Tütək

(Olmuş əhvalat)
TütəkNəvəmin 3 yaşı tamam olurdu. Bu münasibətlə gənc dostlarımdan biri ailəliklə bizə qonaq gəldi. Yeyib-içib, deyib-güləndən sonra çıxıb getdilər. Qonaqlar gedəndən sonra həyat yoldaşım gətirdikləri hədiyyələr arasında balaca bir tütəyin də olduğunu dedi. Yəqin dostum musiqi adamı olduğuma görə tütək də gətirməyi məsləhət bilmişdi. Bilmirəm, bunu zarafatla, ya ciddi etmişdi, amma bu tütək başımıza bir bəla oldu.
Səhər işdən gələndə tütəyi nəvəmin əlində gördüm. Başlandı, nə başlandı. Tütəyin səsindən nə televizora baxa, nə kitab oxuya bildim. Hələ bunlar bir yana dursun, gecələr uşaq yuxudan durub ağlayırdı ki, babam tütəyi çalsın, mən oynayım. Bunu etməsəydim ağlayıb qonşuları da yatmağa qoymurdu.
Bir gün, uşaq yuxuda ikən tütəyi xəlvətcə götürüb həyat yoldaşıma verdim, tapşırdım ki, gizlətsin. Uşağa da başa saldıq ki, tütəyi xoxan aparıb. Beləliklə tütək yaddan çıxdı.
Aradan aylar keçdi. Bir gün yoldaşım söz saldı ki, bizə tütək gətirən dostumun oğlunun 4 yaşı tamam olur. Hədiyyə seçimi məsləhət olunanda yadıma onların gətirdiyi tütək düşdü. Yoldaşıma aldığımız hədiyyələrin üstünə tütəyi də qoymağı tapşırdım.
Bir neçə gün keçəndən sonra, gecənin bir aləmində telefon zəng çaldı. Açılış düyməsini basdım. Xəttə dostumun səsi eşidildi:
– Ayə, bu nədi alıb gətirmisiniz bu uşağa? Baş-beynimiz getdi daha. Gecə-gündüz rahatlığımız yoxdu eeee, qardaş!
– İki il əvvəl bizə alıb gətirdiyiniz tütəkdir dəəə, – deyib güldüm. Məsələni başa düşən dostum da mənə qoşuldu. Hər ikimiz ürəkdən, xeyli güldük. Gülərkən, arada qulağıma dostumun oğlunun çaldığı tütəyin səsi gəlirdi.
Aşıq Elman Mehdiyev

Şərh Yaz