Dindarlarla görüş keçirilib

Dindarlarla görüş keçirilibMay ayının 26-da müqəddəs Ramazan ayının başlanması münasibətilə İsmayıllı dindarları ilə görüş keçirilib.
İsmayıllı şəhər “Cümə” məscidində reallaşan tədbirdə RİH-nin başçısı Mirdaməd Sadıqov, DQİDK-nin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, şəhər İƏD üzrə nümayəndə Məhərrəm Əhmədov, bələdiyyə sədri Pərviz Ağayev, dövlət qulluğu veteranı Valeh Salehov, RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov, axund və imamlar, dini ayinlərin icraçıları və dini icma sədrləri, rayon ağsaqqalları, ziyalılar iştirak edib.
Tədbiri giriş sözü ilə “Cümə” məscidinin imamı, QMİ-nin səlahiyyətli nümayəndəsi Şahzadə Bilalov açıb.
Dindarlar qarşısında çıxış edən RİH-nin başçısı Mirdaməd Sadıqov tədbirə toplaşanları, İsmayıllı sakinlərini, bütün Azərbaycan xalqını, dünya müsəlmanlarını on bir ayın sultanı olan Ramazan ayının başlaması münasibəti ilə təbrik edib, ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini diqqətə çatdırıb.
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən tolerantlıq, multikultural dəyərlər, İslam həmrəyliyi barədə görüş iştirakçılarına geniş məlumat verib. Rayon sakinlərini, xüsusilə din xadimlərini həmrəy olmağa, dövlət və dövlətçilik prinsiplərini qorumağa dəvət edib. Başçı həmçinin diqqətə çatdırıb ki, müstəqillik illərində mütərəqqi islami dəyərlərə qayıdış cəmiyyətimizin əxlaqi-mənəvi yüksəlişinə, xalqımızın bütövlüyü və birliyinə xidmət göstərib.
Dindarlarla görüş keçirilib
DQİDK-nin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli Komitə və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən verilən tapşırıqları dindarlara çatdırıb.
Görüş iştirakçılarına Ramazan təqvimləri və icma sədrlərinə təlimati göstərişlər paylanılıb. İşgüzar şəraitdə davam edən tədbirdə bir qrup din xadiminin çıxışları dinlənilib, verilən suallar cavablandırılıb. Mübarək Ramazan günlərinin böyük məmnunluq və fərəh hissi ilə başa çatdırılacağı qeyd olunub.
Elnur Mehdiyev

Şərh Yaz