Hippokrat andını qəlbinə yazan insan

17 iyun tibb işçilərinin peşə bayramıdır

Hippokrat andını qəlbinə yazan insan    Mənə elə gəlir ki, cəmiyyətdə fəal mövqe tutmuş, əməlləri ilə ehtiram qazanmış insanlar barəsində söz demək o qədər də asan deyil. Gərək barəsində söz açacağın insanın həyat yoluna, uğurlarına, problemlərinə yaxından bələd olasan.
Bu bələdçiliyi isə kiminsə söhbəti, kiminsə yazısı, hətta barəsində danışacağın insanın tərcümeyi-halı belə verə bilməz. Bunun üçün gərək o insanın ömür yolunun şahidi olasan. Bu səbəbdən mənim üçün Elçin Abbasov haqqında yazı yazmaq, ömür yoluna nəzər salmaq çətin deyil. Г‡ünki mən onu və nəsil şəcərəsini lap kiçik yaşlarından tanıyıram. Bu nəsildən neçə müəllim, hüquqşünas, neçə həkim çalışır. Hamısı da ata-babadan qalma zəhmətkeşliyi, halallığı, ləyaqəti özlərinə amal seçmişdir. Təbiblik sənətini əzəməti, əhəmiyyəti tarix boyu olmuş və zaman keçdikcə belə azalmamışdır. Bəlkə də yeganə sənətdir ki, sərhəd tanımır. Əsil həkimlər isə həmişə seçilirlər. Onlardan qalan irs, xeyirxah əməllər zaman-zaman davam etdirilir və həm də onlardan sonra inkişaf etdirilir.
Dəyərli səhiyyə işçisi, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsinin müdiri vəzifəsində xalqa xidməti ilə seçilən Elçin Abbasov Talıstan kəndində doğulub. Hamı kimi o da boya-başa çataraq orta məktəbə gedib. Amma çoxundan fərqli olaraq o, 1992-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə işi fakültəsinə yüksək balla daxil olub. 1998-ci ildən terapevt həkim kimi İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında fəaliyyətə başlayıb. Hazırda terapiya şöbəsinin baş həkimidir.
Həkimlik Elçin Abbasov üçün nədir? Peşə, yoxsa alın yazısı? Elçinin atası, Respublikanın Əməkdar müəllimi Şahsuvar Abbasov yüzdən çox həkimin kimya-biologiya müəllimi olub. Elçinin böyük qardaşı, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinik Xəstəxanasının həkimi, tibb elmlər namizədi Vüqar Abbasovun da Elçinin həkim kimi yetişməsində xüsusi rolu vardır.
Hamı Elçin Abbasovun insansevərliyinə və həkimlik qabiliyyətinə görə müraciət edir. Xalqın hörmətini qazanıb və bu da onun nəticəsidir ki, Elçin həkimin qəlbi insan sevgisi ilə, xeyirxahlıqla doludur. İnsanların psixologiyasını yaxşı bilir. Dəbdəbədən uzaq, olduqca təvazökardır və davranışlarında ədalətə, obyektivliyə söykənəndir.
Həkimlik hamının bacarmadığı bir peşədir. Onun üçün də E.Abbasov davamlı olaraq nəzəri biliklərini genişləndirir. Tibbə aid böyük kitabxanası var. Dəfələrlə Respublikamızda və xaricdə təşkil olunmuş tədbirlərdə, konfranslarda iştirak edib. Qazandığı yeni bilik və metodları təcrübədə tətbiq edərək yüzlərlə insanı sağlamlığına qovuşdurub. Şöbə müdiri kimi də işinin öhdəsindən uğurla gəlir, səriştəsi və çalışqanlığı sayəsində kollektivdə yüksək nüfuz qazanıb. Dövlətimizin səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğını hər zaman vurğulayır.
İsmayıllı Rayon Mərkəzi Xəstəxanası da son illər öz inkişaf dövrünü yaşayır. Belə ki, ən son, müasir tibbi texniki avadanlıqlarla təchiz edilmiş xəstəxananın açılışında ölkə Prezidenti İlham Əliyev iştirak edib. Xəstəxananın açılışı zamanı Prezidentimizi qarşılayanlar arasında Elçin həkim də vardı.
Dərman vasitələri günü-gündən yenilənir. Elçin həkim yeni preparatların istifadə qaydasını internet resurslarından yararlanaraq onların istifadə qaydasını və tərkibini təhlil etdikdən sonra tətbiq edir.
İşdə bəzən yorğunluq və gərginliklər də olur. Bir xəstənin yaratdığı neqativ hal, aqressiv yanaşmanın digər xəstəyə sirayət etməsinə yol verməz Elçin həkim. Həkim üçün ən böyük xoşbəxtlik xəstənin sağlamlığıdır – deyən Elçin həkim onu da əlavə edir ki, xəstə həkimlə söhbətindən sonra 50 faiz sağaldığını hiss etmirsə, günah həkimdədir. Həkim hər bir xəstəyə yaxşı məsləhət verməli, onda inam yaratmalı və müalicəyə başlamalıdır. O, xəstəni təkcə dava-dərmanla sağaltmır, ən müasir, dəqiq cihaz və tibbi alətlərlə xilas etmir. Həkim xəstəni şirin sözü, ümidli baxışı, xoş davranışı ilə müalicə edir.
Elçin Abbasovun işgüzarlığı müalicə etdiyi insanlar tərəfindən bəyənildiyi qədər də dövlətimiz, hökumətimiz tərəfindən də qiymətləndirilib. Nüfuzlu qurumların Fəxri fərmanları, diplomları bu fikri təsdiq edir.
Elçin Abbasov vəfalı, sədaqətli həyat yoldaşı, qayğıkeş ata kimi də ailəsində böyük nüfuz sahibidir. Üç övladı var. Talıstan kənd tam orta məktəbində yüksək qiymətlərlə oxuyurlar. Arzuları ataları Elçin, əmiləri Vüqar kimi, həkim olmaqdır.
Elçin həkim haqqında yazı yazdığımı bilən şəhər sakini Mərdan Hüseynovun dediklərindən:
– Elçin Abbasov məndən ötrü səmimi, etibarlı bir dost, cəmiyyət üçün savadlı bir həkimdir. Yaşda məndən kiçik olsa da, onun yüksək səviyyədə insanlığına, daxili dünyasına, nəcibliyinə qibtə edirəm. Peşəkarlığı onu kollektivdə sayılıb-seçilən bir simaya çevirib.
Beləcə, bir həkim, bir şöbə müdirinin həyatına qısaca nəzər saldıq.
Səni tanıyanlar adından sənə tutduğun yolda uğurlar, can sağlığı, ailə səadəti, arzulayıram. Sənin timsalında bütün həkimləri şərəfli peşə bayramınız münasibəti ilə təbrik edirəm.
Hacıməmməd Məmmədov,
müəllim

Şərh Yaz