İstedadlar axtarışı yekunlaşdı

İstedadlar axtarışı yekunlaşdıİyun ayının 9-da İsmayıllı Uşaq Yaradıcılıq Mərkəzinin akt zalında tədris ilinin sonunda “Xüsusi istedada malik uşaqların yaradıcılıq potensialının inkişafı üzrə dövlət proqramı”na uyğun olaraq “İstedad sorağında-2017” adı altında istedadların ümumrayon toplantısı keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov və RTŞ-nin işçiləri, müəllim və şagird kollektivləri, eləcə də ictimaiyyətin nümayəndələri iştirak edib.
Tədbir istedadlı uşaqların hazırladığı geniş konsert proqramı ilə başlayıb.
İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini S.Əhmədova şagirdlərimizin sorağının təkcə rayon və respublika miqyasından deyil, bir sıra ölkələrdən gəldiyini deyib. Qazanılan uğurların RTŞ-nin rəhbərliyi ilə pedaqoji kollektivlərin birgə işinin nəticəsi olduğunu vurğulayıb.
İstedadlar axtarışı yekunlaşdıTədbirdə çıxış edən Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov rayonun ümumtəhsil müəssisələrində təhsilin inkişafı, müasir tədris şəraitinin yaradılması, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, ötən il abituriyentlərdən 302 nəfəri respublikanın müxtəlif ali məktəblərinə qəbul olunaraq tələbə adını qazanıb. Onlardan 28 nəfəri 600-dən çox, 72 nəfəri isə 500-dən artıq bal toplayıb, bir nəfər – Ağalətif Lətifov 700 bal toplayaraq böyük uğura nail olmuşdur.
Bu gün İsmayıllı ümumtəhsil məktəblərini bitirənlərin səsi Amerikanın, Avropanın qabaqcıl universitetlərindən gəlir. Uğurların daha yüksək göstəricilərlə davam edəcəyinə və yüksək nailiyyətlərin qazanılmasında əməyi olan şagird və müəllimlərə minnətdarlığını bildirib.
Sonra müxtəlif nominasiyalar üzrə müsabiqələrdə fənn olimpiadalarında qalib gələn şagirdlərə mükafatlar təqdim olunub.
Gülnarə Mirzəliyeva

Şərh Yaz