Hüquq və vəzifələrimizi bilək

Hüquq və vəzifələrimizi bilək     Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında ölkədə reallaşdırılan “İnsan hüquqları aylığı” çərçivəsində İsmayıllı Rayon İcra Hakimiyyətinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi, Rayon Polis Şöbəsi ilə birlikdə keçirdiyi silsilə tədbirlər davam edib.
Mayın 30-da aylıq çərçivəsində növbəti maarifləndirmə tədbiri Qubaxəlilli kənd tam orta məktəbində keçirilib. Tədbiri giriş sözü ilə məktəbin direktoru Ramiz Mustafayev açıb. Məktəbin müəllimi Famil Səfərov, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, İsmayıllı Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Pakizə Ağayeva, baş məsləhətçi Gülnarə Mirzəliyeva, Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə baş inspektoru, polis baş leytenantı Rahim Orucov çıxış edərək insan və uşaq hüquqları, eyni zamanda hüquqlarla bərabər tutulan vəzifələr barədə geniş məlumat veriblər.
Yuxarı sinif şagirdlərinin iştirak etdiyi tədbiri maraqlı edən onun diskussiya şəklində keçirilməsi olub. Müzakirələr onu göstərib ki, Qubaxəlilli məktəbliləri hüquq və vəzifələrini öyrənməyə və onları həyatlarında tətbiq etməyə hazırdırlar. Bunu onların çoxsaylı sualları və suallara verdikləri maraqlı cavablar aydın göstərib.
Lalə Kəbirova,
İsmayıllı UADM-nin əməkdaşı

Şərh Yaz