Onbirincilərin son, müstəqil həyatın ilk zəngi

Onbirincilərin son, müstəqil həyatın ilk zəngiİsmayıllı rayonunda 46 tam orta məktəb fəaliyyət göstərir. Tarixi ənənələrinə novatorluqla yanaşan təhsil təşkilatçıları və müəllimlər şagirdlərin müstəqil həyata hazırlanması üçün əsil mənada elmi və zehni əmək sərf edir, mükəmməl öyrənir və müasir təlim üsulları əsasında öyrədirlər. 14 iyun 2017-ci il tarixdə keçirilən son zəng tədbirlərində qazanılan yüksək nəticələrdən ətraflı bəhs edilib. Qeyd olunub ki, dövlətin yaratdığı nümunəvi təhsil şəraitində İsmayıllı şagirdləri nailiyyətləri ilbəil artırırlar. Hər il ali məktəbə sənəd verən tam orta məktəb məzunlarından 24-25 nəfəri 600-dən yuxarı bal toplayır. 2016-cı ildə şəhər 5 saylı tam orta məktəbin məzunu Ağalətif Lətifov, bu il isə Lahıc qəsəbə tam orta məktəbinin məzunu Vahab Cəbrayılov qəbul imtahanlarında 700 bal toplayıb.
Onbirincilərin son, müstəqil həyatın ilk zəngiTam orta məktəblərin 970 nəfər məzunundan 480 nəfəri universitetlərə qəbul üçün sənəd verib. 19 abituriyent yüksək bal toplayıb. Test imtahanlarının ilkin mərhələsini İsmayıllı təhsil sistemi üçün uğurlu hesab etmək olar.
Rayonun məsul işçiləri, rayon təhsil şöbəsinin əməkdaşları son zəng tədbirlərində iştirak edib, qazanılan uğurlardan, Qurtuluş gününün mahiyyətindən, təhsilin inkişafı üçün bölgədə həyata keçirilən tədbirlərdən, şagirdlərin intellektual, bilik və idman yarışlarında, olimpiadalarda qazanılan nailiyyətlərindən danışıblar. Ölkənin və rayonun inkişafında qazanılan nailiyyətlər çıxışların əsas məzmunu olub.
Basqal qəsəbə tam orta məktəbi bəlkə də 2016-2017-ci tədris ilinin son zəngində olduğu qədər izdihamlı olmayıb. Bu əlamətdar gündə qəsəbədə böyükdən-kiçiyə, hər kəsin üzündən sevinc oxunurdu. Bir qədər kədərli görünən yalnız məktəbin onbirinciləri idi.
“Son zəng” tədbiri ilə əlaqədar İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Əməkdar elm xadimi Mirdaməd Sadıqov gündəlik yeniliklərlə daha da zənginləşən qədim Basqal qəsəbəsinin tam orta məktəbində olub. O, məzunları təbrik edib, onlara müstəqil həyatda öz layiqli yerlərini tutmağı, əsil vətəndaş, kamil mütəxəssis olmağı, qəsəbənin, rayonun ehtiyac duyduğu ixtisaslara yiyələnməyi tövsiyə edib. Bildirib ki, hər bir şagird və gənc, hər bir Azərbaycan vətəndaşı dövlətin, Prezidentin qayğısı ilə əhatə olunub. Təhsil ocaqlarında yaradılan nümunəvi şərait və belə qayğı şagirdləri daha yaxşı oxumağa, ölkəni daha yaxşı tanımağa, milli-mənəvi dəyərləri qorumaq və zənginləşdirməyə, Azərbaycan dilini və tarixini dərindən öyrənməyə məsul edir.
Onbirincilərin son, müstəqil həyatın ilk zəngiRİH-nin başçısı M.Sadıqov məktəbin pedaqoji işçilərinə təşəkkür edib, ən yüksək bal toplayan məzunu mükafatlandırıb. Məktəbin akt zalının təmirinə köməklik göstərəcəyini söyləyib.
Məktəbin direktoru Ağasəfər Qafarov çıxışında qeyd edib ki, biz bütün işlərdə, hər bir problemin aradan qaldırılmasında rayon İcra Hakimiyyəti rəhbərliyinin ardıcıl köməyini görürük. Bunun nəticəsidir ki, məktəbimizdə təlim keyfiyyəti yaxşılaşır, şagirdlərin bilik və idman yarışlarında uğurları artır.
Direktor bildirib ki, bu il məktəbi 12 məzun bitirir. Onlardan 7 nəfəri birinci turda ali məktəblərə qəbul üçün imtahan verib. 4 nəfər yüksək nəticələr əldə edib. Daha 2 nəfər imtahanlara qatılacaq.
Son zəng tədbirində onbirincilərin ibtidai sinif müəllimi Şövkət Qeybalıyeva, sinif rəhbəri Yeganə Ağayeva xoş arzularla yetirmələrini təbrik ediblər.
RİH başçısının Basqal İƏD-i üzrə nümayəndəsi Novruz Əsədov əlaçı şagirdləri mükafatlandırıb.
Onbirincilər öz arzu və istəklərindən danışıblar. Onların 11 il əvvəl məktəbə gəlişlərinin ilk dəqiqələrini əks etdirən videolent maraqla izlənilib. Məktəblilər son zəngə həsr olunmuş şeirlər söyləyiblər.
Son zəngi çalmayın, dayanın bir az,
Bir yerdə, bir səslə bir şeir deyək.
Bu yol ayrıcında, bu kövrək anda
Biri-birimizə uğur diləyək …
Son zəng çalınıb. Məktəbin rəmzi açarı birincilərə təqdim edilib.
Yekunda M.Sadıqov hər bir valideyinlə, qəsəbə ictimaiyyəti ilə görüşüb, tək təhsilin davamı ilə deyil, Basqalın həyat şəraitinin daha da yaxşılaşması və xalq sənət növlərinin bərpası ilə əlaqədar onların arzu və təkliflərini öyrənib.
”Son zəng” günü şəhər 3 nömrəli məktəb-liseydə, Lahıc qəsəbə, şəhər 1, 2, 5, 6 nömrəli, Talıstan, İvanovka, Mollaisaqlı kənd tam orta məktəblərində, bir sözlə, rayonun hər bir təhsil müəssisəsində yüksək əhval-ruhiyədə, əsil bayram səviyyəsində qeyd olunub.
Ş.Dağlaroğlu

Şərh Yaz