Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçiləri peşə bayramlarını qeyd edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçiləri peşə bayramlarını qeyd edib
Respublikada həyata keçirilən struktur islahatları çərçivəsində ümummilli lider Heydər Əliyevin 23 may 2001-ci il tarixli fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb.
Az sonra, ölkə prezidentinin 18 sentyabr 2001-ci il tarixli fərmanı ilə Nazirliyin əsasnaməsi təsdiq edilib.
2007-ci il mayın 16-da isə Prezident İlham Əliyev hər il may ayının 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramının təsis edilməsi haqqında sərəncam imzalayıb.
Həmin tarixdən başlayaraq nazirliyin işçiləri hər il mayın 23-nü peşə bayramları kimi qeyd edirlər.
Peşə bayramları günündə 11 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsi, Şahdağ Milli Parkının İsmayıllı rayon şöbəsi, İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin kollektivi ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib və abidənin önünə tər çiçək dəstələri düzüblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan ərazisində, o cümlədən İsmayıllı rayonunda ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması istiqamətində dövlət siyasətini həyata keçirir. İndiki və gələcək nəsillərin sağlamlığının təmin edilməsi, iqtisadi potensialın qorunması, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi bu sahədə çalışanların qarşısında duran başlıca vəzifələrdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, respublikamızda ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində də mühüm işlər görülür. Bölgəmizin ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafı, meşələrin bərpa edilməsi və artırılması, əhalinin keyfiyyətli içməli su ilə təminatı, eləcə də digər sahələrlə bağlı milli proqramlar uğurla yerinə yetirilir.
Beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların təşkili və ekoloji şəbəkənin yaradılması istiqamətində görülən işlər də bu qəbildəndir. Dövlət başçısının 2010-cu ili “Ekologiya İli” elan etməsi isə ölkəmizdə ətraf mühitin qorunmasına göstərilən diqqətin ən bariz nümunəsi sayıla bilər.
Keçirilən peşə bayramında İsmayıllı RİH-nin əməkdaşı Şahin Hüseynov iştirak edib. O, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rayonumuzda çalışan işçilərini RİH başçısı Mirdaməd Sadıqovun adından təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Ş.Soltanov

Şərh Yaz