizin səbəbini açıqladıq.
Özünə, ləhcəsinə aid şirinliklə : “Bu yaxınlarda “Əsrin ziyalıları” adlı qəzet haqqımda yazmışdı. Amma milli mətbuatımızın növbəti ildönümü ərəfəsində “İsmayıllı xəbərləri” qəzetinə müsahibə verməyimə can-başla razıyam” –“ dedi.
– Maraqlıdır. Anadan yenicə doğulmuş körpənin adının “Ata” qoyulması barədə valideynlərinizdən nəsə soruşdunuzmu, yoxsa, zaman keçdikcə bunun səbəbi sizə bəlli oldu?
– (Gülür) Bu sualı mənə hələ verən olmamışdı. Amma cavabı olan sualdır. Atam Əmirulla kişi Sumağallı kəndində kolxoz quruculuğuna ilkin qoşulanlardan olub. Var-dovlətini kollektivləşməyə verib. Kolxozun yaranması, inkişafı üçün lazım olanı edib. Ailə qurduqdan sonra dünyaya gələn bir neçə uşaqdan yalnız bacım sağ qalıb. Qalanları dünyalarını elə uşaqkən dəyişiblər. Mən anadan olanda qalım, yaşayım, ata olum deyə adımı Ata qoyublar. Valideynlərimin niyyəti, Yaradanın mərhəməti məni yaşatdı. Ata da oldum, baba da. Məndən sonra bir qardaşım da doğulub. Adını Arif qoyublar.
– Təbii haldır ki, hər kəs bir müddət əvvəl baş verənləri unuda bilsə belə, uşaqlıq illərinin xatirələrini tez-tez yada salır və heç zaman unutmur. Bugününüzdən ən azı 60 il arxada qalmış uşaqlıq, məktəb illəriniz barədə danışmağınız çətinlik törətməz ki?
Elin gözü tərəzidir– Danışmağın nə çətinliyi olacaq ki? 1947-ci ilin avqust ayının 1-də anadan olmuşam. O illərin özü çətin illər idi. Kifayət qədər çörək, istənilən şərait, paltar, ayaqqabı, texnika yox idi. İbtidai təhsilimi elə Sumağallıda almışam. İndi yaxın görünən, onda çox uzaq olan Qalacıq kəndində internat məktəb vardı. Kəndin digər uşaqları ilə bərabər təhsilimi orda davam etdirməli oldum. Yaz, payız aylarında o qədər çətinliyimiz olmazdı. Hər həftənin sonunda evə gələr, hövbəti həftə üçün ərzaq ehtiyatı götürüb geri qayıdardıq. Qalın qar yağan qış aylarında isə vəziyyət mürəkkəbləşərdi. Gecədən yağan qarı səhər tezdən növbə ilə yara-yara cığır açıb məktəbə gedərdik. Oxumağa marağımız, həvəsimiz yüksək idi. Yaxşı və əla qiymətlərlə oxuyurdum. Orta məktəbi 1966-cı ildə bitirdim. Ali məktəbə girmək üçün qəbul imtahanları verdim. Müsabiqədən keçə bilmədiyimi dedilər. İmtahanlara daha ciddi hazırlaşıb mütləq ail təhsil alacağımı qərarlaşdırdım. Elə həmin il ordu sıralarına çağırıldım. Xidmətim dövründə 3 illik xidməti də iki ilə endirdilər. Əsgər yoldaşlarım evdən ərzaq, digər ləvazimat bağlamaları alanda mən də ali məktəbə hazırlıq üçün kitablar aldım. Asudə vaxtlarımı yalnız mütaliəyə sərf edirdim. Sumağallı-Qalacıq arasındakı məktəb yolunun ağrı-acısı hələ də canımda idi.
Ordudan tərxis olunan kimi, 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin axşam şöbəsinə qəbul olundum. Oxumaqla bərabər Bakı şəhər 1 nömrəli Evtikmə Kombinatında fəhlə işlədim. Kombinatın ictimai həyatında fəallıq göstərdim. Qısa vaxtda ustalaşdım. Hətta, tikilən evlərə üzlük daş qoyanlardan biri oldum.
– Məlum məsələdir ki, gənclik enerjisi bitməz, tükənməz olur. Təhsil ala-ala, ağır işdə işləyə-işləyə şəxsi marağınızı təmin edən başqa, hansı məşğuliyyətiniz vardı?
– İdmanla məşğul olurdum. Yüngül atletikaya böyük marağım vardı. Tikinti təşkilatının, universitetin voleybol komandasında aparıcı oyunçulardan olmuşam. Qaçışda mənə çatan olmazdı. Yadımdadır. Hələ orta nəktəbdə oxuyanda rayon mərkəzində 100 metr məsafəyə qaçışda birinci oldum. Ayağımda isə ağır çəkmələrin olmasını indi də xatırlayıram.
– Müəllim kimi ilk əmək fəaliyyətiniz barədə nə deyərdiniz?
– Universiteti bitirib kəndimizdəki məktəbə tarix müəllimi təyin olundum. Onda kənddəki məktəb artıq səkkizillik idi.
– Müəllimlik sizin üçün nədir? Neçə il müəllim işlədiniz?
– Hərdən fikirləşirsən ki, yollar eynidir, hər birinin başlanğıcı və sonu var. Amma eyni yolu gedənlərin belə taleləri müxtəlifdir. Həyatda ona Tanrının bəxş etdiyi ömrü şərəf və ləyaqətlə yaşayanlar bəxtəvərdirlər.
Nədənsə, müəllimləri bu bəxtəvərlərin sırasında, önündə görürəm. Müəllim müqəddəs peşə sahibidir. O, ömrünü, bildiklərini zərrə-zərrə gələcək nəslə, uşaqlara paylayır. Ömrünü şam kimi əridir ki, arxadan gələnlərin yoluna işıq düşsün.
XXI əsr informasiya əsridir. Bu əsrin müəllimləri də həddindən artıq yenilikçi olmalıdırlar. Bugünün müəllimi qanı, canı ilə vətənpərvər olmalı və bu hissləri məktəblilərə aşılamalıdır. Bu gün gənclərə verdiyimiz bilik və tərbiyədən sabahımız asılıdır.
Müəllim təhsilimizin inkişafı üçün də əzmlə, fədakarlıqla çalışmalı, dövlətin bu sahəyə göstərdiyi qayğıya əməli işi ilə cavab verməlidir. 1982-ci ilədək müəllim işləmişəm. Sumağallı və Qalacıq kəndlərində müxtəlif illərdə dərs hissə müdiri, məktəb direktoru vəzifələrində çalışmışam. Kitabxanalarla daimi əlaqəm olub. Bu gün də mütaliəyə vaxt ayırıram.
– Müəllim dərs dediyi şagirdlərin tanınan, üzdə olan mütəxəssislər – elm, sənət adamı kimi görəndə qürur, daxili rahatlıq hissi duyur. Bu baxımdan şagirdlərinizdən kimlərin adlarını çəkmək istərdiniz?
– Təhsilə həvəs göstərən şagirdi müəllim övladı kimi sevir. Sevimli şagirdlərim çox olub. Yetirmələrimin sırasında bu gün respublikamızın, rayonumuzun inkişafında, istimai-siyasi həyatında yaxından iştirak edənləri çoxdur. Ad çəkdikdə kimlərisə unuda bilərəm, amma, 10 saylı Ərazi Vergilər İdarəsinin aparıcı əməkdaşı Mürvət Callatovun, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Mirsahib Mirzəyevin adlarını qeyd etməyə bilmərəm. 10-dan çox şagirdim elmlər, fəlsəfə doktoru adını qazanıb. Ali təhsil alıb yüksək vəzifə sahibi olanları kifayət qədərdir. Sadə sənət, peşə sahibi olanları da çörəyini halal zəhmətlə qazanır. Öyrətdiyimiz, tövsiyə etdiyimiz kimi.
Elin gözü tərəzidir
– Ata müəllim, bəlkə bir qədər gənclik illərinə qayıdıb bir oğul, beş qız anası, 14 nəvənin nənəsi Firuzə xanımla tanışlığınızın, ailə qurmağınızın, ailənizin tarixçəsindən danışasınız?
– (Gülür) Ailəmiz barədə xeyli məlumatlısınız. Universitetin dördüncü kursunda oxuyurdum.Tətildə məzuniyyət götürüb kəndə gəlmişdim. Firuzə orta məktəbin sonuncu sinfində oxuyurdu. Kəndin küçəsində gördüm. Bəyəndim. Fikrimi bildirəndə biganə olmadığını duydum. Atalarımız da dost idilər. Elçilər razı qayıtdılar. Az sonra el adəti ilə nişan aparıb, toy elədik. O gündən bu günə kimi bir-birinə can deyib, can eşitmişik. Əlbəttə, bu cür yaşamaq daha xoş və daha rahatdır.
Firuzə xanım toxucu kimi gözəl xalça ustasıdır. Bu ustalıqla o, İsmayıllı rayonundakı 138 saylı Texniki Peşə Məktəbində yüzlərlə qızımıza xalçaçılığın incə sirlərini öyrədib.
Oğlumuz Elçin ali təhsilli memardır. O da, qızlarımız da xoşbəxt, ev-eşik, ailə sahibidirlər. Tez-tez görüşürük. İnsan yaşa dolduqca balalarına ayıra bilmədiyi diqqəti, göstərə bilmədiyi qayğını nəvələrinə verməyə çalışır. Kaş hər bir valideynə nəvə görmək qismət olsun. Nəvələrimizin ikisi ali təhsillidir. Qalanı məktəbli və azyaşlıdır. Fidan nəvəmiz bu il yüksək balla ADU-ya daxil olub.
– Partiya işinə, təsərrüfat rəhbərliyinə getməyiniz nədən irəli gəldi?
– Rəhmətlik Qəşəm Aslanovun Rayon Partiya Komitəsinin katibi işlədiyi vaxt idi. Sumağallı kənd məktəbində çalışırdım. Birdən qapı döyüldü. Buyurun, gəlin! –“ dedim. Q.Aslanovu görəndə təbii olaraq həyəcanlandım. Bunu duyan katib: “Narahat olmayın. Dərsinizə davam edin. İcazənizlə 5 dəqiqə oturub gedəcəyəm” –“ dedi. Bir gün sonra rayon mərkəzinə çağırıldım. Engels adına kolxoza partiya təşkilat katibi vəzifəsinə irəli çəkildim. 3 ildən sonra mənə “28 May” kolxozunun sədri vəzifəsini etibar etdilər. Rəhbərlik etdiyim təsərrüfatlar həmin illərdə qaliblər sırasına çıxmasa da, geridə qalanlardan da olmadı.
Sən demə, dərs dediyim sinifdə 5 dəqiqə oturmaq, raykom katibinə daxili potensialımı öyrənmək üçün kifayət imiş.
– Tarix müəllimi üçün təsərrüfat rəhbəri, ideoloji işin aparıcısı olmaq çətin olmadı ki?
– Təvazökarlıqdan kənar olsa da tələbkarlığı, məsuliyyət hissi, el arasında hörməti olan səmimi adamların heç bir işdə çətinliyi olmur. İdarəçilikdə hamıya eyni gözlə baxmaq, hamının qayğısını təmənnasız çəkmək yaxşı və rahat işləmək üçün başlıca şərtdir. Bir də ki, vəzifə sahibləri müəyyən mənada həm pedaqoq, həm də psixoloq olmalıdırlar.
– Ata müəllim, siz 1999-cu ildən bugünə kimi bələdiyyədə çalışır, Sumağallı bələdiyyəsinə sədrlik edirsiniz. Dörd seçkidə seçicilər sizi seçməyə üstünlük verib. Bu uğurunuzun sirri nədədir?
– Bu işdə elə də böyük bir sirr yoxdur. Elin gözü tərəzidir. Kəndin qocasından öyrənib, cavanını öyrətmişəm. Ərazinin problemlərinə, kənd sakinlərinin tələb və ehtiyaclarına bələdəm. Qeyd edim ki, bələdiyyə qurumu olmayanda, ondan əvvəlki illərdə də kənddə bir sıra vacib məsələlərin həllinə əmək sərf etmişəm. Seçicilərimə bunu görüb dəyərləndirdiklərinə görə minnətdaram. Bələdiyyə üzvü olmaq arzusu əslində yaşadığın ərazinin mövcud problemlərinin həllinə könüldən razı olmaq deməkdir. Bələdiyyə sədri olduğum ilk illərdə əsas məqsəd bələdiyyə strukturunu formalaşdırmağa, onun işlək bir qurum olduğunu təsdiq etməyə yönəldildi. Kənd sakinləri yerli problemləri həll edə biləcək bir təşkilatları olduğunu hiss etdilər. Uğurlarımız da elə buradan qaynaqlandı. Yığılan vergilər və kənd sakinlərinin imkanı hesabına 4 kilometr məsafədən kəndə içməli su xətti çəkildi. Boru arxını qazmaq üçün hər evə 23 metr məsafə ayrıldı. 150 tonluq su anbarı tikildi. Hər evə su çəkildi. Qəbiristanlığın ərazisi dəmir torla hasara alındı. Kənd sakinlərinin içməli suya olan tələbatını tam ödəmək üçün 2012-ci ildə 2 kilometr məsafədən çay suyunu drenaj qurmaqla anbara qoşduq. Yaradılmış kənd icması görülən işlərin şəffaflığına nəzarət etdi.
– Abad kənddə yaşamaq təbii arzudur. Bu sahədə daha hansı uğurlarınızdan söz aça bilərsiniz?
– İcra Hakimiyyəti başçısı kimi fəaliyyətə başladığı gündən bölgənin hərtərəfli inkişafına, o cümlədən abadlığına böyük diqqət göstərən hörmətli başçımız Mirdaməd Sadıqovun fəaliyyət proqramı bizim üçün də nümunə oldu. Son 5 ildə turizm perspektivləri gündən-günə artan kəndimizin yeniliklərini saymağın özündən bir rahatlıq duyuruq. Kəndə qaz çəkilib. 300 ev fasiləsiz içməli sudan istifadə edir. Elektrik xətləri tam dəyişdirilərək fərdi evlərə SMART tipli sayğaclar qoyulub. Uşaq bağçası tikilib. Kənddaxili yollar təmir olunub. Kəndin içindən keçən baş yolun kənarları boyu ağaclar əkilib. Kənd məktəbində hər il təmir işləri aparılır. Məzunlara, işdə fərqlənən, kənd məktəbinə təzə gələn gənc müəllimlərə mükafatlar, hədiyyələr verilir. Məktəbə bağlılığım hələ də özünü büruzə verir. Bildirməliyəm ki, kəndin sosial infrastrukturu mübaliğəsiz, ən böyük şəhərlərdə olduğu kimidir. Kəndin abadlığına və təmizliyinə gündəlik nəzarət var.
– Ata müəllim, 70 yaşınızın sevinci çox olub. Acı daddığınız məqamlar necə?
– Ağlım kəsəndən vaxtımı, gücümü xeyirxahlığa sərf etmişəm. Bir həqiqət də var ki, eyni vaxtda hamı üçün yaxşı olmaq olmur. İnciyənlər, küsənlər gec də olsa səhvlərini anlayırlar.
– Ömür yolunuzu nümunə kimi qəbul edənlər az olmayıb. İşdə, vəzifədə, hörmətli olduğunuza paxıllıq edənlərlə üzləşdinizmi?
– Yaxşılıq da, yamanlıq da insan xislətidir. Əqrəbin sancmasını onun ədavəti deyil, adəti olduğunu biləndə insan pislərə baş qoşmamaq, onların səviyyəsinə enməmək qərarına gəlir. Ulularımız səbirli olmağa böyük dəyər veriblər. Г‡ox işdə bir sıra məsələləri səbir və zaman həll edir. Şükürlər olsun ki, səbir etməkdə kasadlığım yoxdur.
– Ata müəllim, müsahibəmiz xeyli maraqlı oldu. Bunun üçün sizə minnətdarlıq edirik.
– Mən də “İsmayıllı xəbərləri”nin redaksiya heyətinə, oxucularına günəş, səadət, ruzi-bərəkət dolu xoş günlər arzulayıram.
– 70 yaşınız mübarək olsun, Ata müəllim!
Şahməmməd Dağlaroğlu,
Hacıməmməd Məmmədov

Şərh Yaz